Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:23

ATƏT-in toplantısında Azərbaycana tənqidlər


ATƏT-in bayrağı
ATƏT-in bayrağı

Polşanın paytaxtı Varşavada ATƏT-in sentyabrın 19-dan 30-na kimi keçirilən plenar iclasında üzv ölkələrin təşkilat qarşısındakı öhdəliklərinə baxılıb və qiymət verilib.

“Turan”-in xəbərinə görə, İclasın hər günü bir mövzuya həsr olunub və hər bir məsələ üzrə ABŞ nümayəndəsi Maykl Kozak bəyanat verib. Onların hər birində Azərbaycanın da adı çəkilib. Bu barədə M. Kozakın ATƏT-in mətbuat xidmətinin oktyabrın 3-də yayılmış bəyanatlarının mətnlərində deyilir.

Qeyri-ənənəvi qruplara basqılar

Fikir, vicdan və dini etiqad azadlığı mövzusunda Kozak qeyd edib ki, Azərbaycanda qeyri-ənənəvi dini qruplar, xüsusən Bakı hüdudlarından kənarda olanlar hüquqi qeydiyyatla bağlı maneələr yaşayır. Bu qrupların üzvləri azad şəkildə, polis reydlərindən, cərimələrdən, saxlanmaqdan, həbs və ya təqibdən qorxmadan öz dinlərinə etiqad edə bilmirlər. Bir çox dindarlar həbsə atılır.

Buna da bax:​ 'Prezidentin çıxışında heç bir emosiya yox idi'

“Bizim ölkələrimizin hər biri təkcə öz vətəndaşlarının deyil, qaçqın, mühacir və ya münaqişə qurbanı kimi gələnlərin də fundamental dini etiqad azadlığına hörmət olunmasının təmin edilməsi üzrə öhdəlik daşıyır”- deyə bəyanatda qeyd edilir.

Toplaşmaq azadlığı

Toplaşmaq azadlığı ilə bağlı iclasda Kozak deyib ki, bir çox iştirakçı dövlətlərdə bu hüquq ciddi şəkildə məhdudlaşdırılır.

“Azərbaycanda hökumət bu yaxınlarda Konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı mitinqlərə icazə verib. Amma mitinqlərdən əvvəl də, sonra da fəallara və jurnalistlərə qarşı qarayaxma, onların saxlanılması faktları olub. Venesiya Komissiyasının qeyd etdiyi kimi, konstitusiya islahatı parlamentin iştirakı olmadan və qısa müddətdə həyata keçirilir. Bu da lazımi ictimai müzakirələrin aparılmasına imkan vermir. Biz hökuməti dinc toplaşmaq azadlığını həyata keçirərkən və ya həyata keçirməyə cəhd edərkən saxlanılanları dərhal azad etməyə çağırırıq. Venesiya Komissiyasının Konstitusiyaya dəyişikliklər üzrə təkliflərin hakimiyyəti prezidentin əlində cəmləşdirdiyi və icra hakimiyyətinin hesabatlılığını daha da azaltdığı barədə rəyini narahatlıqla qeyd edirik”, deyə o bildirib.

Buna da bax:​ Daniel Baer: 'Əliyevin söylədikləri məni təəccübləndirdi'

İfadə azadlığına görə həbs olunanlar

Media azadlığına həsr olunmuş sessiyada Kozak “Azərbaycanda əvvəlki kimi müstəqil kütləvi informasiya vasitələrinə məkanın daraldılmasından narahatlıq ifadə edib. “Müstəqil “Azadlıq” qəzetinin maliyyə direktorunun həbs edildiyi andan etibarən qəzetin nəşr edilməsi üçün imkan olmayıb”, deyə o qeyd edib.

O, Azərbaycan hökumətini jurnalistlərə qarşı səfər məhdudiyyətlərini aradan qaldırmağa, ifadə azadlığına görə, həbs edilmiş digər şəxsləri qeyd-şərtsiz azad etməyə çağırıb.

İnsan hüquqları, demokratiya və qanunun aliliyi məsələsi ilə bağlı iclasda cənab Kozak BMT-nin işgəncələr əleyhinə Komitəsinin Azərbaycanda ifadə almaq məqsədilə verilən işgəncələrlə bağlı narahatlıq ifadə olunan məruzəsini xatırladıb.

Buna da bax:​ Konqresmen Azərbaycandakı referendumu “qeyri-legitim” adlandırıb

Dindarlara qarşı işgəncələr

Cənab Kozak qeyd edib ki, 2010-cu ildən 2015-ci ilə qədər azad edilmiş siyasi məhbus sayılan şəxslərin və onların vəkillərinin şikayətlərinə baxmayaraq, bir nəfər belə bu cür zorakılığa görə məhkəməyə cəlb edilməyib. Məsələn, “Müsəlman Birliyi” Hərəkatının həbs edilmiş lideri Taleh Bağırov, gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədov işgəncələrə məruz qaldıqlarını iddia ediblər.

“Azərbaycan müstəqil QHT və müxalif siyasi partiyaların üzvlərinin birləşmək azadlığını getdikcə daha çox məhdudlaşdırır. Hakimiyyət müstəqil təşkilatların fəaliyyəti ilə bağlı çoxsaylı cinayət araşdırmaları aparıb, bank hesablarını dondurub və əməkdaşlara qarşı qarayaxma kampaniyaları həyata keçirib”, deyə Kozak qeyd edib.

Ancaq Azərbaycan rəsmiləri ölkədə ifadə azadlığına basqılarla bağlı deyilən fikirləri qəbul etmirlər. Üstəlik, Azərbaycan rəsmiləri hesab edirlər ki, ölkədə siyasi məhbus yoxdur. Siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Azərbaycanın hüquq mühafizə orqanları həbs yerlərində və istintaq təcridxanalarında işgəncə yolu ilə ifadələrin alınması ilə bağlı deyilənləri də təkzib edirlər.

XS
SM
MD
LG