Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:37

Cahangir Hacıyevə 15 il həbs verildi


Cahangir Hacıyev
Cahangir Hacıyev

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin keçmiş sədri Cahangir Hacıyevə 15 il həbs cəzası verildi.

Oktyabrın 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hökmə əsasən, qalan 7 təqsirləndirilən şəxsdən üçünə azadlıqdan məhrumetmə, dördünə isə şərti cəza verilib.

DOSTUNA 10 İL 11 AY 9 GÜN HƏBS

Bankın Mərkəz filialına rəhbərlik etmiş Anar Sultanov və Nərimanov filialının keçmiş direktoru, hazırda isə «AFB Bank» ASC-nin Müşahidə Şurasının üzvü olan Məmməd Cahangirovun hər biri 7 il 6 ay, Nəqliyyat filialının keçmiş müdiri Kənan Orucov 7 il 23 gün, Mərkəz filialının müdir müavini olmuş İlqar Abdullayev isə 6 il 5 ay 5 gün şərti cəza alıb.

İndiyədək həbsdə olan İlqar Abdullayev məhkəmə zalından azadlığa buraxılıb.

İstintaq və məhkəmə müddətində barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilmiş Bakı Fındıq Emalı Zavodunun keçmiş rəhbəri Azad Cavadov isə məhkəmə zalında həbs olunub. Cahangir Hacıyevin tələbə yoldaşı və yaxın dostu olan Azad Cavadova 10 il 11 ay 9 gün həbs cəzası verilib.

Digər təqsirləndirilən şəxslərdən Beynəlxalq Bankın inzibati binalarının mühafizəsini həyata keçirən «Inter Security» MMC-nin baş direktoru olmuş İbrahim Hüseynov 8 il, bankın Mərkəz filialının keçmiş rəhbəri Yusif Ələkbərov 8 il 6 ay azadlıqdan məhrum edilib.

110 MİNLİK QOL SAATI DA MÜSADİRƏ OLUNUB

Qeyd edək ki, Yusif Ələkbərov 2013-cü ildə başqa bir cinayət işi üzrə məhkum olunub və ona 8 il həbs cəzası verilib. Onun həmin cəzası da nəzərə alınmaqla üzərində qəti olaraq 8 il 6 aylıq cəza saxlanılıb.

Buna da bax-Bankir DİN-i qərəzdə suçladı, arvadının oğurlanmasını yada saldı

Bankir DİN-i qərəzdə suçladı, arvadının oğurlanmasını yada saldı
Gözlə

No media source currently available

0:00 0:01:23 0:00

Hökmə əsasən, Cahangir Hacıyevin evində axtarış zamanı götürülmüş 110 minlik qol saatı, üzərində ««Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin sədri Cahangir Hacıyev» yazılmış qızıl lövhə və bir ədəd qızıl sikkə müsadirə olunub.

Məhkəmənin hökmündə göstərilib ki, Cahangir Hacıyev və digərlərinə qarşı qaldırılmış iki – Beynəlxalq Banka dəymiş 211 milyon manat və «Aqrarkredit» QSC-yə dəymiş 7 milyon 423 min manatlıq mülki iddiaların biri tam, biri isə qismən təmin edilib. Bildirilib ki, ittiham aktında qeyd edilən 211 milyondan 102 milyon manatı ödənilib, qalan 109 milyon isə bağlanmamış qalıb. Məhkəmə bu mülki iddianın qismən təmin edilməsini, bağlanmamış məbləğin təqsirləndirilən şəxslərdən tutularaq banka ödənilməsi barədə qərar verib.

70 MİLYONDAN ÇOX VƏSAİT ÖDƏMƏLİDİR

Konkret olaraq, Cahangir Hacıyev Beynəlxalq Banka 63 milyon 800 min, bankın problemli kreditlərinin yığılması ilə məşğul olan «Aqrarkredit» QSC-yə də 7 milyon 423 min manat ödəməlidir.

C.Hacıyev məhkəmədə ifadə verərkən bildirmişdi ki, Beynəlxalq Bankdan onun və ailə üzvlərinin, eləcə də tanıdığı şəxslərin adına götürülmüş kreditlər dövlət əhəmiyyətli layihələrə yönəldilib. Hökmdə isə yazılıb ki, C.Hacıyevin bu barədə dedikləri məhkəmədə təsdiqini tapmayıb.

Buna da bax-350 milyon manatı kim 'yeyib'- Cahangir Hacıyev məhkəmədə nələr danışdı?

350 milyon manatı kim "yeyib"- Cahangir Hacıyev məhkəmədə nələr danışdı?
Gözlə

No media source currently available

0:00 0:14:45 0:00

C.Hacıyevin vəkili Aqil Layıcov AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: «Mənim üçün çox maraqlıdır ki, hakim sənədləri tədqiq etmədən mülki iddianı necə təmin etdi? Göründüyü kimi, Cahangir Hacıyev və ona yaxın adamları həbs etdilər. Digərlərinə isə həbslə bağlı olmayan cəza verdilər. Təbii ki, mən hamısının azadlıqda olmasını istəyirəm. Çünki hesab edirəm ki, bu işdə cinayət tərkibi yoxdur. Amma məhkəmədən də elə bu cür mövqe gözləyirdim. Nə deyildisə, onu da etdilər».

«HAZIRLIQLI İDİK»

Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva hökmün sifarişli olduğunu deyir. Qeyd edir ki, belə nəticəyə təəccüblənmirlər: «Heç nə sübuta yetirilmədiyi halda, necə hökm verilə bilər? Sifarişli işdir və belə də olmalı idi. Biz bilirdik ki, belə olacaq, ona görə də hazırlıqlı idik. Bu baxımdan, heç təəccüblənmədik. Sifarişli işlər həmişə belə olur. Nə deyirlər, onu da edirlər».

Sifarişin haradan gəlməsi məsələsində isə Əminə Hacıyeva da qardaşı ilə həmfikirdir. O da maliyyə naziri Samir Şərifovu ittiham edir: «Bu, maliyyə naziri tərəfindən qurama işdir. Bütün qara əməllərə görə bir adamı qurban vermək lazım idi. Bunun üçün də Cahangiri qurban verdilər. Onsuz da vaxt gələcək, hər şey açılacaq».

Cahangir Hacıyev ötən il dekabrın 5-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə həbs edilib. Onunla birgə daha 7 nəfər məhkəmə qarşısına çıxarılıb. Onlar mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, qanunsuz silah saxlama maddələri ilə ittiham edilirlər. Prokuror C.Hacıyevə 17 il həbs cəzası istəmişdi.

C.Hacıyev məhkəmə prosesi başlanandan maliyyə naziri Samir Şərifovu ittiham edir, nazirin onunla birlikdə müttəhimlər kürsüsündə oturmalı olduğunu deyir, Şərifovu devalvasiyada günahkar sayırdı. Maliyyə Nazirliyi isə bu ittihamları «əsassız» adlandırıb, bank vasitəsilə 3.7 milyard dollar və 1.1 milyard avro vəsaitin ölkədən çıxarıldığını bildirib.

XS
SM
MD
LG