Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:24

Heykələ yazı yazmış gəncə 10 il verən hakim kimdir?


Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidov

Yazıçı, rabitəçi, hakim, müəllim Ənvər Seyidova telefon zəngi

* * *

– Ənvər müəllim?

– Bəli. Buyurun. Kimdi?

– AzadlıqRadiosu-ndanıq. Dünən Qiyas İbrahimovla bağlı çıxardığınız qərarla bağlı...

Dəstəyi yerinə qoyur. İkinci dəfə zəng edirik, köməkçisi götürür və hakimin məşğul olduğunu bildirir. Təxmini 30-40 dəqiqədən sonra bir də zəng edirik. Ənvər Seyidov bu dəfə yenə nəzakətlə “Eşidirəm, buyurun” deyir, elə ki Azadlıqradiosu-ndan olduğumuzu bilir, bu dəfə səsinin tonu dəyişir, əsəbi şəkildə, qışqıra-qışqıra danışır:

– Bəsdirin. 5-10 dəqiqədən bir yığırsınız məni. Biz burda iş görürük. Niyə qoymursunuz işimizlə məşğul olaq? AzadlıqRadiosu-nun işi-gücü yoxdur? Nə istəyirsiniz?

Daha 1-2 dəqiqə eynitipli cümlələrlə danışıb dəstəyi yerinə asır.

Buna da bax:​ Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi [video]

“O belə etməsəydi Ənvər Seyidov olmazdı ki...”

Oktyabrın 25-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Ənvər Seyidovun qərarı ilə gənc fəal Qiyas İbrahimov 10 il azadlıqdan məhrum edildi. Sosial şəbəkələrdə hakimin bu qərarı qızğın müzakirələrə yol açdı.

Jurnalist Zamin Hacı: “Ağır cinayət məhkəməsinin hakimi, yüzlərlə günahsız insana ədalətsiz hökmlər kəsmiş (ən sonuncusu bu gün heykələ yazı yazmış gəncə 10 il verib, prokuror istəyən cəzadan 1 il də artıq!) bu Ənvər Seyidov həm də Azərbaycan Dövlət Pedaqoji Universitetində gələcəyin müəllimlərinə hüquq dərsi keçir. Seçki saxtakarlığı, cürbəcür yaltaq işlərdə aktiv müəllimlərin harda yetişdiyini anladınızmı?”

Tofiq Yaqublu: “Hakim Ənvər Seyidov heykəl məhbusu, qəhrəman Qiyas İbrahimova prokurorun 9 il istəməsinə rəğmən 10 il iş verdi. O, belə etməsəydi Ənvər Seyidov olmazdı ki...”

Buna da bax:​ Səid Dadaşbəylinin dəstəsinə yenidən məhkəmə qurulsun

Ziya Bünyadov, Rəhim Qazıyev, “Səidin dəstəsi”...

Ənvər Seyidov Azərbaycanda bir çox qalmaqallı məhkəmə işlərinə sədrlik edib. O, akademik Ziya Bünyadovun qətlinin, Şuşa və Laçının işğal edilməsi ilə bağlı keçmiş müdafiə naziri Rəhim Qazıyevin, “Səidin dəstəsi” adıyla yadda qalan, dövlət çevrilişinə cəhddə ittiham olunan Səid Dadaşbəyli də daxil olmaqla, 15 nəfərin, Suriyada döyüşməkdə təqsirli bilinənlərin işinə çıxıb.

Səid Dadaşbəyli prezidentə məktubda yazırdı: “Hakim Ənvər Seyidovun çıxardığı hökmə görə, mən 2006-cı ilin sonlarından 13 yanvar, 2007-ci ildə həbs olunana qədər guya Azərbaycan Respublikasının prezidenti vəzifəsini icra etmişəm. Hazırda isə eks-prezident statusunun daşıyıcısıyam. Müraciətimin bu hissəsini oxuyan hər bir vətəndaş çaşqınlıq içində qalaraq məni ruhi xəstə olduğumu iddia etsə, onu anlamaq olar...”

Dadaşbəyli sual edirdi: “Azərbaycan dövlətçiliyini 15 nəfər insanla zəbt etmək anlayışı “Min bir gecə” nağıllarının bir bölməsi kimi görünmürmü?"

Buna da bax:​ İŞİD-ə qoşulan azərbaycanlıların məhkəməsi başlayıb

Üstəlik məktub da üzə çıxdı və cavab: “Mən vicdanlı hakiməm”

Bu ilin yayında hakim Ənvər Seyidovun bu məhkəmədən sonra keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova məktub yazaraq təşəkkür etdiyi, “Səidin dəstəsi” ilə bağlı əməliyyat keçirən nazirlik işçilərinin mükafatlandırılmasını istədiyi üzə çıxdı. Bununla bağlı Ənvər Seyidov mətbuata deyib:

“Mən vicdanlı hakiməm. Qərarlarımı qanunlara uyğun verirəm. Eldar Mahmudova gəlincə, mən haradan bilim ki, o, goreşən olub. O adama etimad göstərilib, o isə xəyanət edib. MTN-i cinayətkar yuvasına çevirib. Bu gün də bu əməlləri törədənlər həbsdədirlər. İnanıram ki, layiqli cəzalarını alacaqlar. Mən həmişə başımın üstündə Allahı da görürəm. Ədalətsiz qərar verməmişəm. Mən dövlətçiliyə sadiq adamam. Rəhim Qazıyevin işi zamanı başımın üstündən güllə atıblar. Elə məsələlər olub ki, stəkanıma zəhər töküb məni öldürmək istəyiblər. Bu gün də dövlətə xidmət edirəm. Övladlarım da dövlət qurumlarında çalışırlar”.

Buna da bax:​ Heykəl yazmağa görə 10 il?: Hüquqşünasların reaksiyaları

Rəhim Qazıyevdən də ittiham

Yeri gəlmişkən, haqqında ölüm hökmü çıxardığı keçmiş müdafiə naziri Rəhim Qazıyev hakim haqda yazırdı: "...təəssüflər olsun ki, Ənvər Seyidov mən tanıyandan hələ bir dəfə də ədalətli mövqeyi ilə seçilməyib...

Ona görə onu qınayıram ki, onun apardığı məhkəmə prosesi Azərbaycanın qara yarasına çevrilmiş, bu gün qanayan yarası olan Şuşa və Laçının işğalının guya səbəblərinin araşdırılmasına həsr olunmuşdu. Şuşa və Laçının işğalıyla bağlı istintaq materialları 11 min səhifə və 51 cilddən ibarət idi və həmin işğal zamanı baş verən cinayətlər və xəyanətlər bilərəkdən, qəsdən dəqiq araşdırılmadı”.

Vaxtilə akademik Ziya Bünyadovun qətlini araşdıran jurnalist Natiq Adilovun qənaətincə, məhkəmə istintaqı və hökm “bəsit”dir və hakim fəaliyyəti ilə yanaşı, yazıçılıqla məşğul olan Ənvər Seyidovun fantaziyası onu “dayazlığı ilə heyrətləndirir”.

“Guya akademik Moisey Kalankatuklunun “Alban tarixi” kitabını azərbaycancaya çevirdiyinə görə İranın dini dairələrinin qəzəbinə gəlib. Çünki tərcümənin girişində akademik islam və onun peyğəmbəri barədə təhqiramız fikirlər işlədib. Cinayət işində bu haqda dönə-dönə bəhs olunsa da, qəzəbə gələn fikrin konkret hansı olduğu göstərilməyib”,Adilov yazırdı.

Buna da bax:​ Maraqsız seçki: kadr qıtlığı, yoxsa zarafat?!

Ənvər Seyidov kimdir?

67 yaşlı hakim 1972-ci ildən ədliyyə sistemindədir. Hüquq elmləri doktoru, professordur. Pedaqoji Universitetin Elmi Şurasının üzvüdür.

"Azərbaycan Respublikasında beynəlxalq normaların tətbiqi" (2003), "Konstitusiya və hüququn əsasları", "Hüququn əsasları" (2008), "Heydər Əliyev və Azərbaycan Konstitusiyası" (2008), “Cinayət prosesində insan hüquqlarının təminatı məsələləri: Beynəlxalq standartlar və dövlətdaxili qanunvericilik” (2012) dərsliklərinin müəllifidir.

Yazıçılığı da var

1997-ci ildən “Əsilzadələr məclisi”, Ağsaqqallar Şurasının, “Azərbaycan Teatr Xadimləri İttifaqı”nın, “Azərbaycan Jurnalistlər Birliyi”nin, “Azərbaycan Yazıçılar Birliyi”nin üzvüdür.

"Təlatüm" romanı "Qızıl Qələm", "Qızıl Qılınc" və Rəsul Rza adına mükafatlara layiq görülüb.

"Təlatüm", "Gürzə", “Ünvansız eşq” və “Dələduzlar” romanları əsasında bədii televiziya filmləri çəkilib. “Tale yolları”, “Həyat duyğuları” əsərlərinin də müəllifidir.

Buna da bax:​ Yazıçılar Birliyində mükafatlar verildi

O, necə hüquqşünas oldu?

Ənvər Seyidov "axar.az"a müsahibəsində deyib ki, İncəsənət Universitetində təhsil alırmış, amma əmisinin tapşırığı ilə ordan qovulub və Rabitə Texnikumunda oxumalı olub:

“Fərqlənmə ilə qurtardım və sənədlərimi filologiya fakültəsinə verdim. İmtahan günü dedilər, “sənin sənədlərin burda yoxdur. Sənin sənədlərini hüquq fakültəsinə apardılar. Artıq 69-cu il idi, Heydər Əliyev hakimiyyətə gəlmişdi. O, gələn ildən təmizlik başladı. Universitetə tapşırıqla, pulla düzəlmək məsələsi dayandırıldı. Heydər Əliyev tapşırmışdı ki, hüquqa ancaq kəndçi uşaqları qəbul olunsun… İmtahandan “5”lə keçdim. Mərkəzi Komitənin katibi Kamran Bağırovun qardaşı Faiq Bağırovun yanına getdim. Xahiş etdim ki, məni ədəbiyyat fakültəsinə qaytarsınlar. O da mənə yarızarafat-yarıciddi dedi ki, nə Nizami, nə də Füzuli universitet oxuyub... Hüquqa gedib düşməyim bu cür oldu, yəni mənim xüsusi arzum olmayıb. Mən həmişə ədəbiyyat üzrə oxumaq istəmişəm”.

XS
SM
MD
LG