Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:13

Rusiya 'LinkedIn'i bloklayır


LinkedIn
LinkedIn

Gələn həftənin birinci günündən – noyabrın 14-dən «LinkedIn» sosial şəbəkəsinin Rusiyada fəaliyyəti dayandırılır. Bu barədə Moskva şəhər məhkəməsi qərar çıxarıb. Məhkəmənin rəyinə görə, «LinkedIn»in fəaliyyəti Rusiyanın şəxsi bilgilərin qorunması haqda qanunlarına ziddir.

BİLGİLƏR ÖLKƏ İÇİNDƏ SAXLANSIN

«The New York Times» qəzeti Moskva məhkəməsinin qərarına səbəb olan qanunu şərh edir. Dövlət Dumasının keçən il qəbul etdiyi qanuna görə, Rusiya vətəndaşları haqda şəxsi bilgilər ölkə daxilindəki serverlərdə saxlanmalıdır. Hökumət bununla vətəndaşlarının şəxsi məlumatlarını haker hücumlarından qoruduğunu desə də, tənqidçilər fərqli düşünür. Onların fikrincə, yeni qanun hökumətə həm yerli, həm də beynəlxalq təşkilatlardan istifadəçilərə aid bilgiləri tələb etmək imkanı verir.

«The New York Times» yazır ki, Rusiya vətəndaşların internetdən istifadəsini limitləşdirmək, rəqəmli xidmətlərdən istifadə qaydalarını diqtə etmək istəyən yeganə ölkə deyil. Çin bəzi Qərb saytlarını bloklayıb və istifadəçilərin hansı saytları açmasını Çin hökuməti müəyyənləşdirir. Bundan sonra digər region ölkələri də interneti məhdudlaşdırmaq yönündə müxtəlif addımlar atıblar.

Əslində, «Facebook» və «Twitter» də istifadəçilərin şəxsi bilgilərini Rusiyadakı serverlərdə saxlamır. Həm «Facebook», həm də «Twitter» illik hesabatlarında Rusiya hökumətinin bəzi şəxslərin məlumatlarının verilməsi tələblərini bir neçə dəfə rədd etdiyini vurğulayıb.

Amma ölkənin telekommunikasiya xidmətinə nəzarət edən «Roskomnadzor» niyəsə hədəfə birinci «LinkedIn»i alıb.

5 MİLYON İSTİFADƏÇİ

Analitiklərin fikrincə, Rusiya hökuməti məhz «LinkedIn»ı bloklamaqla daha böyük şirkətlərə xəbərdarlıq etmək niyyətindədir. Üstəlik, Kreml «LinkedIn»i almağa hazırlaşan «Microsoft» şirkətini ölkədən çıxarmaq, onun məhsullarını yerlilərlə əvəzləmək istəyir. Engadget saytı bu yaxınlarda Moskvanın «Microsoft»u hətta ABŞ hökumətiylə əlbir olmaqda günahlandırdığını xatırladır.

İlin sonunda «LinkedIn» «Microsoft»la 26.2 milyard dollarlıq müqavilə imzalayacaq. Sosial şəbəkənin 467 milyon istifadəçisindən 5 milyonu Rusiyadandır. Şəbəkənin sözçüsü Anoek Eckhardt məhkəmə qərarının biznesini «LinkedIn»dən yararlanaraq böyüdən Rusiya vətəndaşlarının da maraqlarına zidd olduğunu bildirib. A.Eckhardt eyni zamanda «Roskomnadzor»la görüşə, şəxsi bilgilərin lokalizasiyası məsələsinin müzakirəsinə hazır olduqlarını vurğulayıb.

«The New York Times» «LinkedIn»in bəzi ölkələrdə hökumətin təzyiqlərinə boyun əydiyini, məsələn, ciddi senzuraya baxmayaraq, Çində mövcudluğunu qoruyub saxlaya bildiyini yazır. Halbuki «Google» və «Facebook» kimi iri şirkətlər Çində yasaqlanıblar.

«LinkedIn»in apellyasiya məhkəməsinə müraciət etməyə bir neçə günü var.

XS
SM
MD
LG