Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:48

Eldar Mahmudovun qohumu məhkəmədə ifadə verdi


Beytulla Hüseynov
Beytulla Hüseynov

«Mən icraçı adamam. Nazir tərəfindən mənə göstəriş verilmişdi ki, xərclər 20-25 faiz şişirdilsin. Bu pulun da 80 faizi nazirliyə çatırdı, 20 faizi «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinə qalırdı. Bu 20 faizin də 6 faizi qovşaqlara verilirdi, 4 faizi «paket» maaşlara gedirdi, 10 faizi də mənə qalırdı».

Bunu «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin keçmiş baş direktoru Beytulla Hüseynov məhkəmədə ifadə verərkən deyib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumun tərkibindəki strukturların vəzifəli şəxslərindən ibarət 11 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

JURNALİSTLƏR VƏKİLİ MƏHKƏMƏYƏ VERƏCƏKLƏR

Noyabrın 28-də iş üzrə məhkəmə iclası başlamamışdan öncə nazirliyin Aparat rəhbəri olmuş Vidadi Zeynalovun vəkili Elxan Süleymanovla jurnalistlər arasında insident yaşanıb. Vəkil rabitəçilərin işində ittiham aktında yazılanların mediada yayılmasına etiraz edib, bunu yazanları təhqir edib. E.Süleymanov jurnalistlərə hücum edib. V.Zeynalovun digər vəkili Bəylər Məmişov aranı sakitləşdirib.

Elxan Süleymanov
Elxan Süleymanov

Jurnalistlər Elxan Süleymanovdan Vəkillər Kollegiyasına şikayət edəcəklər.

Məhkəmə iclasında dövlət ittihamçısı Fərid Nağıyev ötən iclasdan yarımçıq qalmış ittiham aktının elanını davam etdirib – «AzInTelekom» MMC-nin keçmiş baş direktoru Cəlil Cəfərov, «Optik Rabitə, Tikinti və Quraşdırma» MMC-nin sabiq baş direktoru Səhrab Hümbətov, «Azərpoçt» MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevə verilmiş ittihamlar oxunub.

Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilməyib.

Ardınca təqsirləndirilən şəxslərin dindirilməsi mərhələsi başlayıb.

«4 MİLYON 600 MANATI ALA BİLMƏMİŞİK»

Özünü qismən təqsirli bilən Beytulla Hüseynov deyir ki, ittiham aktında rəqəmlər şişirdilib. 2005-ci ildən 2015-ci ilədək «Bakı Telefon Rabitəsi» İB-ə rəhbərlik etdiyini deyən B.Hüseynovun sözlərinə görə, bu müddətdə əmək haqları 190 manatdan 700 manata, müəssisənin gəliri 24 milyondan 87 milyona qədər artıb. Dövlətə vurduğu real zərəri ödəməyə hazır olduğunu deyən B.Hüseynovun iddiasına görə, real ziyan ittiham aktında göstəriləndən azdır.

«Biz xeyli işlər də görmüşük. O işləri sadalamağa saatlarla vaxt lazımdır. Bütün şəhid ailələrinə, Qarabağ əlillərinə öz vəsaitimiz hesabına pulsuz telefon çəkmişik, Şüvəlandakı kimsəsizlər evinə ildə dörd dəfə yardım aparırdıq. Avropa Oyunları zamanı bizə də tapşırıq verilmişdi, sifarişçi «Azəryolservis» idi. Bu işə görə 4 milyon 600 min manatımızı hələ də ala bilməmişik», – «Bakı Telefon Rabitəsi» İB-nin sabiq rəhbəri bildirib.

Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov
Sabiq rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov

İfadəsində qeyd edib ki, prezident onu mükafatlandırıb, «Əməkdar mühəndis» adı verib, özü də 1992-ci ildə Qarabağda yaralanıb.

«RƏHBƏRLİYƏ ÇATDIRILIB»

Beytulla Hüseynov məhkəməyə sərbəst ifadəsində xərclərin şişirdilməsi haqda tapşırığı nazirdən aldığını desə də, prokurorun suallarını cavablandırarkən ad çəkmək istəməyib, sadəcə, «rəhbərlik» deməklə kifayətlənib. Şişirdilmiş xərclərdən əldə olunan vəsaitin 80 faizini nazirliyə «Bakı Telefon Rabitəsi» İB-nin baş mühasibi Anar Mustafayevin aparıb çatdırdığını deyən B.Hüseynov pulun konkret kimə verildiyini də demək istəməyib: «Ad çəkmək istəmirəm. Rəhbərliyə».

B.Hüseynov qeyd edib ki, müəyyən işlərin görülməsi üçün ayrı-ayrı şirkətlərlə müqavilə bağlanarkən, xərcləri 20 faizə qədər artıq göstərmək onlara tapşırılırdı. Həmin artıq məbləğin sonradan onlara necə qayıtması mexanizmini isə izah edə bilməyib. Deyib ki, bunun necə baş verdiyini bilmirdi. Bu cür şişirtmələrdən hər ay nazirliyə nə qədər pul göndərildiyini də açıqlamaq istəməyib: «İfadəmdə bildirmişəm, rəqəmi demək istəmirəm».

Beytulla Hüseynovun dindirməsi noyabrın 30-da növbəti məhkəmə iclasında davam edəcək.

XATIRLATMA

B.Hüseynov keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumudur. MTN ətrafında baş verənlərdən sonra prokurorluqda cinayət işi başlanıb və B.Hüseynov da şahid kimi istintaqa cəlb olunub. Onun ifadəsindən sonra Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə bağlı araşdırmalar başlanıb.

İttihama görə, Vidadi Zeynalov da daxil olmaqla, məhkəmə qarşısına çıxarılan 11 nəfər ümumilikdə 153 milyon 143 min manatlıq mənimsəmə və israf etmədə suçlanır.

517 cildlik cinayət işinin materiallarında yazılıb ki, nazirliyin tabeliyində olan strukturların təmir-tikintisinə, avadanlıqların alınmasına sərf olunmuş məbləğlər şişirdilib, tenderlər formal keçirilib, layihələrin icrası rəhbərliyə yaxın şirkətlərə həvalə olunub.

Ötən ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. Bunun ardınca da nazirliyin 20-yə yaxın yüksəkçinli əməkdaşı həbs olunub. Ötən ilin dekabrında bu nazirlik ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG