Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:42

Biləsuvarda saxlanılanın anası: 'Qorxmuram. Balamı günahsız tutublar çünki'


Arxiv fotosu
Arxiv fotosu

“Necə oldu bu üç xəstə uşaq getdi o boyda dəmiri dağıtdı, maşınları əzdi?”

“Balamın üç uşağı var. Gecəyarı oyanıb, “atam hanı?” deyir, ata axtarırlar... Mən onda dəli oluram”. Dekabrın 22-də Biləsuvarda saxlanılan 3 nəfərdən birinin - Cəlal Quliyevin anası Nərminə Məmmədova belə deyir.

Hal-əhval tutanda cavab verir: “Neçə ki oğlum içəridədir, yaxşı olmayacağam”. Təmkinlə danışır, sualları məntiqlidir. Amma... söhbətin sonunda gözünün yaşını saxlaya bilmir: “Məni aparsınlar prezidentimizin yanına, polisimizin, icramızın etdiklərinin hamısını deyərəm. Qorxmuram. Heç kimdən qorxmuram. Balamı günahsız tutublar çünki...”.

Buna da bax:​ Etiraz edən məcburi köçkünlərdən 3-ü üç aylıq həbs olunub

Söhbət boyu üç körpənin ağlaşma səsi eşidilir: “Eşidirsiniz uşaqların səsini”, - deyə soruşur və sözünü tamamlayır: “Körpələr soyuqdan üşüyürlər, ona görə ağlayırlar...”.

AzadlıqRadiosu Nərminə Məmmədovadan baş verənləri danışmasını xahiş edib.

Nərminə Məmmədova: 'Balamın üç uşağı var. Gecəyarı oyanıb, 'atam hanı?' deyir'
Gözlə

No media source currently available

0:00 0:04:35 0:00
Direct-ə keçid

– Bizə qaz çəkilməyib. Meşə də yox, odun gətirək işlədək. İşığımızı da yandırmırlar. Səhər saat 10-da, 11-də kəsirlər, axşam saat 6-da, 7-də yandırırlar. Balamın üç uşağı var - 6 yaşında, 3 yaşında, 1 yaşında. O üç uşağı soyuqda necə saxlayasan? Camaat da qalxdı ayağa. Bəlkə də camaatla bağlı başqa sözlər eşitmisiniz, amma camaat çevriliş etmək, ya başqa niyyətlə getməyib ora. Burdan ancaq işığın yandırılması tələbiylə gediblər. Camaatı da yığdılar bizim 7 saylı qəsəbəyə, dedilər ki, dağılın, problemi həll edəcəyik. Artiq o zaman işıq yanırdı, camaat dağılışmaq istəyəndə işıq bir də söndü, onda camaat dağılışmadı. Dedilər ki, bizi aldadırsınız. Hamı yığışdı getdi icra hakimiyyətinə. Camaat da tələb edib ki, icra başçısı çıxsın bizimlə görüşsün, başqa heç nə. Bu vaxt polis gözyaşardıcı atıb, neyləyib, bilmirəm, nəsə partlayıb. Onda camaat da geri çəkilib. İndi deyirlər ki, ay dağıntı var, nə var. Ora 2 minəcən adam yığışıbmış. Camaat geri çəkiləndə işıqforlar, dirəklər qırılıb qalıb camaatın ayağının altında. Camaat ancaq işıq tələb edib, başqa şey yox. Ərzaq istəməmişik, pul istəməmişik.

Buna da bax: Köçkünlər aksiya keçirdi, həbs olunanlar var [video] [yenilənir]

– Bəs oğlunuzu niyə tutublar?

– Polis rəisi Araz Şahverdiyev mənim oğluma ana-bacı söyüşü edib. Uşağım da ona cavab verib ki, anama, bacıma niyə söyürsən? Onun üstündə oğlumu tutub içəri salıblar. Sonra da adını qoyublar ki, narkomandır, çevriliş edir... Niyə böhtan atırlar uşağıma? Qanından analiz götürsünlər, görək qanında spirtli içki, narkotik varmı? Mənim uşağım içki içmir. O, siqaret çəkmirdi. Özü də xəstədir. İndi həmin xəstə uşaq siqaret çəkməyə başlayıb... Nə istəyirdi uşağım onlardan? Eşidirsinizmi, bu uşağın səsini? Körpədirlər, soyuqdan ağlayırlar.... Özləri işığı vermir, şərait yaradırlar, sonra da adını çevriliş qoyurlar. Polis orda camaata söyüş söyüb, “dubinka”yla döyüb. İmişlinin, Biləsuvarın, Cəbrayılın polisi camaatı “dubinka”yla döyüb. Niyə camaatı incidirlər?

– Sizcə, qarşıdurmanı polislər yaradıb?

– Hökumətimiz ev tikib verib, biz də oturmuşuq içində. “Azərsun” var burda, gedir, günü 7 manat 65 qəpiyə orda işləyirəm. 57 yaşım var, kətmən vururam, pomidor şitili əkirəm, pomidor yığıram, uşağımı dolandırmağa çalışıram. Başqa nəsə tələb etmirəm ki? Özüm də təqaüdçüyəm. Uşağım xəstə olduğundan, işləyə bilmir. Üç oğlum var, hərəsi bir dərədə fəhləlik edib birtəhər dolanır. Gedib onlardan iş də tələb etmirik. Birimizə iş yoxdur. Uşağımı niyə tuturlar?

Buna da bax:​ Prezidentlərə müraciət: 'Xalqlar münaqişədən yorulub'

– Oğlunuzun nə xəstəliyi var?

– Ağciyər xəstəsidir, vərəmdir... Mənim oğlum da xəstədir, onunla tutulan həmin o iki nəfər də. Birinin adı İlkindir, o birinin adı yadımdan çıxır, özü də Qarabağ əlilidir. Necə oldu bu üç xəstə uşaq getdi o boyda dəmiri dağıtdı, maşınları əzdi? Nə oldu polisin bu xəstə uşaqlara gücü çatmadı? Prezidentimizdən xahiş edirəm uşağımızı buraxsınlar, onun bir günahı yoxdur. Bir günahı olub, Araz müəllim ona söyüş söyüb, o da əl-qol atıb ki, söymə.

– Vəkil tutmusunuz, ya özünü görmüsünüz? Necədir?

– Görməmişəm. Məhkəməsi olanda bizi içəri buraxmadılar. Onu məhkəmədən çıxarıb aparanda nə görmüşüksə, odur. Haqqında 3 ay həbs qətimkan tədbiri seçilib. Hamı da deyir ki, sakit uşaqdır, onu niyə tutublar?

– İşığı niyə vermirdilər?

– İşığa hər evdən ayda 5 manat yığırdılar. İşığımız da gəlirdi. Bu il 10 manatdan yığmağa başladılar. Amma səhər saat 10-da, 11-də söndürürdülər, axşam 6-7-də yandırırdılar. Hadisə olan gün bizim 7 saylı qəsəbədə camaatdan 50-60 manat pul istəyiblər. Camaat da ayağa qalxıb ki, biz hər aya 10 manat veririk, indi niyə 50-60 manat istəyirsiniz, hardan alaq bu pulu? O pulu da hara yığıblar, niyə yığıblar, bilən də yoxdur. Kimi də deyir yığılan pul yerinə çatmayıb heç.

Buna da bax: «Oğlum neyləyib ki, “Yaltaqlara dur deyək” deyib»

– İndi işıq gəlir?

– Gəlir... Mən oğlumu istəyirəm. Prezidentimizdən də xahişim odur ki, mənim uşağımı azad etsin. Məni aparsınlar prezidentimizin yanına, polisimizin, icramızın etdiklərinin hamısını deyərəm. Qorxmuram. Balamı günahsız tutublar çünki. Balamın azadlığı üçün hər yerə gedərəm. Balamın üç uşağı var. Gecəyarı oyanıb, “atam hanı?” deyirlər, ata axtarırlar, mən dəli oluram...

Bu il dekabrın 22-də Biləsuvarda məskunlaşan məcburi köçkünlər etiraz aksiyaları keçiriblər. Cəbrayıl rayonundan olan köçkünlər qəsəbələrə verilən elektrik enerjisinin tez-tez kəsilməsindən narazılıqlarını dilə gətiriblər. Əraziyə polis qüvvələri cəlb olunub. Vətəndaşlarla polis arasında qarşıdurma baş verib.

Buna da bax:​ Deputat: 'Bir qrup nəşəli, içkili, hakimiyyətdən narazı adam baş qaldırıb'

Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında aksiya zamanı polisə müqavimət göstərildiyi, buna görə cinayət işi açıldığı bildirilir. Rəsmi məlumatda 9 polis əməkdaşına daş və ağac parçaları ilə müxtəlif dərəcəli bədən xəsarətləri yetirildiyi, 1 xidməti avtomobilin şüşələrinin sındırıldığı deyilir.

“Aksiyada fəallıq edən” 3 nəfər - Gülağa Əliməmmədov, Cəlal Quliyevİlkin İsgəndərov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar CM-in 186.2.2 (özgə əmlakı məhvetmə, partlatma, yandırma və ya digər ümumi təhlükəli üsulla), 233 (ictimai qaydanı pozma) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlıq üçün təhlükəli zor tətbiqi) maddələri ilə ittiham edilirlər.

XS
SM
MD
LG