Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:46

Ana oğlunu bir həftədir tapa bilmir


Zeynab Huseynova, 29 Jan2017
Zeynab Huseynova, 29 Jan2017

“Nənə, dua eləyə-eləyə gəlirəm ki, qapının ağzında atamın cüt ayaqqabılarını görüm”

“Bütün dövlət orqanlarına, xüsusən, Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya, daxili işlər naziri Ramil Usubova müraciət edirəm. Mehriban xanım da anadı, ona müraciət edirəm, balamın öldüsü-qaldısı haqda mənə bir xəbər versinlər...”

Bir həftəyə yaxındır ki, Zeynəb Hüseynova oğlu Əhsən Nuruzadəni tapa bilmir.

“TELEFONU 27-NƏ QƏDƏR AÇIQ İDİ”

Hazırda iki əl ağacının köməyi ilə çətinliklə yeriyən Zeynəb xanım deyir ki, bu vəziyyətdə dəfələrlə polis idarələrinə gedib-gelib, Ombudsman Aparatından tutmuş, Beynəlxalq Qırmızı Xaç Komitəsinə qədər müxtəlif qurumlara müraciət edib. Amma övladından heç bir xəbər ala bilmir:

“Daxili İşlər Nazirliyinin “102” xidmətindən bizə dedilər ki, 18-ci bölməyə ərizə ilə müraciət edin. Biz də getdik, nə dedilər, onu yazdıq. Əhsən yanvarın 24-dən yoxa çıxsa da, telefonu ayın 27-nə qədər açıq idi. Zəng gedirdi, hətta “Watsapp”da da olurdu. Amma zənglərə, mesajlara cavab vermirdilər. Yanvarın 28-də yenidən bölməyə gedəndə dedim ki, kinolarda da görmüşəm, axı telefonla adamın yerini müəyyənləşdirə bilirlər. Necə olur ki, siz tapa bilmirsiz? Dedilər ki, işləyirik. Daha “102”yə zəng eləməkdən də utanıram”.

Taleh Bağırov tərəfdarı Əhsən Nuruzadə
Taleh Bağırov tərəfdarı Əhsən Nuruzadə

Baxmayaraq ki, 1976-cı il təvəllüdlü Əhsən Nuruzadənin yeri haqda heç bir məlumatı yoxdur, ana onun polislərin əlində olduğunu düşünür. Güman edir ki, övladını həbsdə olan ilahiyyatçı Taleh Bağırovun məhkəmələrində iştirak etdiyinə görə cəzalandırırlar:

“Mənim düşmənim yoxdur. Yoldaşım müəllim idi, özüm də mühasib. İyirmi ilə yaxın bir dövlət müəssisəsində işləmişəm. Yoldaşım rəhmətə gedib. Əhsənin rəsmi iş yeri olmasa da, təmir-tikinti işlərində fəhləlik etməklə ailəsinə çörək pulu gətirirdi. Mən də pensiya alıram, üst-üstə qoyub birtəhər dolanırıq. Bizimlə kimin nə düşmənçiliyi ola bilər ki? Əhsən də heç kimə pisliyi dəyən adam deyil. Ailəsini ac qoyar, amma yetim-yesiri doyurar. Ona görə də balamın Taleh Bağırova rəğbətinə görə cəzalandırılmasından başqa şübhəm yoxdur. Həm də əgər başqa məqsədlə oğurlasaydılar, indiyə qədər zəng eləyib nəsə istəyərdilər, yaxud bir söz deyərdilər”.

“GÜNAHI VARSA, QOYSUNLAR ORTAYA”

Oğlunun Taleh Bağırovla münasibətlərinə gəlincə, Zeynəb Hüseynova deyir ki, Əhsən özü də hələ məktəbdə oxuyandan namaz qılır, oruc tutur, məscidlərə gedirdi. Bir ilahiyyatçı kimi, Taleh Bağırova da hörmət edir, ona görə də məhkəmələrə gedib-gəlirdi:

“Özünə də demişdim ki, buna görə sənə nəsə eləyərlər, mən xəstə adamam, sənin iki körpə qız balan var...”

Zeynəb Hüseynova yanvarın 30-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyevaya teleqram göndərəcək:

“Mən balamı istəyirəm. Günahı varsa, hansısa cinayəti eləyibsə, qoysunlar ortaya ki, bunu eləyib. Mənim oğlum heç kimdən artıq deyil ki, cavab verməsin. Belə olmaz axı, bir ananı beş gün balasından xəbərsiz qoymaq olar?! İki balasına cavab verə bilmirəm. Qızı məktəbdən gəlir, deyir ki, ‘nənə, dua eləyə-eləyə gəlirəm ki, qapının ağzında atamın cüt ayaqqabılarını görüm’. Kiçik qızı gecə-gündüz ağlayır ki, ‘ata gəl, səni çox istəyirəm, gəl məni yuxudan oyat, öp’”.

Tale Bağırov tərəfdarı
Tale Bağırov tərəfdarı

XATIRLATMA

Ötən il noyabrın 26-sı güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Həmin əməliyyatda iksi polis olmaqla, 6 nəfərin öldüyü bildirilir. Rəsmi bilgilərə görə, hazırda Nardaran hadisələri ilə bağlı 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında 87 nəfər göstərilir) şəxs həbsdədir.

Daha yüngül maddələrlə ittiham edilənlərə 1 il 6 aydan 6 il 6 aya qədər həbs cəzası verilib. 18 nəfərlik qrupun üzvlərinə isə uzunmüddətli cəzalar kəsilib. «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və Abbas Hüseynov 20 il həbs cəzası alıb. Cabbar Cabbarov 19 il, Rasim Cəbrayılov 17 il, Zakir Mustafayev, Abbas Tağızadə, Abbas Quliyev, Aqil İsmayılov, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Əsgərov, Əli Nuriyev, Cahad Babakişizadə, Şamil Abduləliyev, Əlibala Vəliyev və Fərhad Balayevin hər biri 14 il 6 ay azadlıqdan məhrum edilib. Həbs olunarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev və Nardaran hadisələrilə əlaqədar “Facebook” sosial şəbəkəsində yazdığı statuslara görə həbs olunan Fuad Qəhrəmanlıya isə 10 il həbs cəzası verilib.

Nardaran hadisələri ilə bağlı tutulanlardan başqa bir qrupun isə hazırda məhkəməsi gedir.

XS
SM
MD
LG