Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 20:17

Fransız kinosunun qocalmayan ulduzu Isabelle Huppert və onun cəsarətli rolları


Fransız aktrisası Isabelle Huppert.
Fransız aktrisası Isabelle Huppert.

Bu il “ən yaxşı qadın rolu” nominasiyasında “Oskar”a namizəd olan aktrisalardan biri də Pol Verhuvenin “O” filmində təcavüzə məruz qalmış qadın obrazını yaradan fransız Isabelle Huppert idi. Məhz, bu roluna görə “ən yaxşı qadın rolu-dram” nominasiyasında “Qızıl Qlobus” və “Sezar” mükafatlarına layiq görülmüş aktrisa 2016-cı ilin ən yaxşı ifaları sihayısında birinci yeri tutmuşdu və tənqidçilər onun “Oskar”ı da evində aparacağı proqnozunu verirdilər, amma olmadı. Amerika Kino Akademiyası tez-tez olduğu kimi bu dəfə də, necə deyərlər, sağı göstərib sola vurdu.

Olsun, “Oskar”ın öz siyasəti var, İsabelle Huppert isə təkcə keçən il yox, öz ifası ilə dəfələrlə ürəkləri fəth eləyib. 64 yaşda zorlanmış qadını oynamaq hər aktrisanın cəsarət edə biləcəyi iş deyil...

Isabelle Anne Madeleine Huppert 1953-cü il martın 16-da Paris yaxınlığında yerləşən Vil-D’Avre şəhərciyində dünyaya gəlib. Anası Annick Huppert ingilis dili müəlliməsi, atası, yəhudi mənşəli Raymond Huppert isə seyf istehsalıçısı idi. Zəngin ailədə doğulmuş gələcək aktrisada oxumaq həvəsini anası yaradıb. Onun sayəsində ingilis dilində sərbəst danışmağı öyrənmiş İsabelle orta məktəbi bitirəndən sonra sənədlərini Sorbonna Universitetinə verıb və slavyan dilləri fakultəsinə daxil olub.

Buna da bax: İntellektual, inancsız və dövrün ən böyük qadın kinoulduzu Meryl Streep...

O ki qaldı incəsənətə olan həvəsinə, hər şey musiqidən başlayır. İsabelle universitetdə oxuya-oxuya həm də dinləyici kimi Versal Konservatoriyasında fortepiano dəsrlərinə qatılır, həmçinin fərdi dərslər alır. Bir müddət sonra isə aktyorluq sənətini də öz geniş maraq dairəsinə daxil edir.

Huppert deyir ki, aktrisa olmasının əsas “səbəbkarlarından” biri sovet filmləridi. xüsusilə də Kolotozovun “Durnalar uçur”u.

Aktrisa Isabelle Huppert rejissor Michael Haneke ilə birlikdə Kann festivalında, 24 may2009.
Aktrisa Isabelle Huppert rejissor Michael Haneke ilə birlikdə Kann festivalında, 24 may2009.

Məhz, bu filmi izləyəndən sonra aktrisa olmaq qərarına gələn İ. Huppert karyerasına 1971-ci ildə “Prussak” adlı televiziya filmi ilə başlayır. Bir ildən sonra isə “Faustina və qızmar yay” (rej. Nina Companéez) filmi ilə böyük ekranlara çıxır və o vaxtdan bu günə qədər ekranların həvəslə gözlənilən simalarından biridi.

Hərçənd aktrisa 70-ci illərin əvvəllərində çəkildiyi filmlərin, demək olar ki, hamısında eyni rolu oynayırdı. Daha doğrusu, qəhrəmanların geyimləri, adları dəyişirdi, xarakterləri isə eyni qalırdı - ərköyün və füsunkar yeniyetmə.

İsabelle-i bu ampluadan Yves Boissetin sosial mövzudan bəhs edən “Dyupon Lajua” filmi çıxardır. Bu filmdən sonra rejissorlar İsabelle-ə ciddi aktrisa kimi yanaşmağa, özü isə aldığı təkliflərə qarşı seçici davranmağa başlayır.

İsabelle Huppertin ilk böyük və ciddi rolu - Bertrand Tavernierin “Hakim və qatil” (1975) filmində olur. Bu filmdə Philippe Noiret və Michel Galabru kimi ulduzlarla eyni meydançanı paylaşan İsabelle müstəntiqə vurulmuş, sadə, lakin ictimai həyatda aktiv qadını oynayırdı.

70-ci illərin sonlarında Huppert yeni dalğaçı Claude Chabrolun “Violetta Nozyer” filminə dəvət alır. Öz atasını zəhərləmiş qadın obrazı İsabellenin ifasında Chabrolun o qədər xoşuna gəlir ki, onunla daha dörd film çəkir: “Qadın işi” (1988; Venesiya festivalında “ən yaxşı qadın roluna” görə mükafat), “Madam Bovari” (1991; rejissor bu ekranizasiyanı məxsusi olaraq aktrisa üçün çəkib; Moskva festivalında “ən yaxşı qadın rolu”na görə mükafat), “Mərasim” (1995; “Sezar” makafatı və Venesiya festivalında “ən yaxşı qadın rolu”na görə mükafat) və “Oyun başlayır” (1997).

Isabelle Huppert rejissor Paul Verhoevenlə birlikdə "Qızıl qlobus" mükafatını alarkən, 2016.
Isabelle Huppert rejissor Paul Verhoevenlə birlikdə "Qızıl qlobus" mükafatını alarkən, 2016.

İsabelle Huppertin ən əhəmiyyətli rollarından biri də “Mərasim” filmində oynadığı Janna idi. Filmin süjeti öz müdirlərinə nifrət eləyən Sofi və Jannanın əhvalatları əsasında qurulub.

Huppert ziddiyətli aktrisa hesab olunur, adətən, sirli, qapalı, məşum qadınları oynayır. Daha çox müəllif kinosunun rejissorları və avanqard teatr rejissorları ilə işləməyə üstünlük verən aktrisa kütləvi janrlara aid filmlərə nadir hallarda çəkilir. Amerika kinosunda debütü isə 1980-ci ildə Michael Ciminonun “Cənnətin qapıları” filmində olub. Ekranlara ilk çıxdığı zaman tənqidçilərdən mənfi rəy alan “Cənnətin qapıları”, bir neçə ildən sonra kino klassikləri siyahısına daxil edilib.

Buna da bax: Monica Bellucci: 'Mən artıq yaşlı qadınam, yaşıma uyğun rollar axtarıram'

2001-ci ildə aktrisa, Michael Hanekenin Elfriede Jelinekin eyniadlı romanı əsasında çəkdiyi “Pianoçu” filmində oynadığı rola görə Kann festivalında “ən yaxşı qadın rolu” nominasiyasında mükafata layiq görülüb.

Michael Haneke Huppertlə işi haqqında danışanda “Huppert son dərəcə peşəkardı. O, əzabı elə yaradır ki... Bir tərəfdə həddini aşan əzab, digər tərəfdə isə onun buz kimi intellektual baxışları... Başqa heç bir aktrisa bu iki duyğunu öz ifasında birləşdirə bilməz”, - deyir.

Yeri gəlmişkən, Huppert “Pianoçu” filmində oynadığı musiqi müəlliməsi rolundan ötrü musiqi vərdişlərini yenidən xatırlayıb və filmdə səslənən bütün əsərləri özü ifa edir.

İsabelle Huppert Kann kinofestivalında “ən yaxşı qadın rolu” nominasiyasında iki dəfə mükafat almış dörd aktrisadan biridir (Digərləri Vanessa Redgrave, Helen Mirren, Barbara Hershey).

Kino tənqdçiləri Hupperti “bütün rollarında emosional qammaları idarə edə bilən aktrisa” adlandırırlar. Eyni zamanda həm ehtiraslı, vəhşi, əzgin, həm də məhvolma həddində olan qadınları oynayan, ifasında aristokrat ləyaqəti və dərin dramatizmi uzlaşdıran aktrisa avropalı rejissorların ilham pərisi hesab olunur. Hətta onun haqqında əfsanələr də gəzir. Deyilənə görə, İ.Huppert istədiyi vaxt qızarmağı, solğunlaşmağı, tərləməyi bacarır.

Ancaq İsabelle nə özünü, nə də peşəsini qeyri-adi hesab eləmir, qəhrəmanlarının da “qəribə qadınlar” adlandırılmasını xoşlamır. O deyir ki, aktrisa olmaq “ifşa olunmaq” deməkdi: “Sənin adi həyatda gözə görünməyən tərəflərin ekranda üzə çıxır. Ümumiyyətlə, aktyorluğu lazımsız yerə yüksək dəyərləndirilən peşə hesab eləyirəm. Aktyorları alqışlarla ərköyünləşdiriblər. Axı, biz cərrahları, ya da təyyarəçiləri alqışlamırıq. Bizim risk elədiyimizi düşünənlər də yanılırlar. Nə vaxt risk eləyirik? Kamera qarşısında çılpaq sinəmizi göstərəndə? Digər peşələrin nümayəndələri daha çox risk eləyirlər. Ancaq pis rejissorla işləyəndə risk eləyirsən. Claude Chabrol, Michael Haneke kimi rejissorlarla isə heç bir risk yoxdu, hətta Haneke özünüzü ülgüclə doğramağa məcbur eləyəndə də. Risk etməmək, həmişə eyni, darıxdırıcı, ortabab olmaq daha risklidi. O ki qaldı qəhrəmanlarımın məhv olmuş həyatlarına... Həyatda çox şey zahiri şərtlərdən yox, öz düşüncələrimizdən və əməllərimizdən asılıdı, bədbəxt olmaq üçün həmişə səbəb tapmaq mümkündü”.

Aktrisa uğursuzluqdan da qorxmur. Onun üçün ən naqolay rolu da oynamaq problem deyil: “Böyük rejissorlara ən güclü duyğular lazımdı, buna görə də adamın qanını sorurlar. Günün sonunda onlardan yorulursan. Amma çətin rol və ağır film yoxdu – pis rejissor var. Mən hansısa ortabab bir rejissorla əylənmək yerinə Haneke ilə yorulmağa üstünlük verirəm. Pis rejissorun filmində asan rol da qorxunc alına bilər. Xoşbəxtlikdən, mənim başıma belə şey gəlməyib”.

Elə burdaca qeyd edək ki, Tarantino Hupperti “Şərəfsiz it uşağı” filminə dəvət edibmiş, amma aktrisa razılaşmayıb.

Buna da bax: İtalyansayağı kino macərası - Rejissor Antonioni və aktrisa Monica Vitti

İsabelle Huppert rola hazırlaşmır, demək olar ki, heç vaxt məşq eləmir və ssenarini cəmi bircə dəfə oxuyur. Onun sözlərinə görə, obraz kostyumlar seçiləndə, personajın qrimi, saç düzümü müəyyənləşdiriləndə yaranır.

Isabelle Huppert.
Isabelle Huppert.

İsabelle Hupertin öz personajları ilə bir ortaq nöqtəsi var- qəhrəmanları kimi o da qapalıdı. Müsahibə verməyi sevmir, televiziyaya nadir hallarda çıxır.

1982-ci ildə rejissor və aktyor, livanlı yəhudi Ronald Shamla ailə quran aktrisanın Lolita, Lorenso və Ancelo adlı üç övladı var. Lolita və Lorenso valideynlərinin yolunu davam etdirir. Huppert 2010-cu ildə “Kopakabana” filmində böyük qızı ilə birlikdə oynayıb. Onun şəxsi həyatı haqqında bundan artıq heç kim heç nə bilmir. Huppert şəxsi həyatının detalları haqqında heç vaxt danışmır.

Maşın sürməyi və kompyuterdən istifadə eləməyi bacarmayan aktrisa özünü yazıçı kimi də sınayıb və 1976-cı ildə “Kişi-saqqız və qadın-bətn” adlı roman yazıb.

XS
SM
MD
LG