Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:38

Aydın Dadaşovun ölməz filmində Sovet imperiyası necə dağılırdı...


Aydın Dadaşovun "Biznesmen" filmindən bir kadr.
Aydın Dadaşovun "Biznesmen" filmindən bir kadr.

Namiq Hüseynli

Aydın Dadaşovun ölməz filmində Sovet imperiyası necə dağılırdı...

Martın 14-də Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti kinoşünaslıq kafedrasının müdiri, professor, müəllim Aydın Dadaşov dünyasını dəyişib.

Aydın Dadaşov 1952-ci ildə Ağdamda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, amma sonra işləmək üçün tamam başqa sahəyə yönəlib – kinoya.

1975-ci ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında işləməyə başlayıb, elə ordan da əvvəlcə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun dram sənəti fakultəsinə, sonra da Moskvada iki illik ali rejissorluq və ssenari kurslarına yollanıb.

Rejissor Aydın Dadaşov.
Rejissor Aydın Dadaşov.

O vaxtdan son gününə kimi bütün həyatını kinoya, ssenarilərə sərf eləmişdi. Öz bildiyi hər şeyi tələbələrinə öyrətməyə çalışırdı.

Mədəniyyət və İncəsənət Universitetində ədəbi yaradıcılıq və ekran dramaturgiyasından dərs deyir, Bakı Dövlət Universitetində isə jurnalistika fakultəsində televiziya və radiojurnalistikanın sirlərini öyrədirdi tələbələrə.

Buna da bax: “İçərişəhər” üçün xilaskar axtarışı

O dayanmadan, sanki tələsə-tələsə kitablar, məqalələr yazırdı - «Ekran dramaturgiyası», «Ssenari yaradıcılığı», «Televiziya tənqidi», «KİV-də reklam və marketinq problemləri», “Televiziya reklamı demokratiya və bazar iqtisadiyyatı kontekstində”, “Teatr-kino problemləri”, “Kinoşünaslıq”, “Rejissorluğun üslub problemləri”, “İran kinosunun inkişaf təmayülləri”, “Müasir Azərbaycan dramaturgiyası” və sair.

Sadalamaqla bitməz.

O eyni zamanda ssenarilər yazır, rejissor kimi filmlər çəkirdi. Sənədli filmlər onun ehtirası idi. Azərbaycan sənədli kinosunun Aztv-nin mədhiyyə-portret qəlibindən çıxmasını istəyirdi, bunun üçün çalışırdı və öz filmlərində də bu qəlibi sındırmağa cəhd eləyirdi - “9 dəqiqə”, “Çapıqlı adam”, “Babam və mən” və digər filmlərində...

Ancaq bu gün Aydın Dadaşov bir məşhur filmi ilə daha çox anılır. Bu film həm kütlələrə tanışdır, həm də kütlələri bizə izah edir.

Söhbət 1989-cu ildə çəkilmiş, rejissorunun və ssenaristinin Aydın Dadaşov olduğu "Biznesmen" filmindən gedir. Filmi sovet hakimiyyətinin süqutu və yeni, müstəqil Azərbaycan dövlətinin yaranması ərəfəsində ortaya çıxan hərc-mərclik, eyforiya dövrünün ən gözəl təsviri saymaq olar.

Filmin qəhramanı Naxçıvanda yetimlər evində böyüyüb Rusiyaya yollanmış və orda qəflətən varlanmış Cənnət Əliyevdir. Dəqiq deyə bilmərik, filmi o zamanların varlı adamı Cənnət Əliyev öz pulu iləmi çəkdirib, məqsəd özünü reklamdırmı? Ancaq rejissorun filmi çəkməkdə öz məqsədi olduğu və məqsədinə sadiqliyi açıq-aydın görünür. Məqsəd bəlkə də qeyri-şüuri məqsəd 90-larda ölkədə baş alıb gedən eyforiya vəziyyətinin absurd sərhəddlərini göstərməkdir.

Aydın Dadaşovun Cənnət Əliyev haqda çəkdiyi "Biznesmen" filmi.

Film Sovet cəmiyyəti haqda bizə çoxlu mühüm informasiyalar verir. Sosialist əxlaqı ilə möhkəm tərbiyə olunmuş cəmiyyət və dəmir yumruqlarla idarə olunan nəhəng imperiya çökür. İmperiyanın çöküşü ərəfəsində məlum olur ki, ölkədə kapitalist əxlaqına sahib çoxlu insanlar var. Onlar ölkənin ucqarlarından gəlib, dövlət kapitalının talandığı mərkəzlərdə biznes qururlar. Məmurlar dövlət malının talanmasına göz yumur və bu işdən varlanırlar. Ancaq daha çox varlananlar ayrı-ayrı sahibkarlardır.

Buna da bax: İlk rəsmi sovet milyonçusunun oğlu: «Atamdan qalan ən böyük miras...»

Filmin qəhramanı Cənnət Əliyev də o dövrdə mövcud olan ənənəvi yolla varlanıb. O varlanmaq üçün xüsusi biliklərə və bacarıqlara sahib deyil. Ancaq sonsuz təbii sərvətləri olan Sibir ona görülməmiş var-dövlət qazandırır. O nə qədər çox qazansa da xoşbəxt deyil, buna görə də sovet cəmiyyətinə xas olmayan bir şeyi, ruhani hüzuru axtarmağa başlayır. Əslində onun baş vurduğu ruhanilik yolu Sovet İmperiyasının çöküş illərində ateist ideologiya ilə idarə olunan ölkəyə müxtəlif ölkələrdən gələn misyonerlərlərin çevrəsinə düşüb, hüzurunu tapmaq idi. O hətta hüzur qarşılığında misyonerlərə öz üç mərtəbəli evini və maşınını da hədiyyə edir. Ancaq nə Krişanlıq, nə Xristianlıq, nə İslamda özünə hüzur tapa bilməyən biznesmen, sonradan ata, vəhşi heyvanlara meylini salır.

Azərbaycanlı milyonçu Cənnət Əliyev.
Azərbaycanlı milyonçu Cənnət Əliyev.

Cənnət Əliyevin sonrakı taleyi Azərbaycanın taleyinə də oxşayır. O asanlıqla varlanır, sonra da asanlıqla kasıblayır, həbs olunur, ruhi xəstəxanaya salınır. Ondan ancaq məşhurlaşmaq, kultlaşmaq üçün haqqında çəkilmiş "Biznesmen" filmi qalır. Aydın Dadaşov bu qısametrajlı filmi ilə böyük bir dövrün yekununu göstərir.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG