Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:39

Avropa Şurası İlqar Məmmədova yenə azadlıq istədi


Həbsə aparan yol - İlqar Məmmədov
Gözlə

No media source currently available

0:00 0:06:53 0:00

Həbsə aparan yol - İlqar Məmmədov

Avropa Şurasının Nazirlər Komitəsi Azərbaycandakı müsbət proseslərə baxmayaraq, REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsdə tutulmasından üzüntü duyduğunu ifadə edib.

Avropa Şurasının Nazirlər Komitəsinin REAL Hərəkatının həbsdəki lideri İlqar Məmmədovla bağlı növbəti qərarında belə yazılır.

Nazirlər Komitəsi ötən həftəsonu toplaşıb. Müzakirələrin yekunu ilə bağlı qərar bu gün, iyunun 12-si Avropa Şurasının saytında açıqlanıb.

1288/H46-2 saylı qərarda vurğulanır ki, son aylar Avropa İnsan Hüquqları Məhkəməsinin İ.Məmmədovun azadlığa buraxılması ilə bağlı qərarının icrasına müsbət təsir edə biləcək proseslər baş verir.

Komitə Azərbaycan hökumətinin təqdim etdiyi bilgilərə söykənərək vurğulayır ki, prezident bu il fevralın 10-da sərəncam verib. Komitə Azərbaycan parlamentini həmin sərəncamın icrası ilə bağlı səylərini davam etdirməyə dəvət edib.

Söhbət «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» sərəncamdan gedir.

Nazirlər Komitəsi əlaqəli qurumları vaxt itirmədən İ.Məmmədovla bağlı qərarın icra edilməsindən ötrü bütün mümkün vasitələrdən istifadə etməyə səsləyib.

Nazirlər Komitəsi əvvəlki qərarlarını, xüsusilə siyasətçinin dərhal azadlığa buraxılması ilə bağlı çağırışlarını bir daha Azərbaycan hökumətinə xatırladıb.

Avropa Şurası (AŞ) Nazirlər Komitəsi İ.Məmmədovla bağlı bundan əvvəl 2016-cı il dekabrın 10-da qərar qəbul etmişdi.

Həmin qərarda da oxşar ifadələrdən istifadə edilir, Azərbaycan hökuməti qurumla dolğun dialoqa dəvət olunurdu. AŞ NK o zaman İ.Məmmədovla bağlı qərarın icrasından ötrü bütün vasitələrdən, o cümlədən Avropa Konvensiyasının 46.4-cü maddəsindən istifadə ediləcəyini bildirmişdi.

Avropa Konvensiyasının 46.4-cü maddəsi Avropa Şurasına üzv olan dövlətin üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib yetirməməsi barədə Məhkəməyə sorğu göndərilməsini nəzərdə tutur.

Anar Məmmədli
Anar Məmmədli

HÜQUQ MÜDAFİƏÇİSİNİN TƏƏCCÜBÜ

Avropa Şurasının Nazirlər Kabinetinin bu açıqlamasını hüquq müdafiəçisi Anar Məmmədli təəccüblə qarşılayıb.

«Mənə aydın deyil ki, Nazirlər Kabinetində hansı ekspert İlqar Məmmədovun həbsdən azad olunması imkanı ilə bu sərəncam arasında əlaqəni tapıb!? Belə çıxır ki, bu qurumu ya yanlış məlumatlandırıblar, ya da bilərəkdən özləri bu cür qərarlar verməklə İlqar Məmmədovla bağlı prinsipial mövqe tutmaqdan çəkinirlər. Yeri gəlmişkən, Avropa Şurasının Nazirlər Komitəsi bu qurumda təmsil edilən ölkələrin xarici işlər nazirlikləri ilə bağlı çalışır. Azərbaycanda isə Avropa Şurasının üzvü olan xeyli ölkənin səfirliyi var. Maraqlıdır, bu səfirliklər adıçəkilən sərəncamdan sonra Gözəl Bayramlının, Əfqan Muxtarlının, Əziz Orucovun barəsində həbs-qətimkan tədbirlərinin seçilməsindən xəbərdardırlarmı!?»,- deyə hüquq müdafiəçisi sual edir.

Hüquq müdafiəçisi son həftələrdə həbs edilən AXCP sədr müavini Gözəl Bayramlı, jurnalist Əfqan Muxtarlı və «Kanal 13» internet televiziyasının Bakı bürosunun rəhbəri Əziz Orucovun həbsi məsələsini gündəmə daşıyır. G.Bayramlı qaçaqmalçılıqda, Ə.Muxtarlı qaçaqmalçılıq və hüquq-mühafizə əməkdaşlarına zor tətbiq etməkdə, Ə.Orucov isə qanunsuz sahibkarlıqda ittiham edilirlər.

XATIRLATMA

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş kütləvi iğtişaşların təşkilində ittiham olunub. O, 7 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi hökmü ədalətli saysa da, 2015-ci ilin oktyabrında Ali Məhkəmə kassasiya şikayətinə baxaraq, işi təkrar baxılmaqdan ötrü Şəki Apellyasiya Məhkəməsinə göndərmişdi.

2015-ci ilin əvvəlində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) İ.Məmmədovun şikayətini təmin edərək, onun azadlığa buraxılması barədə qərar qəbul edib. Avropa Şurası Nazirlər Komitəsi dəfələrlə Azərbaycan hökumətini Strasburq məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Ancaq ötən il aprelin 29-da Şəki Apellyasiya Məhkəməsi əvvəlik hökmü qüvvədə saxladığından İ.Məmmədov azadlığa buraxılmayıb. Ali Məhkəmə də bu qərardan verilən kassasiya şikayətini təmin etməyib.

XS
SM
MD
LG