Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:27

Məhkəmədə vəkil də hakimi Allah qarşısında məsuliyyətə çağırdı


Nardaran, arxiv
Nardaran, arxiv

2015-ci il noyabrın 26-da Nardarandakı əməliyyatda zərərçəkmiş kimi tanınanlar apelyasiya məhkəməsinə öz vəkillərini göndəriblər. DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi əməliyyatda həlak olan polislər - Vüqar Nəsibov və İsmayıl Tağıyevin yaxınları məhkəməyə gəlməkdən imtina edirdilər.

Onlar Bakı Ağır Cinayətlər Məhkəməsində altı ay ərzində Nardaran işinə baxılarkən teleqram göndərərək, istintaqdakı ifadələrini təsdiqlədiklərini bildirmişdilər. Hətta bu iş üzrə Bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclasına da qatılmamışdılar.

Müsəlman Birliyi Hərəkatının sədri, ilahiyyatçı Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və daha 16 nəfərin apellyasiya şikayəti üzrə iyulun 13-də keçirilən məhkəməyə zərərçəkmişlərin vəkilləri gəlib.

Təqsirləndirilən şəxslərdən Taleh Bağırzadə, Fuad Qəhrəmanlı və daha bir neçə nəfərin hüquqlarını müdafiə edən vəkil Yalçın İmanov zərərçəkmişlərin hüquqi varisi kimi tanınan şəxslərin özlərinin də məhkəmədə iştirakı haqda vəsatət qaldırıb. Əmir Bayramovun sədrlik etdiyi hakimlər kollegiyası vəsatəti təmin etməyib.

Y. İmanov 26 noyabr əməliyyatına rəhbərlik etmiş, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin şöbə rəisi Kərim Əlimərdanovun da məhkəmədə dindirilməsi haqda vəsatət qaldırıb. Amma bu vəsatət də təmin olunmayıb.

POLİSLƏRLƏ BAĞLI VƏSATƏT QALDIRILIB

Vəkil Zibeydə Sadıqova isə məhkəmədə yalan ifadə verən polislər haqqında xüsusi qərar çıxarılıb, onların haqqında cinayət işi başlanması üçün prokurorluğa göndərilməsi haqda vəsatət qaldırıb. Vəkil deyir ki, polislər konkret faktlarla təkzib olunan yalan ifadələr veriblər:

"Məsələn, onlar iddia edirlər ki, əməliyyat zamanı üç güllə yarası alan Şamil Abduləliyevi, Bəhruz Əsgərovu özləri çağırdıqları Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya çatdırıblar. Halbuki, həmin yaralıları kənd sakinləri əvvəlcə qəsəbədəki tibb məntəqəsinə, oradan da təcili yardımla Sabunçudakı 3 saylı xəstəxanaya aparıblar. Bunu təqsirləndirilən şəxslərin özləri də, şahidlər də, ən əsası, Təcili Tibbi Yardımdan alınan rəsmi arayış da təsdiqləyir. Təəssüf ki, yalan ifadə verən polislərin bu əməlinə heç bir hüquqi qiymət verilməyib”.

Hakim bildirib ki, bu məsələyə sonda qərar çıxarılanda baxıla bilər.

Ardınca vəkillərin çıxışları mərhələsi başlanıb.

“18 NƏFƏRİN HAMISI GÜNAHSIZDIR”

Fəxrəddin Mehdiyev birinci instansiya məhkəməsində bu işə baxılarkən tərəflərə bərabər imkanlar yaradılmaması, iş üçün çox vacib vəsatətlərin heç birinin təmin olunmamasından danışıb. Müdafiəçi bildirib ki, məhkəmə qarşısına çıxarılan 18 nəfərin hamısı günahsızdır, onların 10 ildən 20 ilə qədər azadlıqdan məhrum edilməsi haqda hökm isə qanunsuz və əsassızdır.

Fuad Qəhrəmanlının "Facebook” səhifəsində yazdığı fikirlərinə görə cəzalandırıldığını deyən vəkil bildirib ki, o, ədalətsizliyə etirazını bildirdiyinə görə cəzalanıb: “Halbuki, ədalətsizliyə etiraz Fuad Qəhrəmanlının vətəndaşlıq borcu olmaqla yanaşı, həm də bir siyasətçi kimi birbaşa vəzifəsidir. Fuad Qəhrəmanlı Nardaranda baş verənləri təhlil edib, "Facebook” statuslarında yazıb ki, oradakı əməliyyat qanunsuz idi, adamların hüquqları qorunmalı idi, cəmiyyət də belə qanunsuzluqlara biganə qalmamalıdır. Buna görə ona Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham vermək hüquqdan, ədalətdən kənar hərəkətdir”.

Çıxışının sonunda Fəxrəddin Mehdiyev hakimlərə həm də Allah qarşısında məsuliyyətlərini xatırladaraq, onları ədalətli qərar verməyə çağırıb.

Vəkil Zibeydə Sadıqova da hüquqlarını müdafiə etdiyi şəxslərin günahsız olduqlarını, bu iş üzrə məhkəmənin ciddi qanun pozuntuları ilə keçirildiyini söyləyib.

“ÜÇ QƏLPƏLİ QUMBARA İCAD OLUNMAYIB”

Hüquqlarını müdafiə etdiyi Şamil Abduləliyevə əməliyyat zamanı dəymiş üç güllədən ikisinin hələ də onun bədənində qaldığını deyən Z. Sadıqova bildirib ki, polislər onu bu vəziyyətdə atıb gediblər. Kənd sakinləri onu xəstəxanaya çatdırıblar. Xəstəxanada müstəntiq onu gecə reanimasiyadan çıxarıb, o vəziyyətdə sənədlərə imza atdırıb. Təqsirləndirilən şəxslərin tutulub Nardarandan aparılarkən və ondan sonra da iki ay ərzində “bandotdel”də işgəncələrə məruz qaldığını deyən vəkil bildirib ki, işgəncələr vasitəsilə əldə olunmuş ifadələr sübutlar siyahısından çıxarılmalıdır.

Vəkil Nemət Kərimli baş vermiş hadisənin mahiyyətinin siyasi olduğunu bildirərək, bu iş üzrə məhkəmələrin də siyasi xarakterli olmasına diqqət çəkib. Vəkil deyir ki, günahsız adamları 15-20 il həbsə göndərməklə, din adamlarını aqressivləşdirmək yolverilməzdir. Vəkil həmçinin işdə olan şübhəli məqamları hakimlərin nəzərinə çatdırıb:

"İddia olunur ki, polis əməliyyat keçirəndə qarşı tərəf F-1 qumbarası atıb, qəlpələrindən ikisi polislərdən İsmayıl Tağıyevə, bir qəlpə, bir güllə də Vüqar Nəsibova dəyib, onlar da dünyalarını dəyişiblər. Dünyada üç qəlpəli qumbara icad olunmayıb. F-1 qumbarası partlayanda 300 metr radiusda yayılır. Bəs qalan qəlpələr hardadır? 30-40 nəfərin arasına qumbara atılıbsa, bəs o birilər necə sağ qaldı? Bu necə möcüzədi? Qumbara partlayan yerdə çala olmalıydı, yoxdur. Ekspert ağlına gələni yazıb, bilib ki, onsuz da nə yazsa, keçəcək".

“QAPININ AĞZINDA 15 DƏQİQƏ GÖZLƏYİRDİLƏR?”

Digər vəkil Yalçın İmanov da şübhəli məsələlərdən danışıb: "Necə olur ki, əməliyyatda ölən polislərdə rezin güllə atan silah olur, amma qalan hamısında “Zəfər” adlanan odlu silahlar? İddia edirlər ki, terrorçu dəstəni zərərsizləşdirməyə getmişdilər. Terrorçuların üstünə rezin güllə ilə gedirlər? Üstəlik, özlərinin dedikləri kimi, rezin güllə atan iki nəfəri qabağa verirlər, içəri onları salırlar? “Bandotdel”in əməkdaşları deyir ki, hadisə yerinə çatandan sonra 15 dəqiqə gözlədik. Nəyi gözləyirdilər? Telekanallarında Taleh Bağırzadəni Əl-Bağdadidən tutmuş, İŞİD-ə qədər müxtəlif terror təşkilatları ilə əlaqələndirilər. Terrorçuların qapısının ağzında niyə 15 dəqiqə dayanıb gözləyirdilər?"

Təqsirləndirilən şəxslərdən hadisə zamanı silah tapılması haqda protokollarda hal şahidi kimi adı keçən İntiqam Kərimov haqda danışan vəkil bu adamın narkoloji dispanserdə qeydiyyatda olduğunu, ondan Heydər Əliyevin heykəlinə şüar yazandan sonra həbs edilən gənc fəal Bayram Məmmədovun işində hal şahidi kimi istifadə olunduğunu bildirib.

"Cinayət işinin materiallarında bir yerdə yazılıb ki, qumbaranı qətlə yetirilmiş yerli sakinlərdən Əkbər Babayev atıb, başqa bir yerdə yazılıb ki, guya mərhum Sarvan Səfərov atıb. Bu nə deməkdir? Ekspertiza rəy verib ki, güllələr evin şüşələrinə içəridən çölə doğru yox, çöldən içəriyə doğru atılıb. Bu da sübut edir ki. Güllə atanlar polislərin özləri olub.
Bu adamlar Bakı Ağır Cinayətlər Məhkəməsində ifadələrində dedilər ki, ölən şəxslərin meyitlərini mebel maşınında polislər tapdalayırdılar. Ekspertiza da rəy verib ki, cəsədlərin üzərindəki qanlar bir-birinə qarışıb. Bu da təqsirləndirilən şəxslərin dediklərini sübut edir. Meyitləri atıblar bir-birinin üstünə. Üstəlik, təqsirləndirilən şəxslər aparılarkən onlara verilən işgəncələr nəticəsində axan qanlar – bunların hamısı bir-birinə qarışıb.

Təqsirləndirilən şəxslər deyir ki, Fərail Bünyadova güllə dəyməmişdi, yolda aparılanda mebel maşınında qara maskalılar onu avtomatın qundağı ilə o qədər döydülər ki, öldü. Öləndən sonra görüntü yaratmaq üçün meyitə güllə vurublar. Biz bütün bunların araşdırılmasını istəyirdik, amma birinci instansiya məhkəməsi də imkan vermədi, siz də belə görünür ki, imkan vermirsiz", – Yalçın İmanov çıxışında belə deyib.

“İMKANLARI OLSA, ALLAHA DEYƏRLƏR...”

Daha sonra təqsirləndirilən şəxslərdən Rasim Cəbrayılov çıxış edərək deyib ki, "bandotdel"də məruz qaldıqları işgəncələrin əziyyətini bu gün də çəkirlər: "Bizə çox zülmlər olub. Bu gün Azərbaycanda adamlar, məhkəmələr polisdən, məmurdan qorxurlar, amma Allahdan qorxmurlar. Sanki fironların yaşadığı dövrdəyik. İmkanları olsa, Allaha deyərlər düş aşağı, İlham Əliyev çıxsın ora..."

Bu yerdə hakimlərdən Əflatun Qasımov aşağılayıcı şəkildə müdaxilə ilə Rasim Cəbrayılovun sözünü kəsib. Bu da bütün təqsirləndirilən şəxslərin etirazına səbəb olub. Onlar Əflatun Qasımovun işlərinə baxan tərkibdən uzaqlaşdırılmasını tələb ediblər. Nəticədə məhkəmə yarımçıq dayandırılıb.

Məhkəmə iyulun 20-də davam edəcək.

XATIRLATMA

2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda, ikisi polis olmaqla, 6 nəfər həlak olub. Rəsmi ittihama görə, radikal silahlı dəstə polis əməkdaşlarına silahlı müqavimət göstərib və ölənlər bu qarşıdurmada həyatlarını itiriblər.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Taleh Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir.

Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.

XS
SM
MD
LG