Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:27

Azyaşlı oğlunun ölümündə suçlanan qadın: 'O gün Fərid diriləcəkdi...'


Foto arxiv
Foto arxiv

«İsa Peyğəmbər gələndə bütün ölənlər diriləcək. Bunu mənə İsa özü demişdi. Onunla danışırdım. Həmin gün uşaq xəstə idi, ona qızdırma dərmanı vermişdim. O gün Fərid diriləcəkdi...», - 5 yaşlı oğlunu öldürməkdə suçlanan Nazilə Qulubəyovanın sözləridir.

O, avqustun 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim önünə çıxarılıb. Məhkəmədə açıqlanan ittihamda yazılıb ki, 1983-cü il doğumlu Qulubəyova «Üzüm bağı» adlanan dini sektanın üzvü olub. İttihama görə, N.Qulubəyova «oğlunun bədənindən pis ruhları çıxarmaq üçün» onun ağzına əski parçası tutaraq sıxıb və uşaq boğularaq ölüb.

N.Qulubəyovanın həyat yoldaşı Rüstəm Qulubəyov hadisədən sonra onu boşayıb. Hazırda Qulubəyov bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Məhkəmədə N.Qulubəyovaya ifadə vermək təklif olunsa da, o, danışmaq istəməyərək özünü pis hiss etdiyini söyləyib. Qadın məhkəmə zalındakı şüşə kabinədə aramsız gülüb, əli ilə xaç işarəsi çəkib, öz-özünə danışaraq üfürüb.

«SONRADAN BİLDİM Kİ, «VİNOQRADNİKLƏR»Ə QOŞULUB»

Təqsirləndirilən Qulubəyovada psixi xəstəlik aşkarlandığından, qardaşı Arif Safullayev onun qanuni nümayəndəsi qismində tanınıb. O, məhkəmədə deyib ki, əvvəllər psixi problemi olmayan bacısı son vaxtlar özünə qapanırmış. Onun dini sektaya qoşulduğunu da hadisədən sonra eşidib. Qardaşının sözlərinə görə, Naziləni o sektaya həyat yoldaşının dostunun arvadı aparıb.

***Buna da bax-TeleRadio Şurası ANS-in 'cin'ini sıxışdırıb

Hadisəyə gəlincə, təqsirləndirilən şəxsin qardaşı o günü belə xatırlayır:

«İçəri daxil olanda gördüm ki, bir kənarda oturub. Uşağın meyiti divanda idi. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və Nazilənin həyat yoldaşı Rüstəm də orada idi. Həkim də çağırmışdılar. Hadisədən sonra bildim ki, bacım «vinoqradniklər» sektasına qoşulubmuş və o yerlərə gedib-gəlirmiş».

Rüstəm Qulubəyov da ifadəsində təsdiqləyib ki, Nazilə onun dostunun həyat yoldaşı ilə birlikdə dini sektaya qoşulub. Dediyinə görə, hər ikisi həyat yoldaşlarının bu hərəkətlərindən xəbər tutanda, onları çəkindirməyə çalışıblar.

«O HADİSƏDƏN SONRA ONUNLA YAŞAYA BİLMƏZDİM»

Nailənin istər onun özünə, istərsə də uşağa yaxşı baxdığını deyən zərərçəkmişin sözlərinə görə, hadisədən təxminən bir ay əvvəl dəyişikliklər hiss edib:

***Buna da bax-Azərbaycanda 'cin çıxarma' olayı britaniyalı jurnalistin gözüylə

«Fərqli hərəkətlər eləməyə başlamışdı. Əsəbləri gərginləşirdi. Bir gün dostum Emingilə gedəndə, Nazilənin vəziyyəti orada pisləşdi. Dostumun yoldaşı Sima onu mətbəxə aparıb dərman verib. Mən bunu sonradan öyrəndim. Dostum da, mən də onların həmin dini cərəyana qoşulmasını istəmirdik».

Hadisəyə gəlincə, atası deyir ki, həmin gün 5 yaşlı Fərid xəstə və yüksək qızdırmalıymış. Özü işdə olub, uşaqdan xəbər tutmaqdan ötrü həyat yoldaşına zəng eləsə də, cavab verilməyib:

«Ev telefonunu, mobil telefonu açmadı. Mən, anam və dostum qapının ağzına gəldik. Fövqəladə Hallar Nazirliyinə xəbər elədik. Qapı açılanda uşağın meyitini gördüm. Nazilə oturub, baxışlarını bir nöqtəyə zilləmişdi. Başa düşmədim ki, uşaq özü ölüb, yoxsa o öldürüb. Mən uşağı qucaqlayıb ağlayırdım».

Məhkəmənin nəticəsini gözləmədən, hadisədən dərhal sonra Nailədən boşanmasını isə belə izah edib:

«Düşündüm ki, o hadisədən sonra onunla birlikdə yaşaya bilmərəm».

Keçmiş həyat yoldaşı dindiriləndən sonra Nailə Qulubəyova hakimin bir neçə sualını, qısa da olsa, cavablayaraq deyib ki, uşağı öldürməyib, xəstə idi, ona görə də dərman verib:

«Mən İisus Xristosla danışırdım...».

Məhkəmə davam edir.

XS
SM
MD
LG