Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:54

Mədəniyyət naziri 'plagiata görə' elmi dərəcədən məhrum edilib


Vladimir Medinsky
Vladimir Medinsky

Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi yanında Ali Attestasiya Komissiyasının (VAK) Ekspert şurası mədəniyyət naziri Vladimir Medinsky-nin elmi dərəcədən məhrum edilməsinə səs verib.

Bu barədə məlumatı Facebook-da alimlərin könüllü şəbəkə birliyi olan «Dissernet»in üzvü Ivan Babitsky yayıb. Rusiyada elmi və elmi-pedaqoji işçilərin dövlət attestasiyasından keçirilməsinə, elmlər namizədi və elmlər doktoru dərəcələrinin, habelə elmi adların verilməsinə məhz Ali Attestasiya Komissiyası cavabdehdir.

TÖVSİYƏ

Medinsky-nin başçısı olduğu Rusiya Hərbi-Tarixi Cəmiyyətinin (RVIO) elmi direktoru Mikhail Miagkov Ali Attestasiya Komissiyasının Ekspert şurasının nazirin elmi dərəcəsini almağı təklif etdiyini təsdiqləyib. Ancaq o, həm də bunun yekun qərar olmadığını deyib.

«Bu qərar hələ heç nəyi həll etmir, bu, yalnız tövsiyədir. Ekspert şurasının indiki tərkibi və onun Medinsky-nin dissertasiyasına münasibətini nəzərə alsaq, bu tövsiyə gözlənilən idi. Hər şey VAK-ın rəyasət heyətində həll ediləcək», – Miagkov deyib.

Onun sözlərinə görə, Rəyasət Heyətinin toplantısı yaxın vaxtlarda baş tutacaq. Bundan başqa, qərarı Təhsil və Elm Nazirliyinin özü təsdiqləməlidir.

Medinsky-nin doktorluq dissertasiyası ətrafında qalmaqal 2016-cı ilin aprelində başlayıb. Ancaq nazir «XV əsrin II yarısı - XVI əsr Rusiya tarixinin işıqlandırılmasında obyektivlik problemləri» mövzusunda dissertasiya işini 2011-ci ildə müdafiə edib. Tarixçilərin elmi birliyi (onların arasında Ivan Babitsky də olub) mətni oxuduqdan sonra Təhsil və Elm Nazirliyinə ərizə ilə müraciət edərək, Medinsky-nin elmi dərəcəsinin alınmasını tələb ediblər. Onlar müraciətdə bildiriblər ki, dissertasiya «hətta tarix fakültəsi tələbəsinin kurs işində belə təsəvvürə gətirə bilmədiyimiz son dərəcə kobud səhvlərlə doludur».

V.Medinsky Rusiya milli kitabxanasında
V.Medinsky Rusiya milli kitabxanasında

SİTATLAR

Daha sonra bir neçə sitat gətirilir:

- «Bəlli olduğu kimi, pravoslavlarda bütün kilsə kitabları rus dilində yazılmışdı, ona görə də onların məzmununu anlamaq asan idi. Katolik və protestantlarda isə durum fərqli idi. Onların müqəddəs kitabları sıravi dindarların bilmədiyi latın dilində yazılmışdı».

- «Xristian və katolik dinləri arasındakı fərqlər müəyyən qarşılıqlı anlaşmazlıq və inamsızlıq doğururdu».

- «Tarix elminin səmimi cavab verməli olduğu ilk sual budur: bu və ya digər hadisə, yaxud əməl ölkə və xalqın maraqlarına nə dərəcədə cavab verir? Rusiyanın milli maraqlarının tərəzidə çəkilməsi tarixi əsərin doğruluğunun mütləq standartıdır».

- «Ancaq, əslində, ruslar əcnəbilərlə müqayisədə çox ayıq (spirtli içki içmək mənasında - tərc.) idilər. Axı, onlara ildə yalnız bir neçə gün, dörd böyük kilsə bayramında spirtli içki içməyə icazə verilirdi. Əcnəbilərsə hər gün və ayılmadan içirdilər».

«DİSSERTASİYA TƏLƏBLƏRƏ TAM CAVAB VERİR»

Alimlər bildirirlər ki, Medinsky-nin elmi işinin mətni doktorluq dissertasiyasının tələblərinə cavab vermir. Onlar qeyd edirlər ki, nazir işin nəşri və müdafiəsi prosedurunu da pozub. Alimlərin, siyasi və ictimai xadimlərin elmi işlərində plagiat axtarışı ilə məşğul olan «Dissernet» portalı hələ 2013-cü ildə Medinsky-nin dissertasiyasında plagiat elementləri aşkarladığını yazmışdı.

Ərizənin təqdimatından sonra Medinsky-nin dissertasiyası bir neçə elmi şura və Rusiyanın müxtəlif ali məktəblərində müzakirə olunmalı idi. Ancaq iyulun 7-də Belqorod Dövlət Universitetinin dissertasiya şurasının komissiyası, ardınca isə şuranın özü mədəniyyət nazirini tarix elmləri doktoru elmi dərəcəsindən məhrum etməkdən imtina edib.

«Medinsky-nin dissertasiyası tələblərə tam cavab verir, müəllifin doktor dərəcəsi almasında formal pozuntular yoxdur. Ərizə müəlliflərinin dissertasiyadakı plagiat haqqında iddiaları həqiqətəuyğun deyil», – Şuranın çıxardığı qətnamədə deyilir.

V.Medinsky-nin özü isə öz tənqidçilərini «məşğul olmağa peşə tapmayan işsiz-gücsüz müxalifət xadimləri» adlandırıb.

XS
SM
MD
LG