Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:10

Vəkil: ‘Alkoqolizmdən... əziyyət çəkəndən üzəduran kimi istifadə olunur’


Əhsən Nuruzadə
Əhsən Nuruzadə

Dindar fəalın işində hal şahidliyi etmiş şəxs xroniki alkoqolizm və psixi fəaliyyətin pozulması diaqnozu ilə 2014-cü ildən qeydiyyatda imiş. Söhbət “Müsəlman Birliyi” hərəkatının həbsdə olan koordinatoru Əhsən Nuruzadənin üzünə dayanıb, onun cibindən narkotik çıxdığını iddia edən hal şahidi Namət İbrahimovdan gedir. Respublika Narkoloji Mərkəzdən vəkil sorğusuna cavabda bu haqda məlumat verilib.

Yanvarın 23-də Ə.Nuruzadənin məhkəməsində vəkili Fariz Namazlı adıçəkilən şahidin ifadələrinin sübutlar siyahısından çıxarılması haqda vəsatət qaldırıb. Çünki qanun alkoqolizmdən, psixi fəaliyyətin pozulmasından əziyyət çəkən adamın şahid kimi tanınmasına, dindirilməsinə imkan vermir: “Faktiki, bu işdə alkoqolizmdən, psixi pozuntudan əziyyət çəkən adamdan üzəduran kimi istifadə olunub”.

Amma hakimlər vəsatəti təmin etməyib.

Buna da bax: Vəkil deyir, 'Əhsən Nuruzadədən işgəncə altında ifadə alınıb'

“Ailə üzvlərinə xəbər verilməsi haqda yazılanlar yalandır”

Dindar fəalın 6 oktyabrda şübhəli şəxs qismində saxlanmasına dair protokolda yazılıb ki, onun saxlanması haqda ailə üzvlərinə məlumat verilib. Halbuki, həmin gün Ə.Nuruzadənin anası oğlunun yoxa çıxması ilə əlaqədar Daxili İşlər Nazirliyinin “102” xidmətinə müraciət edib, ertəsi gün 18-ci polis bölməsinə bu haqda yazılı ərizə verib. Hər iki müraciət əsasında material açılıb, sonradan cinayət işinin rədd olunması haqda qərar çıxarılıb. Qərarda da yazılıb ki, Ə.Nuruzadənin harada olduğunu əvvəlcə onlar da müəyyənləşdirə bilməyiblər, bir müddət sonra onun tutulduğu haqda məlumat alıblar.

Buna da bax: 'Siyasi məhbus'ların 19 nəfəri jurnalist və bloqqerdir

Vəkilin sözlərinə görə, bu qərarın özü onun ailəsinə məlumat verilməsi haqda protokolda yazılanların yalan olduğunu təsdiqləyir. Müdafiəçinin vəsatəti ilə həmin qərar Ə.Nuruzadə barəsində cinayət işinin materiallarına əlavə olunub.

“Mitinqə çağırışdan sonra həbs olundum”

Daha sonra Ə.Nuruzadə özü ifadə verib. O, bu həbsindən əvvəl iki dəfə oğurlanması, həmin müddətdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanması, sonradan guya, küçədə söyüş söyməsi haqda protokol tərtib olunub, 10 gün inzibati həbs cəzası alması haqda ətraflı danışıb: “Həm yanvarda, həm də sentyabrda oğurlanıb, “bandotdel”də saxlanılanda məndən Milli Şura, Əli Kərimli, hüquq müdafiəçiləri, media nümayəndələri ilə əlaqələrim haqda soruşurdular. Mənə xəbərdarlıq eləmişdilər ki, əgər bu yoldan çəkilməsəm, cinayət işi açıb, uzunmüddətli həbsə göndərəcəklər. İkinci dəfə oğurlanıb, on gün inzibati həbsdən sonra oktyabrın 2-də azadlığa buraxıldım. Müxalifətin 7 oktyabrda mitinqi vardı, mən ayın 5-də öz “Facebook” səhifəmdən o mitinqə çağırış eləmişdim. Ona görə də ertəsi gün məni tutub, narkotiklə şərlədilər...”

Buna da bax: 'Nardaran işi-2': 'Biri övladlarını, o biri atasını qorumaq üçün etmədiyini üzərinə götürüb'

Nardaran hadisələrinə görə həbs olunanların məhkəməsinə gedərkən olduğu taksinin qarşısının kəsildiyini deyən dindar fəalın sözlərinə görə, onu düşürüb, öz maşınlarına mindiriblər: “7-8 dəqiqə elə maşında döydülər, sonra idarəyə gətirdilər. Əllərim qandallı vəziyyətdə idi. Bir nəfər cibimə bükülünü qoydu, ardınca da hal şahidlərini çağırıb, onu çıxartdılar”.

Ə.Nuruzadə BMCMİ-də döyülüb-söyüldüyünü, işgəncələrə məruz qaldığını bildirib.

Dindar fəalın məhkəməsi fevralın 6-da davam edəcək.

Xatırlatma

Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.

Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.

XS
SM
MD
LG