Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:53

Əhəd Abıyev: 'MTN-də Samir Şərifovun əleyhinə ifadə almaq istəyirdilər'


Əhəd Abıyev
Əhəd Abıyev

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev prokurorluqda MTN işi üzrə geniş ifadə versə də, məhkəməyə gəlməkdən imtina etdi. Abıyev məhkəmə çağırışına teleqramla cavab verdi. AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, keçmiş deputat və indiki icra başçısı teleqramda istintaqdakı ifadəsini təsdiqlədiyini, məhkəmə qarşısına çıxarılan sabiq MTN-çilərdən şikayət və tələbinin olmadığını bildirib. İstintaqa ifadəsində isə işçisinin saxlanmasından tutmuş, özünün keçmiş nazir Eldar Mahmudovla görüşünə, MTN-də maliyyə naziri Samir Şərifovun əleyhinə ifadə almaq cəhdlərinə qədər müxtəlif məsələlərdən danışıb.

Yaxın günlərdə hökm oxunacaq sabiq MTN-çilərin bir neçəsinə verilən ittihamlar arasında Daşkəsən rayonu, Qabaqtəpə-Astav yolunda körpülərin tikintisi üçün dövlət büdcəsindən ayrılmış 2 milyonun 686 min manatının ələ keçirilməsi məsələsi də var. Ə.Abıyev də bu məsələ ilə əlaqədar dindirilib.

Şirkətə köçürülmüş pul icra hakimiyyətinə necə qayıdır?

Körpülərin tikintisi üçün Daşkəsən Rayon İcra Hakimiyyətinə ayrılmış vəsaitin bir hissəsi «Design Construction» adlı şirkətin bank hesabına köçürülüb. Rəsmi sənədlərə görə, körpülərin tikintisi üçün tenderin qalibi bu şirkət olub. Pul köçürüləndən sonra Ə.Abıyev icra hakimiyyətinin memarı Elman Məmmədovu Bakıya göndərib ki, həmin vəsaiti şirkətin təmsilçilərindən alıb Daşkəsənə qayıtsın. Həm icra başçısı, həm də memarı köçürdükləri vəsaiti nağd şəkildə şirkətdən geri almalarını belə izah ediblər ki, özləri həmin pula körpülərin inşası üçün lazım olan tikinti materialları alacaqdılar...

Pul
Pul

Razılaşdırıldığı kimi, memar E.Məmmədov və «Design Construction»ın təmsilçisi, eləcə də şirkətlə icra hakimiyyəti arasında vasitəçi olan Yeganə Abbasova «Azəriqazbank»ın Xətai rayonu ərazisində, Ali Məhkəmənin binasının yaxınlığında yerləşən filialında görüşüblər. Şirkətin nümayəndəsi Natiq Fətəliyev kassadan pulu alandan sonra, öncədən danışdıqları kimi, 2 min manat vasitəçi xidmətinə görə Y.Abbasovanın özünə verib. Bir az da üstündən özünə götürəndən sonra qalan pulu böyük bir bağlamada Abbasovaya verib ki, Daşkəsən RİH-nin memarına çatdırsın. Y.Abbasova içində 686 min manat pul olan bağlamanı E.Məmmədova verib. Onlar elə yenicə ayrılıblar ki, MTN əməkdaşları hər ikisini ayrı-ayrılıqda tutub nazirliyə gətirib.

«İcra başçısı əlaqələrindən istifadə edib məni buraxdırdı»

E.Məmmədov deyir ki, o, pulu alandan sonra tikinti materiallarından ötrü «Dərnəgül bazarı»na gedəndə «Gənclik» tərəfdə MTN-çilər onun olduğu taksinin qarşısını kəsib maşından düşürüblər. Əllərini də qandallayıb, özləri ilə aparıblar: «Məni orada otağa salan kimi, Natiq Alıyev üstümə qışqırıb dedi ki, «bu pulu icra başçısı üçün aparırsan». Mən isə dedim ki, lazım olan tikinti materialları alınacaq. Dediklərimə əhəmiyyət vermədilər. Əksinə, Natiq Alıyev dedi ki, Əhəd Abıyev onlara da 1 milyon pul verməlidir, lazım olsa, onu da MTN-ə gətirdəcəklər...».

Tutulduğu gün gecə saat 2-yə qədər MTN-də saxlandığını deyən memarın sözlərinə görə, onu buraxsalar da, pulu qaytarmayıblar: «Pulun qaytarılmasını xahiş eləyəndə Natiq Alıyev kobud cavab verdi. Üstəlik, icra başçısına da 1 milyon verməli olduğunu çatdırmağımı tələb elədi. Çıxanda gördüm ki, MTN-in qarşısında Əhəd Abıyev məni gözləyir. Məni maşınına mindirib apardı. Başıma gələnləri danışdım. Belə başa düşdüm ki, icra başçısı mənim tutulduğumu eşidəndən sonra öz əlaqələrindən istifadə edərək məni buraxdırıb».

MTN
MTN

E.Məmmədov deyir ki, MTN-çilər pulu qaytarmadığından sonradan körpüləri daxili imkanları hesabına, «Retro İnşaat» adlı başqa bir şirkətin hesabına tikib başa çatdırıblar. Sözügedən 686 min manatın aqibəti ilə bağlı isə icra hakimiyyətində heç bir rəsmi sənəd tərtib olunmayıb.

E.Məmmədovla yanaşı, Y.Abbasova da gecə saat 12 radələrinə qədər MTN-də saxlandığından onların hər ikisi zərərçəkmiş qismində tanınıb. Amma Ə.Abıyev şahid statusunda dindirilib.

Əhəd Abıyev: «Məni içəri buraxmadılar, söydüm...»

İcra başçısı bildirib ki, işçisinin tutulduğunu bilən kimi Bakıya yola düşüb, axşam saat 20:00 radələrində MTN-in qarşısında olsa da, onu içəri buraxan olmayıb. O da əsəbiləşərək söyüş söyüb. Bunu da nazir Eldar Mahmudova çatdırıblar: «Elmanı MTN-in 4-cü Baş İdarəsinin (Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi-red.) əməkdaşlarının tutduğunu biləndən sonra o idarənin rəisi Sübahir Qurbanovun nömrəsini öyrənib, ona zəng elədim. Söhbətimiz alınmadı. Əksinə, hay-küy qaldırdığıma görə mənə narazılıq etdi. Amma yenə də heç yerə getmədim, Elman buraxılana qədər də orada qalacağımı dedim. Eyni zamanda, nazir Eldar Mahmudovun da məni qəbul etməsini istədim. Yenə nəticə olmadı. «Azəriqazbank»ın sahibi Çingiz Əsədullayevə də zəng elədim, o da qəti söz vermədi... Elman Məmmədov çıxandan sonra danışdı ki, orada ondan mənim və Samir Şərifovun (maliyyə naziri-red.) əleyhinə izahat yazmağı tələb ediblər. Büdcədən ayrılan pulları bizim ələ keçirdiyimiz haqda izahat verməliymiş. Amma o razılaşmayıb və izahat verməkdən imtina edib».

«Eldar Mahmudov söyüşə görə narazılığını bildirdi»

Ə.Abıyevin sözlərinə görə, MTN-in qarşısında işçisini gətirib təhvil verən əməkdaş deyib ki, sabah səhər nazir onu qəbul edəcək. Ertəsi gün səhər onlar E.Mahmudovla görüşüblər. Görüşdə aralarındakı söhbət haqda isə Abıyev bunları deyib: «Elə söhbət başlayan kimi Eldar Mahmudov söyüş söyməyimə görə narazılığını bildirdi. Dedim ki, «mən söyüş söymüşəm, amma sizin əməkdaşlarınız da quldurluq edib, tikinti üçün nəzərdə tutulan pulları ələ keçirirlər». Bundan sonra söhbətimiz sülh şəraitində davam etdi. Əməkdaşlarının məndən 1 milyon tələb etdiklərini də dedim. Mənim yanımda daxili telefonla zəng eləyib tapşırdı ki, mənimlə işləri olmasın. Amma Elmandan götürülmüş pulun qaytarılması haqda heç bir göstəriş vermədi...».

"MTN işi"ndə məhkəmə hökmləri nə qədər ədalətlidir?
Gözlə

No media source currently available

0:00 0:01:02 0:00

«Yalandır, pul qaytarılıb...»

Bu hadisədə həbsdə olan MTN əməkdaşlarından Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəis müavini olmuş polkovnik Füzuli Əliyev, işçiləri Natiq Alıyev və Zaur Məmmədovun, nazirliyin Monitorinq Mərkəzinin əməkdaşı Fərhad Atayevin (çünki uzun müddət E.Məmmədov və Y.Abbasovanın telefon danışıqları qanunsuz dinlənilib) adı daha çox hallanır. Sabiq MTN-çilər məhkəmədə ifadə verərkən bildiriblər ki, Ə.Abıyev və işçisinin ifadələrində pul haqda söylənilənlər yalandır. Onlar and-aman ediblər ki, E.Məmmədov buraxılanda pul da qaytarılıb.

E.Məmmədov məhkəmədə də dindirilib və icra başçısı kimi, o da məhkəmə qarşısına çıxarılmış MTN-çilərdən şikayətçi olmadığını söyləyib.

Xatırlatma

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib. Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. MTN generalı Akif Çovdarov isə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilə qədər iş kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum edilib.

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun köməkçisi olmuş Vüqar Mahmudov isə 2017-ci ilin oktyabrında həbs edilib. Onunla bağlı istintaq davam edir. V.Mahmudov keçmiş nazirin köməkçisi olmaqla yanaşı, həm də əmisi oğludur.

Sabiq MTN-çilər mütəşəkkil dəstə yaradaraq özəlliklə iş adamları olmaqla, müxtəlif şəxslərdən həbs hədəsi, fiziki və psixoloji təzyiqlər yolu ilə külli miqdarda pul almaqda, adamları qanunsuz şəkildə günlərlə MTN-də saxlamaqda, insanların telefon danışıqlarını dinləməkdə, dövlət büdcəsindən agentura fəaliyyəti, əməliyyatlar üçün ayrılmış vəsaitləri mənimsəməkdə və başqa əməllərdə suçlanırlar.

XS
SM
MD
LG