Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:48

Qalağayın kəndində susuzluqdan ağaclar 'kösövə' dönüb...


Qalağayın kəndi, quruyan ağac,6 iyul 2018
Qalağayın kəndi, quruyan ağac,6 iyul 2018

“Şəhərdə yaşayan böyük rütbəli məmurlar deyirlər ki, kəndlilər işləmir, hazır yemək axtarırlar. Evdə üç gənc oğlum bekar oturub. Baxın, torpağımız var. Elə bağçada işləyib özümüzü dolandıra bilərik. Amma gərək su ola...”

Sabirabad rayonunun Qalağayın kəndinin sakini Etibar Dadaşov belə deyir. Müsahibimizin sözlərinə görə, son vaxtlar suvarma suyu ilə təminat pisləşəndən bəri əkinləri yaxşı məhsul vermir, bar ağacları quruyur:

Etibar Dadaşov, 6 iyul 2018
Etibar Dadaşov, 6 iyul 2018

“KARTOF ƏKİB, “FINDIQ” YIĞDIM”

“Gördüyünüz bu yerə 400 kiloqram toxumluq kartof əkmişdik. Gətirdiyi məhsul fındıq boydadır. Onu nəinki insan, heç heyvan da yeməz. Gavalının meyvəsi noxud boydadır. Həyətdəki çoxillik ərik, gilənar, əncir ağacları yandı. Görün iş harasıdır ki, susuzluğa davamlı olan iydə ağacları da quruyur. İndi bağ yerim Qazaxıstan düzünə bənzəyir.”

Kəndin başqa bir sakini- Elşən Nəzərov da su olmamasından zərər çəkdiklərini deyir:

“Həyətyanı torpağımı şumlatdırıb yonca səpmişdim. Əkini suvara bilmədiyimdən yonca bitmədi, sahədən vəhşi otlar, tikanlar çıxdı. Çəkdiyimiz zəhmət də, xərc də batdı. Mal-qara üçün otu pulla almalı olacam. Bir bağlaması üç manatdır. Belə heyvan saxlamaq da sərfəli deyil.”

Sonda əldə olunan məhsul , 6 iyul 2018
Sonda əldə olunan məhsul , 6 iyul 2018

“BABAMIN CƏNNƏTMƏKANINDAN BİR NEÇƏ QURUMUŞ AĞAC QALIB”

Sadıq Nəzərov isə deyir ki, su qəhətə çəkilməsəydi, indi bəlkə də kəndin ən varlı adamı olardı:

“Ata-babalarımdan hər cür meyvə ağacı olan bağ qalmışdı. Vaxtilə burada beş yüzdən çox ağac olub. Hər il bu bağdan tonlarla məhsul götürülüb. Şəhərdə yaşayan qohumlarımız yayın isti günlərində gəlib bu bağda istirahət edirdilər. Ailəmizin xeyir-şər məclisləri burada keçrilib. O ağaclar bir-bir, iki-iki yandı. Yerdə qalanları vedrə ilə su daşıyıb dibinə tökməklə saxlamışam. Amma bunlar da bir ucdan qurumaqdadır.”

Sakinlərdən Şahin Bağırov hesab edir ki, onlar biganəliyin qurbanıdır:

Qalağayın kəndi, Hüsü Hacıyev adına kanal , 6 iyul 2018
Qalağayın kəndi, Hüsü Hacıyev adına kanal , 6 iyul 2018

““Muğan” yaşayış massivinə su Hüsü Hacıyev kanalından gəlir. Kanalda daim su var. Amma onun səviyyəsi aşağı olduğundan kəndə gələn arxa tökülmür. Buna görə nasos qoyulmalıdır. Bir də arxı təmizləmək lazımdır. Bu məsələni aidiyyatı qurumlar qarşısında dəfələrlə qaldırmışıq. Amma bu işə bir əncam çəkən yoxdur. Bu qədər insana qarşı sayğısız münasibət olmaz.”BƏLƏDİYYƏ SƏDRİ: “SU ƏSASƏN PAMBIQ SAHƏLƏRİNƏ VERİLİR”

Sakinlər düşünürlər ki, problem yerli əhəmiyətli olduğundan, onu bələdiyyə də aradan qaldıra bilər. Yetər ki, təşəbbüskarlıq ola. Onlar hesab edir ki, ilk olaraq su arxı təmizlənilməlidir. Adamlar bundan ötrü maddi dəstək verməyə hazır olduqlarını, texnika işləyə bilməyən yerlərdə isə təmizlik işini özləri, əl əməyi ilə görməyə razı olduqlarını da deyirlər.

Qalağayın kənd bələdiyyəsinin sədri Nəsihət Məmmədov problemin mövcudluğunu təsdiqləyir. Lakin vurğulayır ki, bunu aradan qaldırmaq gücündə deyil:

Sabirabad rayonu, Qalağayın kəndini göstərən yol işarəsi , 6 iyul 2018
Sabirabad rayonu, Qalağayın kəndini göstərən yol işarəsi , 6 iyul 2018

“Qalağayın kəndinə suvarma suyu bir neçə mənbədən daxil olur. Bu axır vaxtlarda Sabir kanalından da əlavə iki arx çəkdirmişik. Bundan əlavə, “Kür arxı” da var. Amma problem odur ki, ərazidəki boş torpaqlar tutulduğundan və hasara alındığından bu kanalı Hüsü Hacıyevdən gələn arxla birləşdirmək olmur. Hüsü Hacıyevdən gələn arxın suyu “Olimpiya” kompleksindən yuxarı qalxa bilmir. Çünki kanalda əvvəlki suyun heç 30 faizi də yoxdur. Açıq deyim: su əsasən pambıq sahələrinə verilir.”

Rayon rəhbərliyindən isə, hələlik, məsələyə münasibət almaq mümkün olmayıb.

XS
SM
MD
LG