Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:54

Qəzetlər Trump-a: ‘Xalqın düşməni deyilik’


Media iyulda keçirilmiş Trump-Putin sammiti barədə
Media iyulda keçirilmiş Trump-Putin sammiti barədə

Bu gün – avqustun 16-da Birləşmiş Ştatlardan çıxan 300-dən artıq qəzet mətbuat azadlığını müdafiə məqsədilə redaksiya məqalələri dərc edib. Onlar prezident Donald Trump-ın bəzi media təşkilatlarını Amerika xalqının düşməni adlandırmasına bu cür cavab verib.

Kampaniyanın təşkilatçısı “The Boston Globe” qəzetidir, ona “The New York Times” və bir sıra daha kiçik qəzetlər qoşulub. Bəziləri Trump-ın 2016-cı ildə prezident seçkisini qazandığı ştatlarda yerləşir.

“GİZLİ SÖVDƏLƏŞMƏ” İTTİHAMI

“The Boston Globe” redaksiya məqaləsində Trump-ı “azad mətbuata davamlı hücum”da ittiham edib.

“Amerikanın böyüklüyü azad mətbuatın rolundan asılıdır. Mətbuata ‘xalqın düşməni’ damğası vurmaq antiamerikan hərəkətdir”, – məqalədə deyilir.

Trump zaman-zaman mediaya müxalifət partiyası kimi davranıb, obyektiv yazıları “saxta xəbər” adlandırıb.

Məsələn, prezident 2017-ci ilin fevralında tvitində yazıb ki, “SAXTA XƏBƏR mediası (@nytimes, @NBCNews, @ABC, @CBS, @CNN) mənim deyil, Amerika xalqının düşmənidir”.

“Reuters” agentliyi qəzetlərin apardığı kampaniyaya Ağ evdən reaksiya ala bilməyib.

Townhall.com mühafizəkar vebsaytında Tom Tradup qəzetləri “gizli sövdələşmə”də suçlayıb.

Bir sıra dövlət xadimləri də Trump-ı mətbuat azadlığı məsələsində görə tənqid edib.

Jeff Flake
Jeff Flake

STALİN-LƏ MÜQAYİSƏ

Yanvarda Arizonadan respublikaçı senator Jeff Flake deyib ki, Trump keçmiş sovet diktatoru Josef Stalin-in despotik dili mənimsəyib.

Trump-ın seçkini udduğu Missuridə çıxan “The Kansas City Star” qəzeti də Trump-ın mediayla bağlı şərhlərini Stalin-in tənqidçilərini susdurmasına bənzədib.

“The Wall Street Journal” kampaniyaya qoşulmayıb. James Freeman köşə yazısında qeyd edib ki, “The Boston Globe”nun etdiyi redaksiyaların müstəqilliyinə ziddir. Freeman yazıb ki, Trump-ın da azad söz azadlığı var.

Rəy sorğuları respublikaçıların son illər xəbər mediasına getdikcə daha mənfi yanaşdığını üzə çıxarıb: Pew araşdırma mərkəzinin məlumatına görə, 2017-ci ilin iyunundan respublikaçıların və respublikaçılara meyllənən müstəqillərin 85 faizi xəbər mediasının ölkəyə mənfi təsir göstərdiyini deyib. 2010-cu ildə bu rəqəm 68 faiz idi.

Ancaq qəzetlər əksini sübut etməyə çalışırlar.

“Biz düşmən deyilik”, – Kaliforniyada çıxan “Mercury News” bəyan edib.

XS
SM
MD
LG