Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:04

'Neftçi Qurban dedi: Neftçiləri Azneft meydanına mitinqə yığacam, təki sən getmə'


S.Bağırov
S.Bağırov

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin – SOCAR-ın keçmiş prezidenti Sabit Bağırov 24 il öncə – sentyabrın 20-də «Əsrin müqaviləsi»nin imzalandığı günü belə xatırlayır. O, AzadlıqRadiosunun suallarını cavablandırıb.

- Sabit bəy, Siz iş başına gələndə vəziyyət nə yerdə idi?

- Bu proses 1991-ci ildə başlamışdı, SSRİ Nazirlər Kabineti «Azəri» yatağı üzrə tender elan etmişdi. O tenderdə ABŞ-ın «Amoco» şirkəti qalib gəlmişdi. Bundan sonra hazırlıq işlərinə başlanmışdı. 1992-ci ildə hakimiyyətə Xalq Cəbhəsi gəldikdən sonra da proses davam etdirildi, haradasa sentyabr-oktyabr aylarında bir məsələ ortaya çıxdı, təkcə «Azəri» yatağının işlənməsi ilə bağlı kontrakt hazırlanmasın. Eyni zamanda «Günəşli» və «Çıraq» yataqları da işlənsin.

- Niyə iki yatağın da işlənməsinə qərar verildi?

- Bunların üçü də vahid yataqdır, sovet vaxtı qırıq-qırıq, hissə-hissə kəşf edilmişdi. Açığını deyim ki, o vaxt bir yox, bir neçə yatağın kəşfində maraqlıydılar. Ona görə onların birgə işlənməsi bir çox xərclərin azalmasına gətirərdi. 1992-ci ilin noyabrında bu məqsədlə 5 memorandum imzalandı. Böyük kontrakt hazırlamaq isə mürəkkəb işdir, burda hüquqi, iqtisadi, kommersiya, ekoloji və bir çox məsələlər var ki, razılaşdırılmalı idi. 1993-cü il iyulun əvvəlinə yalnız kommersiya şərtlərinin razılaşdırılması qalmışdı. Kontraktın imzalanması avqust, sentyabr aylarına gözlənirdi. Amma ölkədə hakimiyyət dəyişdi, sonra da bəzi ləngitmələr oldu və kontrakt 1994-cü ilin sentyabrında imzalandı.

- Ovaxtkı prezident Heydər Əliyevin köməkçisi işləmiş Eldar Namazov AzadlıqRadiosuna müsahibəsində deyib ki, Rusiya kontraktın imzalanmasını əngəlləməyə çalışırdı deyə, şərtləri razılaşdırmadan sənəd sentyabrda imzalandı. Bəlkə Elçibəy hakimiyyəti də bu cür çevik davranmalı idi?

- Rusiyanın təkidləri 1993-cü ilin yazından hiss olunmağa başladı. Ona qədər bu ölkədə Qaydar baş nazir idi, o da liberal və islahatçı idi. Rusiyada mürəkkəb proseslər gedirdi və onun xarici siyasəti tam formalaşmamışdı. Xarici siyasət haradasa 1993-cü ilin əvvəlində sənəd şəklinə düşdü və onunla da təzyiqlər gücləndi. Qaydar, səhv etmirəmsə, 1992-ci ilin dekabrında Bakıya gəlmişdi, yaxşı da qarşılandı, prezident Elçibəylə də görüşdü, yaxşı da söhbətləri oldu. Sonradan proses dəyişdi. O ki qaldı tələsməyə, biz özümüz də tələsirdik, ancaq kontraktın hazırlanması mürəkkəb işdir, müəyyən mərhələlərdən keçir. Burda yüzlərlə mütəxəssis işləyir. Asan deyil, əlbəttə, ortada məsuliyyət varsa. Hökumət məsuliyyətsizdirsə, deyə bilər, gəlin sabah imzalayaq.

- Sabit bəy, ölkə yenicə müstəqillik qazanmışdı, müharibə gedirdi, Qərbin neft şirkətlərini inandırmaq çətiniydimi, şərtləri ağır deyildi?

- Mən çətinliklə qarşılaşmamışam. Sadəcə, 1993-cü ildə hakimiyyət dəyişəndən sonra şirkətlərdə narahatlıq yarandı, onların şərtləri dəyişdi, kəskinləşdi, çünki risklər artmışdı.

- Nə şərtlər idi?

- Kommersiya şərtlərinə gəlib çıxır da... Artıq onda mən prosesdən kənarda idim, şirkətdə işləmirdim, nə deyə bilərəm. İyulun əvvəllərində şirkətdən getmişdim.

- Neft Şirkətinin rəhbəri vəzifəsinə necə gətirildiniz?

- Bir dəfə Elçibəy məni çağırdı, getdim gördüm İsa Qəmbərlə Pənah Hüseyn də ordadır. Onda Prezident Aparatında strateji proqramlar üzrə dövlət müşaviri idim. Üçü də söhbət əsnasında, demərəm xahiş etdilər, amma izah etdilər ki, dövlət şirkətində rəhbərlik dəyişməlidir, inandığımız adam, etibar etdiyimiz adam rəhbər olmalıdır. «Aramızda da yeganə mühəndis-iqtisadçı sənsən, həm də inandığımız adamsan» - dedilər. Söhbət belə olub.

«Əsrin müqaviləsi»nin imzalanması. 20 sentyabr 1994
«Əsrin müqaviləsi»nin imzalanması. 20 sentyabr 1994

- Amma deyəsən, Siz də Marlen Əsgərovun namizədliyini vermişdiniz?

- Mən onu təklif edirdim. Rəhbərlik qəbul etmədi. Başqa namizəd Rəsul Quliyev də vardı, alimlərdən vardı, ad çəkmək istəmirəm, tanınmış akademiklərdir... Nədənsə mənə dedilər, mən də imtina edə bilmədim, razılıq verdim.

- Çətin deyildi? Xarici şirkətlərlə işləmək, kontraktlar hazırlamaq, mütəxəssislər də az idi...

- Çətin idi. Mən ilk öncə müşahidə etdim ki, bir ildən çoxdur kontraktın hazırlanması istiqamətində iş gedir, amma bizim mütəxəssislər hazır deyillər, bazar iqtisadiyyatını bilmirlər. O səbəbdən gənc mütəxəssislərdən ibarət bir dəstəni xaricə göndərdik, bir neçə ay xüsusi kurslardan keçdilər. Məsələn, birinci dəfə texniki-iqtisadi əsaslandırmanı gətirib qarşıma qoyanda gördüm ki, köhnə, sovet üslubunda hazırlanıb. Tamamilə bazar iqtisadiyyatına uyğun deyil. Mən özüm də Neft Kimya İnstitutunun Neft-mexanika fakültəsini bitirmişdim. Əlbəttə, ona qədər birbaşa neft hasilatı ilə məşğul olmamışdım. Amma Neft Maşınqayırma Birliyində 18 il işləmişdim və bu proseslərdən məlumatım var idi.

- Bu dönəmdə unutmadığınız söhbətlər varmı?

- Mən vəzifəyə təyin olunandan sonra bir neçə günə şirkətdəki vəziyyəti araşdırdım və Elçibəyin yanına getdim. Əsas üç vəzifədən danışdım. Birincisi, o dövrdə neft və qaz hasilatı get-gedə azalırdı, vəsait çatmırdı və s. Mən dedim, bunun qarşısını mümkün qədər almalıyıq. İkincisi, kontraktlarla məşğul olacağımı bildirdim, üçüncüsü də, bu dövlət qurumu struktur baxımdan yeni bir şirkətə çevrilməliydi. Biz də nümunə olaraq «Statoil»u götürmüşdük. Ora da mən şirkətdən böyük bir nümayəndə göndərdim, vitse-prezidentlər, baş mühasib və başqaları gedib o təcrübəni öyrəndilər. «Statoil» da dövlət şirkətiydi, biz də. Bu üç məqsədimi Elçibəyə danışdım, o da təsdiqlədi ki, məşğul ol, vəssalam.

- Bəs hakimiyyət dəyişəndə vəzifədən niyə getdiniz, niyə qalıb işi davam etdirmədiniz?

- Rəhmətlik Heydər bəy məni buraxmırdı. Mən ərizə yazmışdım, qol çəkmirdi. Təfərrüatı ilə danışmaq istəməzdim. Düzdür, bir-iki dəfə demişəm, buna necə nail oldum.

- Deyəsən, vəzifədən azad olunmaq xahişinizi Rəsul Quliyevin vasitəsilə çatdırmısınız.

- Bəli, elə olmuşdu, xahiş etdim. Çünki mən başa düşürdüm ki, o vəzifədə rəhbərliyin tam etibar etdiyi adam olmalıdır. Mən isə yeni komandada kənar adam idim.

- Bəs işinizə, zəhmətinizə heyfiniz gəlmirdi?

- Əlbəttə, heyfim gəlirdi. Mən vəzifədən azad olunduqdan bir-iki həftə sonra Natiq Əliyev yeni rəhbər təyin olundu, getdim yanına, söhbətləşdik, dedim, məndən nə kömək tələb olunursa, hazıram. Böyük şirkətdir, 80 min adam işləyirdi. O, formalaşmış bir institut idi. Müavinlər, 6 vitse-prezident var idi. Hamısı da təcrübəli insanlar idi. Xoşbəxt Yusifzadə kimi mütəxəssis var idi, Qurban müəllim – neftçi Qurban var idi... Onlar prezidentin müşavirləri idi. Bu komanda yerində qalırdı. Düzdür, onlardan bir neçəsi dedi ki, sən gedirsənsə, mən də hazıram getməyə, baxmayaraq ki, məndən qabaq gəlmişdilər bura.

Qara qızıl neftçiləri ağ günə çıxara bilirmi?
Gözlə

No media source currently available

0:00 0:02:52 0:00

- Onların arasında Xoşbəxt Yusifzadə də vardı?

- Xatırlamıram. (Dərin pauza) Qurban müəllim qətiyyən qəbul etmək istəmirdi. O vaxt Ali Məclisin sədri Heydər bəyin yanına da getdi şəxsən, dedi ki, bəs Sabiti oradan çıxarmaq olmaz. O da qayıtmışdı ki, «mən neyləyim, özü ərizə yazıb». Bunu özü gəldi mənə danışdı, soruşdu niyə gedirsən? Rəhmətlik mənə dedi: «Bütün neftçiləri Azneft meydanına mitinqə yığacam, bircə mane olma, təki sən getmə».

- O dövrdə neftçi Qurban avtoritet idi yəqin?

- Çox böyük avtoritet idi. Birbaşa Heydər müəllim onun sözünü eşidirdi. Neft Şirkətində yalnız ona etibar edirdi. Təbii ki, Rəsul Quliyevə də inamı, etibarı böyük idi. Amma neftçi Qurbanın ayrı yeri varıydı.

- Neft müqaviləsi imzalanmazdan öncə hamıda böyük ümidlər vardı, hamı bundan pay gözləyirdi. Amma bu ümidlər doğrulmadı. Buna görə təəssüflənirsizmi?

- O zaman gurultulu planlar yox idi. Müəyyən prinsiplərə sadiq qalmaq istəyirdik, o prinsiplər də bazar iqtisadiyyatı əlaqədar idi, ədalətlə əlaqədar idi və s. Amma neft kontraktının nəticəsidir ki, biz bu gün başqa ölkələrdən fərqli olaraq ayaq üstə dura bilirik, xeyli inkişaf gedib. Əlbəttə, bu, subyektiv fikir kimi səslənə bilər, amma hesab edirəm ki, daha böyük nailiyyətlər əldə edilə bilərdi. Amma daha nə var, odu da.

- Siz, yəqin, gələcəkdə hər bir adamın bu neftdən pay almasını istəyirdiniz?

- Alyaskada olduğu kimi. Mən bunun tərəfində idim. 1990-cı illərin sonunda bu məsələ mətbuatda müzakirə ediləndə təklif edirdim ki, hər kəsə kiçik bir pay nağd olaraq çatdırılsın. Bu yanaşmanın nəticəsi nə ola bilərdi? Vətəndaşlar proseslərlə, qazancla, xərcləmələrlə maraqlanacaqdı. Bugünkü kimi olmayacaqdı. Amma ayda 10 manat hesabına gələcəkdisə, bununla maraqlanacaqdı, necə ki Alyaskada, Kanadada belədir. Dedilər ki, inflyasiyaya məruz qalacaq. Bu inflyasiyanı başqa cür də qabaqlamaq olardı. Hər kəsə hesab açılır, pul qoyulur və siz uşağı oxutmaq imkanı qazanırsız, müalicə imkanı qazanırsız, variantlar tapmaq olardı. Təəssüflər olsun ki, mümkün olmadı. Təklikdə qaldım, hətta dostlarım, müstəqil iqtisadçılar da bunun tərəfdarı deyildilər.

- Sonradan Sizi ARDNŞ-ə dəvət etdilərmi məsləhətə?

- Ehtiyac olmadı. O vaxt çox yaxşı komanda vardı.

- Kontrakt imzalanan gün nə hiss edirdiniz?

- Qarışıq hisslər idi. Bir tərəfdən sevinirdim, nəhayət, imzalandı. Bir tərəfdən də heyfslənirdim ki, qıraqda qalmışam, heç dəvət də etməyiblər, bu da bilmirəm nə siyasət idi. Biz beləyik, adam gedir, yaddan da çıxır. Amma sonra yada düşür. Hər şeyi danışmaq da olmur. Sonralar Heydər müəllimə iki dəfə müraciət etmişəm. Bir dəfə neft işləri ilə bağlı, bir dəfə də idarəetməylə. Hər ikisində də, dəqiq məlumatım var, onun dərkənarı olub ki, təklif qəbul edilib. Biri növbəti kontrakta aid idi təklifin. Şirkətin adını çəkməyəcəm. Çünki onun şərtləri ilə tanış olanda gördüm ki, tamamən Azərbaycanın maraqlarına uyğun deyil və təcili məktub yazdım. O da dərkənar qoydu ki, kontrakt qırağa qoyulsun.

- Yəqin İlham Əliyevin vaxtında belə hadisə olmayıb.

- Yox, mən yaşlanmışam, o isə xeyli cavandır.

- Sizdən də yaşlılar var o qurumda.

- Allah onlara ömür versin.

XS
SM
MD
LG