Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:44

MTN-çilər bir-bir azadlığa buraxılır


İllüstrasiya
İllüstrasiya

MTN-in dörd generalı da daxil, 20-dən artıq vəzifəlisinin həbsilə bağlı cinayət işinin materiallarından bir sıra vacib ifadələr çıxarılıb.

Onların arasında keçmiş rabitə naziri Əli Abbasovun, MTN generalı Teymur Quliyevin də ifadələri var. Bunu həbsdəki generallardan MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanovun vəkili Adil İsmayılov oktyabrın 18-də məhkəmədə bildirib.

Həbsdəki MTN-çilərdən biri də azadlığa çıxıb

Bakı Apellyasiya Məhkəməsində Sübahir Qurbanov və daha iki general - MTN-in Monitorinq Mərkəzinin rəisi olmuş Teymur Quliyev və Əməliyyat-Texniki İdarəyə rəhbərlik etmiş Natəvan Mürvətova da daxil, on nəfərlik qrupun şikayətinə baxılır. Bu qrupda təqsirləndirilən on nəfərdən yeddisi şikayət verib. Şərti cəza almış Natəvan Mürvətova və Elşad Əzizov hökmlə razılaşıb. Fərhad Atayev isə bəraət istəyir.

Daha bir nəfər - Eşqin Əliyev apellyasiya şikayəti versə də, ondan imtina edib. Çünki ona verilmiş 3 illik cəza oktyabrın 17-də başa çatıb və o, artıq buraxılıb.

Hakim bildirib ki, Anar Şirəliyevin də cəzası bu gün başa çatıb. Amma o, dəmir barmaqlıqlar arasında təqsirləndirilən şəxslərlə birlikdə idi.

"Təcridxanada dedilər ki, bu gün məhkəmədir, elə orada həll olunar. Özləri buraxmadılar", - A.Şirəliyev bildirib.

O, əlavə edib ki, cəzası bu gün başa çatsa da, apellyasiya şikayətini müdafiə edir, bəraət istəyir, amma vəkili yoxdur. Ona dövlət hesabına vəkil verilib.

"Bir adamın adını çıxarmışdılar..."

Vəkil Kamandar Nəsibov isə bu gün məhkəmə prosesindən uzaqlaşdırılıb. Hakimlər qərarı belə əsaslandırıblar ki, o, MTN-lə bağlı cinayət işi üzrə həm təqsirləndirilən general Akif Çovdarovun vəkilidir, həm də zərərçəkən tərəfin nümayəndəsi ola bilməz.

Vəkil Adil Ismayılov apellyasiya şikayətlərinə istintaq aparılmaqla (şahidlərin dindirilməsi, sübutların araşdırılması) baxılması barədə vəsatət qaldırıb. Müdafiəçi deyir ki, təqsirləndirilən şəxslərdən, şahidlərdən bir neçəsinin ifadələri, ekspert rəyləri cinayət işinin materiallarından çıxarılıb:

"Ifadələrdən çıxarışlar tikiblər, lakin dindirmə protokolları, ifadələr yoxdur. Məsələn, təqsirləndirilən şəxslərdən Teymur Quliyev, Anar Şirəliyev, Fərhad Atayev, Natəvan Mürvətova, Elşad Əzizov, şahidlərdən keçmiş rabitə naziri Əli Abbasov, aparat rəhbəri Vidadi Zeynalov və başqalarının. Qanun yazır ki, tərəflər bərabərdir. Niyə prokurorluqda həmin ifadələr yoxdur, biz onları oxumamalıyıq? Zərgərlərdən pul alınması epizodu üzrə nə zərərçəkmişin özünün, nə də şahidilərin ifadəsi yox idi. Birinci instansiya məhkəməsində vəsatət qaldırdıq, məhkəmə həmin ifadələrin alınması üçün prokurorluğa sorğu göndərdi. O epizod üzrə dindirmə protokolları veriləndə məlum oldu ki, adamların ifadələrində olan bir cümlə məqsədli şəkildə çıxarılıb. Orda bir adamın adı çəkilirdi. Qalan ifadələr verilmədi. Mən məhkəmənin yerinə olsam, bunu özümə təhqir hesab edərdim".

Digər vəkillər də apellyasiya şikayətinə qismən istintaq aparılmaqla baxılmasını istəyiblər.

MTN polkovniki: "Bütün qohumlarımın əmlaklarını müsadirə ediblər"

Təqsirləndirilən general T.Quliyevin vəkili Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş aparat rəhbəri Vidadi Zeynalovun məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

Təqsirləndirilən MTN polkovniki Füzuli Əliyev bütün qohumlarına məxsus əmlakların müsadirə olunmasından şikayətlənib: "Mənimlə bağlı araşdırma aparanda gördülər ki, bir torpaq sahəmdən və avtomobilimdən başqa əmlakım yoxdur. Ona görə də nə qədər qohumum var, hamısının əmlakına həbs qoydular. Heç bir araşdırma aparmadan müsadirə etdilər. Halbuki, adamların özlərinin əmlakıdır, orada yaşayırdılar".

F.Əliyev əmlak sahiblərinin məhkəmədə dindirilməsini istəyib.

Bu iş üzrə adlarına olan əmlakları müsadirə edilmiş ondan çox şəxs də maraqlı tərəf kimi, hökmdən apellyasiya şikayəti verib.

Sahibxan Mirzəyevin sədrlik etdiyi hakimlər kollegiyası vəsatətlərin heç birini təmin etməyib. Qərar verilib ki, apellyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılsın. Maraqlı tərəf olan əmlak sahiblərinin şikayəti isə ümumiyyətlə, qəbul edilməyib.

Məhkəmə baxışı oktyabrın 29-na təyin olunub.

Xatırlatma

Bakı Hərbi Məhkəməsinin hökmü ilə bu iş üzrə təqsirləndirilən şəxslərdən Sübahir Qurbanov və Füzuli Əliyevin hər biri 14 il, Teymur Quliyev 12 il, Zaur Məmmədov və Natiq Alıyevin hər biri 10 il 6 ay, Anar Şirəliyev və Eşqin Əliyev isə 3 il azadlıqdan məhrum ediliblər.

Natəvan Mirvətovaya 5 il, onun idarəsinin əməkdaşı olmuş Fərhad Atayev və Elşad Əzizova isə 3 il sınaq müddəti olmaqla, şərti cəza verilib.

Onlar qanunsuz dinləmələr, hədə-qorxu ilə tələb etmə, rüşvət alma, qanunsuz azadlıqdan məhrum etmə və başqa əməllərdə ittiham olunurlar.

XS
SM
MD
LG