Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:49

Həbsdə olan MTN generalının qohumları: 'Bizi şərləyirlər'


Dollar
Dollar

Həbsdə olan MTN generalı, nazirliyin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin rəisi olmuş Sübahir Qurbanovun özündən sonra üç qohumu da cinayət məsuliyyətinə cəlb olunub. Onun qaynı, Bakı Şəhər Prokurorluğunun Təşkilat-analitik şöbəsinin böyük mütəxəssisi - dəftərxana müdiri işləmiş Elçin Qurbanov bu yaxınlarda 4 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda bacanağı Müsənnif Talıbov və onun oğlu Fərid Talıbovun da məhkəməsi gedir. Ata ilə oğul ayrı-ayrı məhkəmələrdə mühakimə olunur. M.Talıbovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Oğlunun haqqında cinayət işi isə Nizami Rayon Məhkəməsində araşdırılır.

Üç qohuma qarşı eyni ittiham və eyni zərərçəkmiş

Generalın qohumlarının üçü də dələduzluqda suçlanır. Diqqəti çəkən isə budur ki, hər üçünün işində zərərçəkmiş eyni adamdır – Amid Hüseynov. O, E.Qurbanovun ondan atasını həbsdən buraxdırmaq adıyla 11 min dollar pul alıb qaytarmadığını iddia edirdi. M.Talıbov məsələsində isə bildirir ki, ona da pulu öncə əfv məsələsinə görə, bu iş düzəlməyəndə isə ona məxsus torpaq sahəsinin sənədlərini qaydaya salmaq adıyla verib. Lakin o, nə sənədləri qaydasına salıb, nə də pulu qaytarıb. İddiaya görə, M.Talıbova 30 min manat pul verilib.

Təqsirləndirilən şəxslər isə ittihamı qəbul etmir və A.Hüseynovun onları şərlədiyini deyirlər.

Noyabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən M.Talıbovun özü ilə yanaşı, oğlu Fərid də şahid qismində dindirilib.

F.Talıbov deyir ki, zərərçəkmiş A.Hüseynov onun sinif yoldaşının qardaşıdır: «Uşaqlıqdan onları tanıyıram. 2008-ci ildə mənə torpaqlarına sənəd almaqdan ötrü kömək lazım olduğunu dedi. Mən də bu barədə atama dedim. Atam o zaman dövlət işində işləyirdi. Sonra Amid atama 6 min dollar pul verdi. İş alınmadı, atam pulu geri qaytardı. Ancaq o, cəmi 500 dolları götürüb dedi ki, «qalanı qalsın, evə aparsam, xərclənib gedəcək». Bir müddət keçəndən sonra Amidin atası yol qəzası törətdiyinə görə həbs olundu. Atam onun yanına gedib-gəlirdi. Biz sorğu vermişdik, cavabdan da görünür ki, atam cəzaçəkmə müəssisəsinə onun yanına 53 dəfə gedib-gəlib».

Bu məsələyə görə onun haqqında da cinayət işi başlandığını, hazırda məhkəməsi getdiyini F.Talıbov özü söyləyib: «Guya, mən Amidə özümü Nizami Rayon Prokurorluğunun əməkdaşı kimi təqdim etmişəm. Belə şey olmayıb».

F.Talıbov əlavə edib ki, zərərçəkmiş A.Hüseynov onun dayısı E.Qurbanova da böhtan atıb və o, günahı olmadığı halda, hazırda həbsdə cəza çəkir.

«Xəstəxana xərclərinə məndəki pulundan da çox xərcləmişəm»

M.Talıbov özü də ittihamda yazılanlarla razılaşmadığını deyir. Təsdiqləyir ki, A.Hüseynov torpaq sahəsiylə bağlı sənədlərin qaydasına salınmasından ötrü 6 min manat pul verib. Lakin Türkiyəyə gedəndə gəlib bu pulun 500-nü götürüb, 5 min 500 dolları qalıb: «İş düzəlmədi və mən ona dedim ki, gəlib pulunu götürər. Bir qədər keçəndən sonra Amidin atası qəza törətdi. O, məndən atasına yardım etməyimi istədi. Onun xəstəxana xərclərinə Amidin məndə olan 5 min 500 dollarından da artıq pul xərclədim».

M.Talıbov həbsdə deyil, onun səhhətindəki problemlər səbəbiylə ilkin istintaq və məhkəmə dövrü üçün barəsində polis nəzarətinə vermə qətimkan tədbiri seçilib.

Ona CM-in 178 (dələduzluq), 32.312 (rüşvət verməyə təhriketmə) maddələriylə ittiham irəli sürülüb. Azərbaycanın cinayət qanunvericiliyində rüşvət verməyə görə 2 ildən 8 ilə qədər, dələduzluğa görə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Generalın qohumları zərərçəkmiş A.Hüseynovun onların əleyhinə ifadələrini onun qərəzli olmasıyla izah edirlər. E.Qurbanov ifadəsində göstərib ki, yaxın qohumlarından biri qızını A.Hüseynova yox, başqasına verdiyinə görə onlara düşmən olub.

General S.Qurbanov 2015-ci ilin oktyabrında MTN-də keçirilən və nazirliyin 20-dən artıq vəzifəlisinin saxlandığı əməliyyat nəticəsində tutulub. O, iş adamlarının MTN-ə gətirilərək hədələnib pul alınması, vəzifədən sui-istifadə etmə, qanunsuz dinləmələr və başqa ittihamlarla 14 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, onun bir sıra əmlakları müsadirə edilib, general rütbəsinin alınması haqda xüsusi qərar çıxarılıb.

S.Qurbanov özünü təqsirli bilmir və haqqındakı hökmdən verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

XS
SM
MD
LG