Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:36

Michelle Obama-nın memuarı niyə belə populyarlaşdı?


Keçmiş birinci ledi Michelle Obama
Keçmiş birinci ledi Michelle Obama

ABŞ-ın keçmiş birinci xanımı Michelle Obamanın “Təşəkkül” (Becoming) adlı memuar kitabı iki həftə öncə kitab mağazalarında satışa çıxıb. Kitabın hətta işıq üzü görməmişdən böyük uğur qazanacağı, bestseller olacağı deyilirdi.

ABŞ-ın tanınmış “Barnes & Noble” kitab satışı şəbəkəsi ötən həftəki press-relizdə bildirib ki, “Təşəkkül” 2015-ci ildən bəri öncədən sifarişlərin sayına görə lider olub. 2015-ci ildə Harper Lee-nin “Get gözətçi qoy” (Go Set a Watchman) kitabı satışa çıxmazdan öncə verilən sifarişlərin sayına görə lider idi. Sözü gedən kitab həm də dükanlara çıxmasının ilk günündə satış sayına görə lider olmuşdu.

OBAMA AİLƏSİNƏ EHTİRAM

“Təşəkkül” ötən həftənin çərşənbə səhəri artıq Amazon.com-da ən çox satılan kitab idi.

Müstəqil kitab dükanları da “Təşəkkül”ün müştərilərin əsas seçimi olduğunu bildirirlər. Belə dükanların çoxu bu kitabı öz e-mail bülletenlərində və sosial mediada reklam edirlər. Paytaxt Vaşinqtonda yerləşən “MahoganyBooks” kitab dükanı “Təşəkkül”ü öz vitrinində nümayiş etdirir. Kitab satışa çıxan gün dükan vaxtından iki saat əvvəl açılıb.

Virciniyanın Arlinqton şəhərindəki “One More Page Books” dükanının bayeri (peşəkar alıcı, sifarişçi) Lelia Nebeker Forbes.com saytına bildirib ki, dükan “Təşəkkül”ü öncədən sifariş xidmətinin reklamı üçün seçdiyi başlıqların siyahısına daxil edib. “Çünki bu, haqqında xəbər çıxandan bəri müştərilərin ən çox maraqlandığı kitabdır”, – o deyib.

“2012-ci ildə prezident Obama-nın Kiçik Biznes Şənbəsi çərçivəsində dükanımıza ziyarətindən sonra bir çox daimi müştərimiz dükana gələrək onun prezidentliyi dövrünü yada salır və ümumən Obama ailəsinə ehtiramını göstərir”, – deyən Nebeker-in sözlərinə görə, dükan sözügedən kitabla bağlı çox sayda öncədən sifariş alıb. Ancaq bu dükanda “Təşəkkül” öncədən sifarişlərin sayına görə Bob Woodward-ın “Qorxu” (Fear) adlı kitabından geri qalır.

Çikaqoda yerləşən “Women and Children First” adlı kitab dükanının sahiblərindən biri və tədbir koordinatoru Sarah Hollenbeck Forbes.com saytına bildirib ki, müştərilər bu kitabı hələ sentyabrın əvvəllərindən sifariş etməyə başlayıblar. Kitab satışa çıxan gün axşam saat 6-yadək dükan kitabın 32 nüsxəsini satıb. Ancaq həmin axşam iş vaxtının bitməsindən sonra daha çox müştərinin dükana gəlib kitab alacağı gözlənilirdi.

“BİR NEÇƏ AY YAXŞI SATILACAQ”

“Bu gün çox sayda müştərimiz dükana gəlib “Təşəkkül”ü masanın üzərindən götürüb birbaşa kassaya üz tutdu. Onlar missiya ilə gəlmişdilər, nə istədiklərini dəqiq bilirdilər”, – Hollenbeck deyir.

Boston yaxınlığındakı Kembric şəhərciyində yerləşən Harvard kitab dükanının baş meneceri Alex W. Meriwether də Forbes.com-a “Təşəkkül”ün öncədən sifariş və ilk gündə satış saylarının “güclü” olduğunu deyib. O bu kitabın “Qorxu”, Michael Wolff-un “Alov və qəzəb” (Fire and Fury), habelə Haruki Murakaminin “Komandatoru öldürmək” (Killing Commendatore) kitabları ilə birlikdə bu payızın “ən çox gözlənilən” kitablarından olduğunu bildirib.

“Müştərilər bazar ertəsi (kitabın satışa çıxmasından bir gün öncə) dükanla əlaqə saxlayıb “Təşəkkül”ün səhər tezdən satışa çıxıb-çıxmayacağını soruşurdular. Kitab satışa çıxan gün daimi müştərilərimiz fasiləsiz dükana axışmağa başladılar. Ancaq eyni zamanda bəzi səs-küylü başlıqlardan fərqli olaraq, məncə, bu kitab hələ bir neçə ay yaxşı satılacaq. Xüsusən də, qarşıdan bayram hədiyyəsi mövsümünün gəldiyini nəzərə alsaq”, – Meriwether deyib.

XS
SM
MD
LG