Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:24

Taksi sürücüsü ölkədən 5.5 milyardı çıxarmaqda suçlanır


Manat
Manat

2013-2015-ci illərdə Azərbaycandan 5 milyard 551 milyon pulun necə və kimlər tərəfindən çıxarılmasıyla bağlı məhkəmə araşdırmaları gedir. Bu qədər vəsaitə görə məhkəmə qarşısına çıxarılan iki nəfərin biri heç tam orta təhsili olmayan, keçmiş taksi sürücüsü Rüfət Vəliyev, o biri də 2012-ci ildə lisenziyası ləğv edilmiş «Royalbank»ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyevdir.

Onlar «Provision Group», «İmpeks+», «Blast», «Qalaksi A», «Asin Co. LTD», «Primo A», «İTEK» MMC və başqa formal şirkətlər yaradıb, onların adıyla ölkədən bu qədər vəsaitin çıxarılmasında suçlanırlar. Pul çıxarma prosesinin, əsasən, «Azəriqazbank»ın Xətai filialı, Beynəlxalq Bank və «Yapıkreditbank» vasitəsilə həyata keçirildiyi bildirilir.

Banka bir dəfəyə 6 milyon apardığı olub

İttihama görə, «Azəriqazbank»ın Xətai filialının yerləşdiyi binanın ikinci mərtəbəsində onlar üçün yer ayrılıb və orada məhz bu proses üçün qeyri-rəsmi şəkildə işə götürülən dörd nəfər əyləşirmiş. Onlar pulları qəbul edib sayır, daha sonra birinci mərtəbədə «Azəriqazbank» və başqa bankların kassalarına təhvil verilərək xarici ölkələrə köçürülürmüş.

Cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında suçlanan R.Vəliyev və M.Əliyevin heç biri özünü təqsirli bilmir.

R.Vəliyev deyir ki, taksi sürücüsü idi, 2011-ci ildə «Sədərək» Ticarət Mərkəzindəki «Qlobal karqo» şirkətində işləyən Əli Can adlı Türkiyə vətəndaşını müştəri kimi aparıb-gətirirdi. O, Fəvvarələr meydanında yaşayırmış. Günlərin birində Ə.Can ona şəxsi telefonunu verib, ancaq onunla zəng etməsini istəyib: «Həmin telefonla başqa nömrələrə zəng etmək mümkün deyildi».

R.Vəliyevin dediyinə görə, o, Ə.Canın pullarını banklara daşıyırmış. Elə vaxt olub ki, banka bir dəfəyə 6 milyon manata qədər nağd pul aparıb, xarici şirkətlərin hesabına köçürülüb.

«Məni 9 ayrı şirkətə direktor təyin etmişdi. Pulları banka tək aparmırdım, Əli Canın öz adamları da mənimlə banka gedirdi. Orada adıma olan şirkətlərdən xarici firmalara göndərirdik. Mən yalnız sənədlərə qol çəkirdim. Əli Can sənədləri hazır şəkildə mənə verirdi. Mən 700 manat maaşa işləmişəm», – R.Vəliyev bildirib.

Digər təqsirləndirilən M.Əliyev deyir ki, «Royalbank» bağlanandan sonra – 2013-cü ildə Rüfətlə tanış olub. R.Vəliyev ona deyib ki, Türkiyə vətəndaşının yanında işləyir, geniş mal dövriyyəsi var. M.Əliyevin sözlərinə görə, Rüfət ona birlikdə işləməyi təklif edib: «Mən də köhnə bank işçisi olduğum üçün onunla işləməyə razı oldum. Əvvəl 300 manat maaş alırdım, sonra çoxaldı».

«Royalbank»ın dörd nəfər keçmiş işçisi də bu işə cəlb olunub və «Azəriqazbank»ın Xətai filialında ikinci mərtəbədə əyləşib, gələn pulları sayanlar da onlar olub. Orada bu iş üçün necə yer ayrılmasına gəlincə, bununla əlaqədar köhnə bank işçisi kimi, M.Əliyev danışıqlar aparıb. Həm filialın direktoru, həm də bankın Müşahidə Şurasının sədri ilə danışıblar: «Azər Mövsümova bankda yer verilməsi üçün mən müraciət etmişəm. O da şəxsən Xətai filialını təklif etdi».

Heç bir sənədə imza atılmırdı

M.Əliyevin sözlərinə görə, pullar Ə.Canın ofisindən banka aparılıb, ikinci mərtəbədə sayılırdı: «Mən müqavilələrə baxırdım, səhv olanda Rüfətə verirdim, o da Əli Cana aparırdı. Hər şey qanuni şəkildə olurdu. Mən pulların sayılmasına baxmırdım. Kənarda oturub baxırdım. Əli Canı isə bir dəfə görmüşəm».

Fevralın 20-də bu iş üzrə məhkəmədə «Azəriqazbank»ın Xətai filialında ikinci mərtəbədə bir otaqda əyləşib pulları sayan dörd nəfərdən biri – Vidadi Əliyev dindirilib. O da «Royalbank»ın keçmiş əməkdaşı olub, xəzinədar işləyib. O bildirib ki, pullar torbalarda gəlirdi, sayıb, daha sonra birinci mərtəbədəki kassaya təqdim edirdilər. Amma nə pulları qəbul edəndə, nə kassaya təhvil verəndə heç bir sənədə imza atılmırdı, təhvil-təslim olmurdu.

Hakimlər ona izah etməyə çalışıb ki, söhbət milyardlardan gedir, heç bir sənədləşmə olmadan bu qədər vəsait necə əldən-ələ keçə bilərdi? V.Əliyev israrla bildirib ki, heç bir sənədləşmə yox idi. Onun işi də ancaq pulları saymaq olub, başqa heç nə bilmir.

Məhkəmə fevralın 27-də davam edəcək.

İttihamda adıçəkilən Ə.Can 2015-ci ildə Azərbaycandan gedib.

Təqsirləndirilənlər cinayət yolu ilə əldə olunan vəsaitin leqallaşdırılmasında ittiham olunurlar və onlara 12 ilədək həbs cəzası kəsilə bilər.

XS
SM
MD
LG