Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:44

Demokratlar Mueller hesabatında Trump-a qarşı faktlar olduğunu deyirlər


United States - President Donald Trump speaking about Mueller report at White House on April 18 - screen grab
United States - President Donald Trump speaking about Mueller report at White House on April 18 - screen grab

ABŞ baş prokuroru William Barr deyib ki, xüsusi prokuror Robert Mueller-in təhqiqatı Rusiyanın 2016-cı il ABŞ seçkisinə müdaxiləyə cəhd etdiyini təsdiqləyib.

Lakin sözü gedən hesabatın redaktə edilmiş variantının Konqresə təqdimindən əvvəl, aprelin 18-də Barr bunu da deyib ki, təhqiqat prezident Donald Trump-ın və ya onun kampaniya üzvlərinin Rusiyanın bu cəhdi ilə sövdələməsinin olduğunu təsdiq etməyib.

Mueller-in hesabatının redaktəli variantı Konqres üzvlərinə yalnız Barrın bu bəyanatlarından sonra verilib. Eyni zamanda bu sənəd həm də xüsusi prokurorun internet saytında ictimaiyyət üçün dərc olunub.

Barr bunu da söyləyib ki, Mueller-in hesabatında Rusiyanın seçki müdaxiləsi cəhdinin araşdırılmasına Trump-ın mane olduğuna dair sübut yoxdur.

Trump baş prokurorun bu bəyənatına ilk reaksiyasını Twitter-də arxası kameraya fotosu ilə verib. Fotonun üzərində bunlar yazılıb: “Sövdələşmə olmayıb, maneçilik olmayıb. Nifrət edənlərə və solçu demokratlara – Oyun bitdi”.

Bundan sonra Vaşinqtonda veteranlarla görüşündə Trump deyib ki, “belə bir iş heç vaxt başqa bir prezidentin başına gəlməməlidir”. O özü barədə araşdırılan iddiaları “uydurma” adlandırıb”.

Demokratlar Barrı kəskin tənqid edirlər

Lakin demokratlar baş prokuror Barrı hesabatın redaktəli variantını açıqlamazdan əvvəl mətbuat konfransı keçirməklə Donald Trump-ı hesabatdakı neqativ faktlardan qorumaq cəhdində ittiham ediblər.

Nümayəndələr Palatasının spikeri Nancy Pelosi deyib ki, Barr Mueller hesabatına pozitiv don geyindirmək üçün Trump administrasiyasının göstərdiyi “heyrətləndirici cəhddə” iştirak edib.

Senatdakı demokrat azlığının lideri Chuck Schumer Twitter-də Barrın mətbuat konfransını “kampaniya mətbuat konfransı” adlandıraraq məsxərəyə qoyub.

O bildirib ki, “Konqresin və Amerika xalqının Mueller hesabatını görməsinin vaxtı çatıb”.

Bundan əvvəl Schumer baş prokuroru sərt tənqid edərək demişdi ki, “bu proses hətta hesabat açıqlanmazdan əvvəl çirkləndirilib”:

"Barr bu hesabatın təşviqatı ilə heç məşğul olmamalıdır. Lakin onun bunu Amerikaya hesabatı oxumaq üçün vaxt vermədən etməsi ikiqat hiddətdoğurandır”.

Pelosi bundan əvvəl demişdi ki, Barr “birtərəfli qaydada Trump-ı müdafiə etmək qərarı ilə özünün etimadına və Ədliyyə Nazirlyinin müstəqilliyinə zərbə endirib”.

Ədalətə maneçilik

Bu arada Konqresin demokrat liderlərindən biri deyib ki, Mueller hesabatının açıqlanmış variantı ABŞ prezidenti Donald Trump-ın ədalətə mane olduğunu sübut edir.

Konqresin Ədliyyə Komitəsinin sədri Jerrold Nadler bildirib ki, sözü gedən hesabat Trump-ın iki il müddətində ədalətə əngəl yaratmağa cəhd göstərməsini əks etdirir:

"Hətta natamam formasında da Mueller hesabatı prezident Trump-ın ədalətə maneçilik törətdiyinə və başqa qanunsuzluqlar etdiyinə dair narahatedici sübutlar verir. İndi prezidentdən hərəkətlərinə görə haqq-hesab sorulmasının məsuliyyəti Konqresin üzərinə düşür”.

Jerrold Nadler
Jerrold Nadler

Baş prokuror William Barrın açıqladığı 448 səhifəlik redaktə olunmuş hesabatda deyilir ki, Trump Mueller-in təhqiqatına nəzarət etmək və ya onu təsirləndirməyə yönəlmiş bir sıra hərəkətlərdə bulunsa da, onun işçiləri və başqa rəsmilər prezidentin tapşırıqlarını yerinə yetirməkdən imtina ediblər”.

Lakin Mueller öz hesabatında Trump-ı ədalətin qarşısını almaq məsələsində nə təmziə çıxarır, nə də ittiham edir.

Barr deyib ki, Ədliyyə Nazirliyinin gəldiyi nəticəyə görə Trump-ın hərəkətlətindən heç biri mühakimə ediləcək cinayət aktı olmayıb.

Nadler Mueller-i mayın 23-ədək onun komitəsi qarşısında ifadə verməyə dəvət edib və bildirib ki, onun rəyincə Mueller hesabatı ilə Barrın bəyənatları arasında ziddiyyət mövcuddur.

Senatın Ədliyyə Komitəsindəki ən vəzifəli demokrat - Dianne Feinstein bildirib ki, onun fikrincə hesabatdan Trump-ın ədalətə mane olduğu bir neçə epizodun olduğu görünür.

***

ABŞ Baş prokuroru William Barr aprelin 18-də xüsusi prokuror Robert Mueller-in 2016-cı il prezident seçkisinə Rusiyanın müdaxiləsinə dair hesabatının redaktəli versiyasını açıqlayacaq. Xəbəri Ədliyyə Departamenti yayıb.

Barr müavini Rod Rosenstein ilə birlikdə aprelin 18-də mətbuat konfransı da keçirəcək. Mueller iki il öncə xüsusi prokuror vəzifəsinə məhz Rosenstein tərəfindən təyin olunub.

Prezident Donald Trump Mueller istintaqını dəfələrlə “əcinnə ovu” adlandırıb. O, aprelin 17-də radioya müsahibəsində deyib ki, Barr-dan sonra mətbuat konfransı keçirəcək.

William Barr
William Barr

Hesabatdan hansı informasiyalar çıxarıla bilər

Mueller Trump-ın seçki kampaniyasının seçkini udmaqdan ötrü Rusiyayla sövdələşməyə gedib-getmədiyini, Trump və yaxınlarının istintaqa mane olmaqla ədaləti əngəlləməyə çalışıb-çalışmadığını araşdırıb.

400 səhifəyə yaxın hesabat martın 22-də tamamlanıb. İki gün sonra Barr konqresə göndərdiyi xülasədə yazırdı ki, istintaq “Trump-ın kampaniya üzvlərinin Rusiya hökumətinin seçkiyə müdaxiləsində onunla sövdələşməyə getdiyini, yaxud koordinasiya etdiyini müəyyənləşdirməyib”.

Barr həmçinin yazıb ki, Trump-ın ədaləti əngəlləməsinə “yetərincə” dəlil aşkarlanmayıb.

Demokratlar partiyasından konqresmenlər hesabatın tam açıqlanması üçün Barr-a təzyiq göstərirdilər.

Onlar narahatdırlar ki, Trump-ın təyin etdiyi Barr prezidentlə bağlı hansısa mənfi tapıntıları ört-basdır etməyə çalışır.

Barr hesabatın bəzi redaktələrlə açıalanacağını deyib.

Baş prokurorun hesabatla bağlı xülasəsində Trump-ın bəzi adamlarının niyə istintaq dövründə müstəntiqlərə, yaxud Konqresə yalan ifadə verdiyinə aydınlıq gətirilmir.

Həssas informasiya böyük jürinin topladığı dəlil, məxfi kəşfiyyat mənbələri və metodları, hal-hazırda gedən istintaqlar ola bilər.

XS
SM
MD
LG