Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:51

Eldar Mahmudovun köməkçisi və əmisi oğlu məhkəmə qarşısında


E.Mahmudov
E.Mahmudov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu, eyni zamanda, onun köməkçisi olmuş Vüqar Mahmudovun məhkəməsi başlayıb. Həbsdəki keçmiş MTN generallarına qarşı irəli sürülən ittihamların bir qismi V.Mahmudova da aiddir. Elə bu işdəki 7 zərərçəkən də generalların işində eyni statusda iştirak etmiş şəxslərdir. Onların arasında «Bakı Metropoliteni» QSC-nin keçmiş rəhbəri Tağı Əhmədov da var.

V.Mahmudovun işinə Bakı Hərbi Məhkəməsində Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Mayın 1-də məhkəmənin hazırlıq iclasında V.Mahmudovun vəkili onun ev dustaqlığına buraxılması barədə vəsatət qaldırıb. Deyib ki, həbs-qətimkan tədbiri seçilməsi üçün göstərilən əsaslar artıq aradan qalxıb. Sabiq nazir köməkçisinin üç övladı var ki, onların da ikisi 14 yaşına çatmayıb.

Vəkilin daha bir vəsatəti isə üzərinə həbs qoyulmuş əmlaklarla bağlı olub. Müdafiəçi deyir ki, o əmlakların əksəriyyətinin V.Mahmudova heç bir aidiyyəti yoxdur: «Vüqar Mahmudova aid olmayan əmlakların üzərinə həbs qoyulub. Xahiş edirəm, bu məsələ araşdırılsın».

Ev dustaqlığına buraxılma barədə vəsatət təmin olunmayıb, əmlaklar məsələsi isə baxılmamış saxlanılıb. Hakimlər deyib ki, bu məsələyə araşdırma aparılandan sonra sonda qiymət veriləcək.

Məhkəmədə elan olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti də bu iş üzrə zərərçəkən qismində tanınıb. Bu qurum MTN generallarının işində də eyni statusla tanınmışdı. Çünki ittihamlar arasında əməliyyat tədbirləri və s. məqsədlərlə büdcədən ayrılan vəsaitlərin mənimsənilməsi məsələsi də var.

Məhkəmədə iştirak edən zərərçəkənlərdən Zaur ƏzimovSahib Qurbanov məhkəmədə mülki iddia qaldırıb. Z.Əzimov 320 min, S.Qurbanov isə 100 min manat tələb edir. Deyirlər ki, vaxtilə MTN-də onlardan hədə-qorxu ilə alınmış pullar geri qaytarılımalıdır.

Onların mülki iddiaları icraata götürülüb.

Vaxtilə MTN-də ondan 3 milyon alındığını iddia edən T.Əhmədov isə məhkəməyə çağrılsa da, gəlməmişdi.

Bu iş üzrə məhkəmə baxışı mayın 15-nə təyin edilib.

V.Mahmudov 2017-ci ilin noyabrında həbs olunub. Öncə o, mənimsəmə, hədə-qorxu ilə tələb etmə, vəzifə səlahiyyətlərindən sui-istifadə kimi əməllərdə suçlanıb. Daha sonra ona qarşı yeni ittihamlar irəli sürülüb. İndi o, həm də CM-in 302 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 341-ci (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma) maddələri ilə də ittiham edilir.

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan biri – MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyev həbsindən iki ay sonra saxlandığı istintaq təcridxanasında intihar edib.

Qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərov ayrılıqda mühakimə olunublar. M.Əsgərova 3, V.Ələkbərova 12 il cəza verilib. Bakı Apellyasiya Məhkəməsi keçmiş müstəntiq V.Ələkbərovun cəzasını 5 ilə endirib.

MTN generalı Akif Çovdarov nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılıb. Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilədək həbs cəzası kəsilib. Uzun illər MTN-in Antiterror Mərkəzinə rəhbərlik etmiş general Elçin Quliyev də keçmiş işçisi Azər Mehdiyevlə birlikdə məhkum edilib. E.Quliyev 10 il 6 ay, işçisi isə 8 il azadlıqdan məhrum olunub.

Nazirliyin Transmilli İqtisadi Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi olmuş general Sübahir Qurbanov, Monitorinq Mərkəzinin sabiq rəisi, general Teymur Quliyev, Natəvan Mürvətova və daha yeddi nəfər isə birlikdə mühakimə olunub. Hökmə əsasən, təqsirləndirilən şəxslərdən üçünə, o cümlədən N.Mürvətovaya şərti cəza, qalanlarına isə 3 ildən 14 ilədək həbs verilib.

Bakı Hərbi Məhkəməsinin hökmündə onların rütbələrinin alınması, bir çox əmlaklarının müsadirəsi də var.

Onlar hökmdən narazı qalıb apellyasiya şikayəti versələr də, hökm dəyişməyib. Bu şəxslər özlərini təqsirli bilmirlər.

XS
SM
MD
LG