Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:46

Pənahinin '3 üz'ü


Cəfər Pənahi
Cəfər Pənahi

Tanınmış İran kinorejissoru və ssenaristi Cəfər Pənahinin «3 üz» adlı intellektual, təsirli dramı qorxunc bir kliplə başlayır. Bu klip həm kinoya sonsuz sevgi, həm də onun sonsuz potensialını ifadə edir.

Bu videoda Mərziyə adlı gənc qadın göz yaşları içində kameraya danışır. O, ailəsinin onun ən böyük arzusunu gerçəkləşdirməsinə, Tehran konservatoriyasında oxumasına və aktrisa olmasına imkan verməməsindən danışır. Onun səsi çarəsizlikdən qınağa keçir. Daha sonra, videonun qəfil sonuna yaxın o, öz boynuna ilgək keçirir.

Müəmmalar

Məlum olur ki, video müəmmalı şəraitdə Behnaz Cəfəri adlı aktrisaya göndərilib. Aktrisa bu məsələni daha ətraflı araşdırmaqdan ötrü Mərziyənin yaşadığı kəndə gəlir. Onu gətirən SUV maşının sürücüsü isə Cəfər Pənahinin özüdür. Filmdə onların real adlarından, bəlkə hətta real kimliklərindən istifadə olunması təsadüfi deyil: İranda kino auditoriyası Cəfərini ən qabaqcıl aktyorlardan biri, Pənahini isə ən hörmətli müəllif və dissident sənətkarlardan biri hesab edir.

Beləliklə, filmin ilk 5 dəqiqəsi keçməmiş «3 üz» bizi müəmmalar dünyasına qərq edir. Artıq kimin və nəyin saxta olub-olmadığı anlaşılmır. Cəfəri «Bəlkə bu, fırıldaqdır, cənab Pənahi?»,- deyə soruşanda həmin videonu nəzərdə tutur. Doğrudan da, bəlkə video diqqət cəlb etmək üçün çəkilib?

Pənahi 2010-cu ildə antiislam təbliğatı aparmaq ittihamı ilə həbs edilib. Onun İrandan çıxması yasaqlanıb. Onun 2007-ci ildə çəkdiyi «Ofsayd» adlı futbol komediyasında cinsi təzyiqdən söz açılır. Tənqidçilər bu filmi siyasi baxımdan ən məzəli və əyləncəli filmlərdən biri sayırlar. Bu tərz hiyləgər yumor hissi diktatura rejimində çalışan istənilən kinorejissor üçün faydalıdır.

«Taksi» (2015)
«Taksi» (2015)

Pənahinin film çəkməsinə 20 illik qadağa qoyulub. O özünün üç əvvəlki filmində – «Bu, kino deyil» (2011), «Qapalı pərdə» (2013) və «Taksi» (2015) filmlərində - özünün bir qədər bədiiləşdirilmiş versiyasını oynayıb. Bununla o, bəzən birbaşa, bəzən də dolayı yollarla fəaliyyətinə ciddi təsir edən vəziyyətə eyham vurub.

Namus

Tozlu və əyri yollarla bir neçə saat getdikdən sonra Cəfəri və Pənahi İranın şimal-qərbində Saran adlı bir kəndə gəlib çatır. Kəndin əhalisi Azərbaycan türkləridir. Mərziyə üç gündür ki, tapılmır. Ancaq ailəsi qızın təhlükəsizliyindən çox öz namusundan narahatdır. Gənc qız problem yaradan kimi tanınır. Ancaq deyəsən, onun yeganə günahı oxuyub Cəfəri kimi aktrisa olmaq arzusudur.

Günlər keçdikcə və yavaş-yavaş cavablar tapıldıqca, «3 üz» siyasi çalarlı avantüra hekayəsinə çevrilməyə başlayır. Məzəli, bir qədər əyləncəli hadisələr bir-birini əvəzləyir. Pənahi və Cəfəri Mərziyənin hərəkətlərinin səbəbini daha yaxşı anlamağa başlayır. Onlar yerli məzarlıqda açıq qəbirə uzanaraq tövbə edən yaşlı qadınla rastlaşırlar. Qadınların gözə görünmələri və eşidilmələri istənməyən kənddə Cəfəriyə hədiyyə kimi kişilik rəmzi olan totemlər – öküz və körpə oğlan uşağının sünnətindən qalma dəri parçası təklif olunur.

Filmdə səsi gələn, ancaq özü çox az görünən Şahrzad adlı qadın keçmiş aktrisa, müğənni və rəqqasədir. İndi o, kəndin kənarında məskunlaşıb. Qonşularının çoxu ondan yan gəzir. O həm də Mərziyə və Cəfəridən sonra filmin üçüncü üzüdür.

Ötən il Kann kino festivalında mükafata layiq görülmüş 1 saat 40 dəqiqəlik «3 üz» filmində dialoqlar fars və Azərbaycan dilindədir.

XS
SM
MD
LG