Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:31

'Atasının vəzifəsindən sui-istifadə edib əmlakımı əlimdən aldı'


A.Mahmudov
A.Mahmudov

Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra onun özü ilə yanaşı, oğlundan da dövlət orqanlarına şikayətlər gedib. Şikayətçilərdən biri də «Günəş» müəssisəsinin təsisçisi Əsgər Məmmədovdur. O iddia edir ki, Anar Mahmudov atasının vəzifəsindən sui-istifadə edərək, əmlakını onun əlindən alıb. Söhbət Bakıda Nobel prospekti-20c saylı ünvanda yerləşən binanın 5 və 6-cı mərtəbələrindəki 364.2 və 368.8 kvadratmetrlik qeyri-yaşayış sahələrindən gedir.

2008-ci ilin yanvarında Bakıda 6 saylı notariat kontorunda Ə.Məmmədovla sabiq nazirin oğlu arasında müqavilə imzalanıb. Müqavilədə yazılıb ki, Ə.Məmmədov həmin əmlakları A.Mahmudova bağışlayır. 2012-ci ilin iyununda A.Mahmudov sözügedən əmlaklara öz adına mülkiyyət çıxarışları da alıb.

«Əmlakımı əlimdən aldı»

E.Mahmudov vəzifədən çıxarılan bir müddət sonra Ə.Məmmədov həmin əmlakları geri almaq qərarına gəlib və bu məqsədlə məhkəməyə üz tutub. Yasamal Rayon Məhkəməsində keçmiş nazir oğluna qarşı iddia qaldıran Ə.Məmmədov yazıb ki, əslində 730 kvadratmetrdən çox sahəsi olan əmlakları A.Məmmədova bağışlamamışdı, zorla əlindən alınmışdı. «Günəş» rəhbərinin sözlərinə görə, o əmlakların təxminən 1 milyon 600 min manat qiyməti vardı: «O, əslində, bağışlanma deyildi, alqı-satqı idi. Amma atasının vəzifəsindən sui-istifadə eləyib pulu vermədi. Əmlakımı əlimdən aldı».

Ə.Məmmədov həm bağışlanma müqaviləsinin, həm də onun əsasında A.Mahmudova verilmiş mülkiyyət sənədlərinin ləğvi barədə qərar çıxarılmasını istəyib.

Yasamal Rayon Məhkəməsi iddianı rədd edib. Bu qərardan Bakı Apellyasiya Məhkəməsinə şikayət verən Ə.Məmmədovun iddiası təmin olunub. Apellyasiya Məhkəməsi bağışlanma müqaviləsinin etibarsız sayılması, A.Mahmudovun adına verilən çıxarışların ləğvi barədə qərar çıxarıb. Üstəlik, Daşınmaz Əmlakın Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinin üzərinə öhdəlik qoyulub ki, həmin əmlaklara «Günəş» müəssisəsinin adına mülkiyyət hüququnu təsdiqləyən çıxarış verilsin.

Bu dəfə sabiq nazirin oğlu qərardan narazı qalıb və vəkili vasitəsilə Ali Məhkəməyə üz tutub. Ali Məhkəmə A.Mahmudovun kassasiya şikayətini təmin edib – Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv olunub, iş yenidən baxılmaq üçün həmin instansiyaya qaytarılıb.

Bakı Apellyasiya Məhkəməsi bu mübahisəyə yenidən baxıb. Bu dəfə isə A.Mahmudovun xeyrinə qərar çıxarıb...

Xatırlatma

2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 21 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan bəzilərinə uzunmüddətli həbs cəzaları kəsilib, əmlakları müsadirə olunub. Bir qismi isə cəzasının bir hissəsini çəkəndən sonra azadlığa çıxıb.

Təxminən iki il sonra – 2017-ci ilin noyabrında sabiq nazir E.Mahmudovun köməkçisi olmuş əmisi oğlu Vüqar Mahmudov da həbs olunub. Hazırda onun məhkəməsi gedir.

2015-ci ilin dekabrında MTN ləğv edilib. Onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.

XS
SM
MD
LG