Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 09:59

'Bankın puluyla yaranan müəssisələri götürüblər, hələ pulu da tələb edirlər...'


C.Hacıyev
C.Hacıyev

«Həm müəssisələri almaq, həm də 4 milyarddan artıq vəsaiti təqsirləndirilən şəxslərdən tələb etmək düzgün deyil». Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin vəkili Aqil Layıcov avqustun 26-da məhkəmədə belə deyib.

«Bu günə qədər həm istintaqda, həm də məhkəmədə onlarla vəsatət vermişik. Heç olmasa, bircə dəfə texniki vəsatətimiz təmin edilməyib ki, formal da olsa, balans qorunsun. Cahangir Hacıyevin hüquqları pozulub - onun ailə üzvləri ilə görüşünə imkan verilməyib. Hətta bir müddət yeməyi, dərmanları da qəbul etməyiblər. Ona qarşı belə qərəzli münasibət olub», – vəkil vurğulayıb.

«O müəssisələr indi də işləyir»

Vəkil Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edərkən 4 ilə yaxındır həbsdə olan sabiq bankirə prokurorun yenidən 17 il cəza istəməsinə etiraz edib. Deyib ki, Beynəlxalq Bankdan kredit şəklində götürülmüş vəsaitlər mənimsənilməyib, istər ölkə daxilində, istərsə də xaricdə müəssisələrin, zavodların yaradılmasına sərf olunub.

Müdafiəçinin sözlərinə görə, Beynəlxalq Bank işi üzrə araşdırmalar başlayandan sonra həmin müəssisələr bankın problemlərinin həlli ilə məşğul olan, prezidentin fərmanıyla yaradılmış «Aqrarkredit» QSC-nin balansına keçib. Vəkil «Intertobacco» tütün zavodundan tutmuş, «Inter Arena»ya qədər bir neçə müəssisənin adını çəkib. Bildirib ki, o vəsaitlər hesabına qurulan müəssisələri götürüb, üstəlik, krediti də tələb etmək ədalətsiz yanaşmadır: «İttiham tərəfi nə götürülən kreditlər hesabına görülən işləri nəzərə alıb, nə «Aqrarkredit»in balansına keçən müəssisələr nəzərə alınıb. O müəssisələr indi də işləyir, gəlir gətirir. Ya imkan verilməliydi ki, adamlar yaratdığı müəssisələri işlədib, əldə olunan gəlirdən krediti ödəsin, ya da kimlər indi o müəssisələri işlədirsə, krediti də onlar ödəməlidir. Bu, çox sadə məsələdir. Amma müəssisələr də götürülür, 4 milyarddan artıq vəsait də təqsirləndirilən şəxslərdən tələb olunur. Bu, düzgün deyil, axı...».

A.Layıcov
A.Layıcov

«Qara pişik də otaqda yoxdur»

A.Layıcov çıxışının davamında məhkəmə sisteminin durumundan danışıb. Hakim ona xəbərdarlıq edib, müvəkkilinin ittiham olunduğu işdən danışmasını istəyib. Müdafiəçi cavabında deyib ki, işin mahiyyətindən danışmaq üçün də mühit yoxdur. Beynəlxalq Bank işi üzrə gerçək araşdırma aparılmadığını vurğulayan vəkil bir çox vacib məsələlərin üzə çıxması üçün verdikləri vəsatətlərin heç birinin təmin olunmadığını yada salıb.

«Konfutsi deyir ki, «qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də əgər pişik otaqda yoxdursa». İndi də biz qaranlıq bir otaqdayıq və burada qara pişiyi axtarmağa çalışırıq. Amma qara pişik də otaqda yoxdur», – A.Layıcov belə deyib və çıxışının sonunda da məhkəmədən ədalət istəyib.

C.Hacıyevlə birlikdə mühakimə olunan keçmiş deputat Dünyamin Xəlilovun şirkəti «Global Construction»da çaypaylayan qadın işləyib - Svetlana Əsədullayeva. O qadın da hazırda onlarla birlikdə təqsirləndirilən şəxs qismində məhkəmə qarşısındadır. Çünki adına şirkət yaradılıb və o şirkət vasitəsilə bankdan böyük kredit götürülüb. Vəkili bildirib ki, S.Əsədullayeva iki övladını təkbaşına böyüdən qadın olub, işsiz qalmamaq üçün müdirinin göstərişlərini yerinə yetirmək məcburiyyətində qalıb: «Həm işini itirməmək, həm də əlavə 100 manat qazanmaq üçün razılaşmağa məcbur olub. Onun hansısa şirkətə rəhbərlik etməsi formal olub. Bunu özü də ifadəsində dedi, Dünyamin Xəlilov da təsdiqlədi. Sadəcə, adına şirkət olduğuna görə aylıq maaşına 100 manat əlavə edilib. Vəssalam, bundan başqa ona pul verilməyib».

C.Hacıyevin digər vəkili Fəxrəddin Mehdiyev çıxış üçün vaxt istəyib. Ona avqustun 29-na qədər vaxt verilib. F.Mehdiyevlə vəkillərin çıxışı yekunlaşacaq, ardınca təqsirləndirilən şəxslər son sözlərini deyəcəklər.

Xatırlatma

Prokuror bu işdə C.Hacıyev və digərlərini 179.3.1 (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə) və 179.3.2 (külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli hesab edib. Ancaq CM-in 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə məsuliyyətə cəlbetmə müddəti keçdiyi üçün bu ittihamla cəza təyin edilməsini istəməyib. C.Hacıyevə həmçinin, vergidən yayınma, vəzifə saxtakarlığı kimi ittihamlar da verilib.

Dövlət ittihamçısı C.Hacıyevin əvvəlki cəzasını da birləşdirməklə, ona 17 il həbs verilməsini istəyib.

D.Xəlilovun 15 il 9 ay, C.Hacıyevin bacanağı İ.Hidayətzadənin isə 6 il azadlıqdan məhrum edilməsi təklif olunub. Adları çəkilən iki nəfər də həbsdə idi, onların da əvvəlki cəzaları nəzərə alınmaqla, bu müddətlər təklif olunub.

C.Hacıyev 2015-ci il dekabrın 4-də həbs olunub. 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 15 il azadlıqdan məhrum edib. C.Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

XS
SM
MD
LG