Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 21:26

Z.Oruc: 'Maddi anlamda mandatın xüsusi gücündən söhbət gedə bilməz'


Z.Oruc
Z.Oruc

«Borc sahibləri mandatı, onun surətini əldə edib də doğrudanmı əmin olublar ki, həmin 600 min dollara yaxın vəsait qaytarılacaq?».

«Kimlərsə Qarabağ əlillərindən qoruyucu zireh kimi istifadə etmək istəyir və onun ətrafında tələlər qurur».

Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc AzadlıqRadiosuna müsahibə verib.

- Zahid bəy, deputat mandatını girov qoyaraq borc aldığı və onu qaytarmadığı iddia olunan keçmiş həmkarınız Rafael Cəbrayılov sentyabrın 30-da mandatından imtina etdi. Sizin baş verənlərə münasibətiniz necədir?

- Rafael Cəbrayılovu parlamentdə yetərincə hüquqi təfəkkürü yüksək olan, qanunvericilik prosesinə yaxından töhfə verən, dövlət və dövlətçilik məsələlərində prinsipial mövqeyi ilə seçilən şəxs kimi tanımışam. Belə olan halda mən ona son bir ildə yaşadığı, ya özünün iradəsi ilə, ya da qeyri-iradi cəlb edildiyi məlum vətəndaşlarla borc qalmaqalı kontekstində yanaşmaq istəməzdim. Amma məsələnin ən önəmli tərəfi odur ki, bu məsələlərin fonunda bir parlament üzvü öz mandatından imtina etməli oldu. Əlbəttə, bunu təqdir edənlər, siyasi mədəniyyət nümunəsi göstərdiyini deyənlərlə yanaşı, təəssüflə qarşılayanlar da tapıldı. Doğrudur, son illər parlament üzvlərinə ictimai basqı hiss olunmaqdadır. Bunun da müxtəlif səbəbləri var. Bir qisim hesab edir ki, parlamentin tribunası bütünlükdə Azərbaycan insanının maraq və mənafelərini əks etdirmir, başqa qisim düşünür ki, ora daha kəskin notları daşımaq lazımdır, üçüncülər parlament üzvlərindən bəzən icra qurumlarının səlahiyyətlərini tələb edir, dördüncülər bəzən onları konkret yardım mərkəzləri kimi görür və s. Amma bütün hallarda Azərbaycan parlamentinin son illərdə dövlət quruculuğuna, ölkəmizin beynəlxalq əlaqələrinə töhfə verən onlarla siması var, onların işini inkar etmək qətiyyən olmaz, bu, yanlış olardı və dövlət ənənələrinə ziyan vurardı. İndi kiminsə cəlb olunduğu bir proses üzərindən bütün parlament üzvlərini təftiş etmək, hamının bir əlinin biznesdə, bir əlinin Milli Məclisdəymiş kimi təqdim etmək çox arzuolunmaz münasibətdir. Bu məsələdən çıxış yolu kimi Rafael Cəbrayılov özü müstəqil belə bir qərar verib. O, ailə üzvünün xəstəliyi üzündən son gülərdə mandatın girov qoyulması məsələsinə tam zamanında aydınlıq gətirə bilməyib. Deputata sağdan və soldan olan basqıçı mövqelərə rəğmən, mən ona hörmətlə yanaşmışam, heç bir özəl münasibətimiz də olmayıb. Yalnız parlamentdaxili debatlar, diskussiyalarda formalaşan bir münasibətdir. Ancaq hamımız nəzərə almalıyıq ki, vətəndaşların baxışları, qiymətləndirmələri birinci yerdə dayanmalıdır, ictimai rəylə mütləq hesablaşmalıyıq. Belə həssas dönəmlərdə, informasiyanın dağıdıcı gücə malik olduğu zamanda nəzərə almalıyıq ki, hər hansı maraqlara əsasən bir fərdi kontekstdə məlumatlar meydana çıxırsa və tirajlanırsa, mütləq onlara qarşı çıxmaq lazımdır. Bu, istənilən demokratik cəmiyyətdə vəzifə daşıyıcılarının, ictimai personaların vəzifəsidir, öhdəliyidir. Bu baxımdan Rafael müəllim hansısa məqamları əlindən buraxmış oldu, cəlb edildiyi danışıqlar, onların çəkilməsi, üzləşdirmələr və s. onun obrazını zərbə altında qoydu. Başqa millət vəkillərini də sanki müəyyən sorğu-suallar, ictimai tələblər qarşısında qoydu.

- Toplumda deputatın hərəkəti daha çox «parlament adına ləkə», «rüsvayçı davranış» kimi dəyərləndirilir. Onun mandatını borc qarşılığında girov qoyduğu deyilir və son hadisə də, onun mandatdan imtinası deyilənlərin əsassız olmadığını göstərir. Bu durumda hadisəyə necə don geyindirilmək istənilsə belə, bunun bəraəti yoxdur, yəqin ki. Mümkünsə, bu məsələylə bağlı daha açıq münasibət bildirmənizi istərdik.

- Rafael Cəbrayılov bəyan edir ki, o, mandatını girov qoymayıb. Müxtəlif sənədlərin notarial qeydiyyatdan keçməsi baş verib. Maddi öhdəlik anlamında mandatın xüsusi gücündən söhbət gedə bilməz. Bu maddi ekvivalent də deyil, əmlak gücünə də malik deyil, onun xüsusi qiymət ölçüsü yoxdur, axı. Bu məsələ, sadəcə, kontekstindən çıxdı və kiminsə sənədini borc öhdəliklərinə qarşılıq girov qoyduğu fikri yarandı. Bu, həmin borc sahibləri üçün də məna daşımır, axı. Kimsə sənədini borc əvəzinə verirsə belə, burda nə əldə olunacaq? Hesab edirəm ki, bu məsələ qısa zamanda çözülməlidir və Rafael Cəbrayılovun da dilindən bu vəd səsləndi. Açıq deyim ki, bu məsələ ətrafında, sizin dediyiniz kimi, bəraət mövqeyi tutmaq olmaz. Səhv və xətalar inkaredilməzədir. Görünür, məhz bu səbəbdən də insan özü belə vəziyyətdə parlament üzvü adını daşımağın yolverilməzliyi qərarını çıxardı. Amma yenə də istərdim ki, prokurorluq orqanlarının, məhkəmənin funksiyasını üzərimizə götürməyək. Əgər həqiqətən də ortada başqa xarakterli problem varsa, hüquq müstəvisində yanaşılmalıdır. Rafael Cəbrayılov borc sahiblərini haqlı çıxardı. Yəni inkarçı mövqe tutmadı, məsuliyyət daşımadığını söyləmədi.

- Deyəsən dediniz ki, o mandatın – söhbət deputat mandatından gedir – xüsusi qiyməti, xüsusi gücü yoxdur. Düzmü başa düşdük Sizi?

- Mandatın ölkənin hüquqi, siyasi həyatında nümayəndəlik institutu kimi mənəvi anlamda çox böyük önəmi var, bu, xalq iradəsinin təmsilçisi olmaq kimi çox böyük üstünlük daşıyır. Bu cəhətdən mandat heç şübhəsiz dəyərlidir, yəni sözün siyasi mənasında. Amma istənilən əşya, əmlak, vasitə pula daha tez çevrilə bilirsə, likvidlik adlanır. Bu mənada söyləyirəm ki, deputat mandatı hansısa bir ekvivalent ölçüsünə malik deyil. Bu məsələyə medianın hazırkı hikkəsi və məlum qiymətləndirilməsi fonunda deyirəm ki, borc sahibləri mandatı, onun surətini əldə edib də doğrudanmı əmin olublar ki, həmin 600 min dollara yaxın vəsait qaytarılacaq? Doğrusu, məsələnin incəliyini araşdırmamışam. Təkcə deputat mandatı deyil, başqa vəsiqə və ya sənəd də borc sahiblərini anlaşmaq üçün razı salmamalı idi. Ona görə də mandatın girovluğu haqda danışılanları şişirdilmiş hesab edirəm.

- Az əvvəl dediniz ki, Rafael Cəbrayılov ətrafında baş verənlər digər parlament üzvlərini də sorğu-suallar, ictimai tələblər qarşısında qoydu. Vaxtaşırı belə iddialar səslənir ki, deputat adından, mandatından, əlaqələrindən, səlahiyyətindən istifadə edənlər çoxdur və bu səbəbdən deputatlarla bağlı araşdırma aparılmalıdır. Siz necə baxırsınız buna?

- Bizdə yüzlərlə, minlərlə sahibkar kimi çalışan, böyük biznesə daxil olan, bunu beynəlxalq məkanda həyata keçirən şəxslər var. Bu şəxslərdən kimsə günün birində parlament üzvünə çevrilirsə, bu haqda ictimaiyyətə geniş bilgilər təqdim olunmalıdır. İlk növbədə ayırd edilməlidir ki, qazanılan milyonlar əvvəlki dövrdə əldə olunub və burda kriminal nəsə yoxdur. Kimsə imkanlıdırsa ona ictimai basqı olmamalıdır, amma 5 illik dönəmdə Məclis üzvü kimi biznes fəaliyyətini dayandırmalıdır. Bu halda deyilən söhbətlərə yer qalmaz. Bir rayonun rəhbəri keçmiş dövrdə Avropada yaxşı biznes imkanlarına malik olub və bu gün məmura çevrilibsə, dərhal antisosial məmur, cinayətkar obrazını yaradırlar. Həmin şəxs də sükutla keçir üstündən, deyilən materiallar da daha çox bərkiyir, vətəndaş fikrini daha çox məşğul edir və nəticələrə yol açır. Bu çox yanlışdır. Əlbəttə, parlamentdə keçmişdə bizneslə məşğul olanlar var, biz onlara ehtiramla yanaşmalıyıq, amma kim o fəaliyyətini davam etdirir, bu, ayrı mövzudur. Media bu məsələni işıqlandıranda həmin şəxslər açıq olmalı, sualları cavablandırmalıdır.

- Həmin sualı səbəbsiz vermədik. Az əvvəl hüquq-mühafizə orqanları deputat İqbal Məmmədovun oğluna, yaxınlarına məxsus olduğu deyilən obyektə vergi işçiləri gələndə onlara hücum edilməsi, işə polisin müdaxiləsi haqda məlumat yaydılar. Və ya bir neçə il öncə «mandat alveri» haqda qalmaqaldan sonra deputat cəzalandırıldı. Yəni, deputat kimi adından, əlaqələrindən istifadə etmək istəyənlər hər zaman tapılır və bunlar üzə çıxanlardır.

- Əgər 1990-cı illərdə mübarizənin yetirmələri parlamentə siyasi dalğada gəlmişdilərsə və onların da öz problemləri meydana çıxmışdısa, ondan sonrakı illərdə parlament üzvlərinin fəaliyyət sahələrinə, o cümlədən maddi imkanlarına görə xeyli dəyişiklik baş verdi. Hər çağırış dövrünə ayrıca qiymət vermək olar, yəni intellektuallığı, hüquqi-siyasi səriştəni, dövlət quruculuğunda fəallığı, cəmiyyət üçün əlçatanlığı, müxtəlif məsələlərin irəli sürülməsi və s. məsələləri Milli Məclis üzvləri necə daşıyıb. Yekun olaraq deyim, jurnalistikanın özündə də müəyyən problemlər var, hamı eyni adı daşısa da, peşəkarlığı, vicdanlılığı, obyektivliyi və s keyfiyyətləri bərabər bölüşmür. Xalq təmsilçisi olmaq müəyyən dövrdə üzərinə böyük məsuliyyət götürmək anlamına gəlsə də, nəticə etibarilə hər kəs sonrakı addımlarını fərdi qaydada müəyyənləşdirir. Son 30 ildə deputatlara dövlətçiliyə, milli amallara bağlılığına, səriştəsinə görə qiymət vermək istəsək, fərqli nəticələrə gələ bilərik. Cümhuriyyət dövründə - həmin ağır illərdə bir ovuc millət fədaisi Demokratik Respublika qursalar belə, o Şuranın içərisinə Azərbaycan əleyhinə olanlar da daxil idi. Bu da təbiidir. Həmin ictimai dalğa onları irəli çıxarmışdı. O üzdən deyirlər ki, hər bir dövrdə seçilənlər dövrünün məhsulu, o zamanın seçimi olur. İndinin özündə Milli Məclisin üzvləri ilə bağlı ictimai fikir tamam başqa detalları arzulayır. İctimai rəylə işləyən bir qurum kimi hiss edirik ki, Azərbaycan insanının baxışları dəyişir. Belə olan təqdirdə kimsə bu çağırışları hiss edirsə, ona uyğunlaşmağa çalışırsa, düşünürəm ki, o millətin həyatında yaşayacaq. Əks halda, onları növbəti dönəmdə parlamentdə görməyəcəklər.

- Zahid bəy, bir məsələyə də toxunmanızı istərdim. Son günlər KİV-lər, sosial media Qarabağ əlillərinin SOCAR əməkdaşları tərəfindən döyülməsi haqda yazmaqdadır. Qarabağ cəmiyyətin bir qədər də həssas yeridir, Siz də rəylə işləyən bir təşkilatın rəhbərisiniz, bu cür qarşıdurmalar nədən qaynaqlanır?

- Dövlət elə bir institutdur ki, qətiyyən vətəndaşlarla hər hansı sahədə toqquşmanı arzulamaz. Həqiqətən də iqtidar niyə Azərbaycan torpaqlarını qoruyanların, Qarabağ fədailərinin ölkənin müxtəlif strukturları, onların təmsilçiləri ilə üz-üzə qalmasında maraqlı olmalıdır? Qətiyyən arzuolunmazdır. Bu, dərhal ölkənin informasiya məkanına çıxır, hadisəni lokal çərçivədən çıxarıb ayrı nəticələrə gətirirlər, bunu dövlətin Qarabağ qazilərinə və ya neft sektoruna qarşı münasibət kimi dəyərləndirəcəklər. Bunlara yol verməmək üçün bilməliyik ki, Azərbaycanda çox mühüm sahələrdə işləyən, ölkə əleyhinə savaş açan, hibrid müharibə aparmaq üçün silahlanan elementlər var. Sonuncu hadisədən danışırıqsa, burada müxtəlif xarici dairələr iştirak edirlər və onlar bunu o qədər ustalıqla reallaşdırırlar ki, heç şübhəsiz, ön cəbhədə və aşkar planda görmək mümkün deyil. Məsələn, adi «feyk» (saxta) xəbərə diqqət edin. Konkret olaraq həmin tikintini aparmaq istəyən qüvvə Qarabağ əlillərini ora cəlb edir, ardınca məlum olur ki, fiziki xəsarətlərlə müşayiət olunan insident yaşanır. Dərhal bu, həmin insanların polislə qarşıdurması kimi qələmə verilir. Halbuki həmin situasiyada söhbət SOCAR-ın təhlükəsizlik xidmətindən gedir. Nəhayət, Qarabağ əlillərini millətin və dövlətin ön cəbhəsində düşmənə qarşı savaşda deyil, daxildə hansısa mübarizələrdə yer almasını istəyən qüvvələr var. Bunlar xeyli müddətdir sistemli fəaliyyət aparırlar. Üçüncüsü, söhbət SOCAR brendindən getmir. Amma neft-qaz kəmərləri də bu millət üçün qan damar sistemləridir. Biz son hadisəni bir evin tikilməsi və onun yanında olan insanlarla yaşanan skandal kimi qəbul edirik. Halbuki kimlərinsə beyninə siqnallar gedir ki, baxın digər kəmər ərazilərində də oxşar problemlər yaşatmaq, gərginliklər yaratmaq olar, dövlətin enerjisini, resursunu bura cəlb etmək mümkündür.

- O zaman SOCAR rəhbərliyi niyə buna şərait yaradır?

- Cavab çox sadədir. Əgər siz KİV nümayəndəsi kimi deyil, konkret vəzifə əldə edib məsuliyyət sahibi olsanız, görəcəksiniz ki, bir çox problemləri həll etmək nə hazırkı qanunlar çərçivəsində, nə də reallıqlar üzərindən mümkündür. Yalnız ona görə ki, bu cür məsələlərin yaşı 100 ildir. Bütün o boru kəmərlərinin keçdiyi ərazilərdə evlər tikilib. İndi nə onlara qarşı söküntü əməliyyatı həyata keçirmək mümkündür, nə də boru xəttini köçürmək. Bu problemin həlli çox zaman alır və çətinliklərlə yoluna qoyula bilər. Bu durumda emosiyaları sakitləşdirmək çətindir. Halbuki son illərdə hakimiyyət nə qədər Qarabağ qazisi üçün mənzillər inşa edib. Bu onların haqqıdır, əlbəttə. Amma məsələyə obyektiv baxmalıyıq, «SOCAR təmsilçiləri ilə əlillər arasında» baş verənləri tirajlayan qüvvələr bu qarşıdurmaların kimlərinsə marağında olduğunu bilməlidir. Kimlərsə Qarabağ əlillərindən qoruyucu zireh kimi istifadə etmək istəyir və onun ətrafında tələlər qurur. Məsələnin həlli yolu odur ki, Qarabağ əlillərinə münasibətdə həssaslıq qat-qat artmalıdır.

- Sizin dediklərinizdən belə başa düşmək olar ki, hansısa tikinti şirkəti və ya fərqli dairələr Qarabağ əlillərindən istifadə edirlər. Əgər belədirsə, niyə həmin zümrənin problemləri zamanında həll olunmur ki, onlar da istəmədən sizin dediyiniz kimi oyunların iştirakçısına çevrilirlər? Yenə də məsələnin bir tərəfi hökumətə, dövlətə dirənir.

- Qarabağ əlillərinə bizim yanaşmamız onların «alətə, vasitəyə çevrilməsi» kimi deyil. Amma bu da həqiqətdir ki, bir sıra hallarda kimlərsə onların yardımına bel bağlayır, dövlət qurumları, cəmiyyət, media üçün həssas və son dərəcə qiymətli qüvvə olduğundan onlardan yararlanırlar. Problemlər məsələsinə gəlincə, 1990-cı illərdən bir milyona qədər köçkün, 20 mindən artıq şəhid ailəsi, on minlərlə Qarabağ əlili, 96 mindən artıq veteranın işini dövlət böyük bir sosial, humanitar, mənəvi yük kimi çiynində daşımaqdadır. Elə il olub ki, mən tək Bərdədə 16-17 Qarabağ əlilinin evinin tikilməsində iştirak etmişəm və ya binaların açılışında olmuşam. Bununla bərabər kimsə iddia etmir ki, onların bütün problemləri həll olunub. Bütün strukturlar onlara yüksək şərait yaradıb, növbəlilikdə birinci yer verilir, tədbirlərdə ön sıraları ayırır və onlarla hesablaşırlar. Təbii ki, xeyr. Bu da ondan irəli gəlir ki, son illərdə müharibədə məğlubiyyətin ağırlığı, tam münasibətin formalaşmaması bu yanaşmaya imkan verir. Mənim yanaşmam budur ki, SOCAR ətrafında belə qarşıdurmalara yol verməməliyik. Qarabağ əlillərinə ehtiramımızı saxlamalıyıq, emosiyaları sakitləşdirib problemi hüquq çərçivəsində çözməliyik.

- Sizin Sosial Tədqiqatlar Mərkəzi ötən həftə prezidentlə bağlı rəy sorğusunun nəticələrini açıqladı. Növbəti araşdırmalar hansı mövzuda olacaq?

- AzadlıqRadiosu bizim hesabatla bağlı rəylər almışdı, müəyyən qədər obyektivlik göstərilmişdi. O biri yandan STM həmin tədbir vasitəsilə işlərini, hazırlıqlarını, gələcək baxışlarını, vəzifələrini önə çıxardı. Bizim mərkəz barometr kimi cəmiyyət həyatının mühüm, ağrılı problemlərini tədqiq etmək, onları təhlil edərək dövlət üçün mövqe, rəy sənədi halına gətirmək, bu yöndə qapalı və açıq arayışlar vermək hüququna malikdir. Rəy sorğuları onun işinin 10-15 faizini təşkil edir. Orda cəmiyyətdəki problemlər də əksini tapır, biz pozitiv boyalardan istifadə etmədən balanslı sənəd ortaya qoymuşuq. Ən azı 10 mövzuda araşdırmalarımızı yaxın zamanda ictimailəşdirməliyik. Məsələn, bu il ali məktəblərə keçirilən ikimərhələli qəbul siyasəti, 11 illik kurikulumun yekunlarına dair 85-səhifəlik sənəd hazırlanıb. Bu yaxınlarda açıqlanacaq. Yuxarı sinif şagirdlərinin dərslikləri haqda təxminən 50-səhifəlik təkmil sənəd hazırlanıb. Suriya konflikti və ondan sonra dəyişən münasibətlər, cəmiyyətdə dinə baxış məsələləri də araşdırılmaqdadır. Və ya daxili miqrasiya məsələsi. Nədir insanların paytaxta axınının arxasındakı səbəblər? Eləcə də hökumət strukturları, mətbuat xidmətlərinin fəaliyyətləri də qiymətləndirilir. Bizim borcumuzdur ki, fəaliyyətimiz dövründə obyektiv barometr rolunu oynayaq.

- Sizcə, dövlət başçısının təyin etdiyi şəxsin onunla, onun başçılıq etdiyi hökumətlə bağlı obyektiv rəy verməsi mümkündürmü?

- Qətiyyən çətin deyil. İlham Əliyev ədalətli, obyektiv, son dərəcə güclü, çevik, humanist liderdir.

XS
SM
MD
LG