Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:01

Macron-un ‘NATO ölməkdədir’ bəyanatı Moskvanı sevindirib


Emmanuel Macron (sağda) və Angela Merkel (Foto arxivdəndir)
Emmanuel Macron (sağda) və Angela Merkel (Foto arxivdəndir)

Fransa prezidenti Emmanuel Macron Avropa ölkələrinə xəbərdarlıq edərək deyib ki, prezident Donald Trump-ın proqnozlaşdırılmasının mümkün olmaması ucbatından NATO ölməkdədir.

Onun bu bəyanatı Almaniya tərəfindən dərhal rədd edilsə də, Rusiya tərəfindən alqışlanıb.

Macron habelə NATO Nizamnaməsinin 5-ci maddəsi barədə şübhələrini dilə gətirib.

Bu maddəyə görə alyansın hər hansı üzvü hücuma məruz qalarsa, bütün digər üzvlər onun müdafiəsinə gəlməlidir. Bu maddəyə görə bir NATO üzvünə hücum alyansın bütün üzvlərinə hücum kimi qiymətləndirilir.

Bu maddə əslində 1949-cu ildə yaradılmış hərbi blokun onurğa sütunudur.

Macron noyabrın 7-də The Economist jurnalına verdiyi müsahibədə deyib ki, “biz hazırda NATO-nun beyin ölümü keçirdiyinin şahidi oluruq”.

O “hələ də 5-ci maddənin gücünə inanırmı” sualına Macron “bilmirəm” cavabını verib, lakin əlavə edib ki, Birləşmiş Ştatlar müttəfiq olaraq qalmalıdır.

Macron bunu da deyib ki, Trump-ın ABŞ qoşunlarını şimal-şərqi Suriyadan çıxarmaq barədə ötən ay verdiyi qəfil qərar “Vaşinqtonun sanki bizə arxa çevirdiyinin” işarəsini verir.

Lakin Almaniya kansleri Angela Merkel deyib ki, Macron hadisələrə aşırı reaksiya verir. O Berlində alyansın baş katibi Jens Stoltenberg-lə birlikdə keçirdiyi mətbuat konfransında deyib:

"Fransa prezidenti öz baxışlarını ifadə etmək üçün xeyli kəskin sözlərdən istifadə edib. Mən NATO ilə əməkdaşlığın vəziyyətini belə görmürəm”.

Stoltenberg isə xəbərdarlıq edib ki, zəiflədilmiş transatlantik alyans “Avropanı bölə bilər”.

Noyabrın 9-da Berlin Divarının dağılmasının 30-cu ildönümünə həsr edilmiş tədbirdə iştirak üçün Almaniya paytaxtına gəlmiş ABŞ dövlət katibi Mike Pompeo isə bəyan edib ki, NATO “mühüm və həlledici” birlikdir.

Pompeo deyib ki, “bu alyans bəlkə də bütün yazılı tarixdə ən mühüm alyansdır”.

Lakin Moskvada Macron-un NATO barədə bəyanatları alqışlanıb.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Maria Zakharova deyib ki, “bunlar qızıl sözlərdir…NATO-nun indiki vəziyyətini dəqiq təsvir edir”.

Təhlilçilər bildirirlər ki, NATO-nun ötən iyulda Brüsseldə keçirilən sammitində Trump-ın NATO-nun guya böhran keçirdiyini deməsi alyansı silkələyib.

Bunun ardınca NATO üzvü Türkiyənin alyansın bütün xəbərdarlıqlarına baxmayaraq ötən ay Suriyaya hərbi müdaxilə etməsi blokun birliyi barədə təsəvvürlərə kölgə salıb.

XS
SM
MD
LG