Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:33

Almaniya Rusiya səfirliyinin iki işçisini ölkədən çıxarır


Tbilisidəki Almaniya səfirliyinin qarşısında keçirilən piket
Tbilisidəki Almaniya səfirliyinin qarşısında keçirilən piket

Almaniya Rusiyanın iki diplomatını ölkədən çıxarıb. Federal prokurorluq orqanları isə etnik çeçen olan Gürcüstan vətəndaşının Berlində qətlini araşdırmağa başlayıb. Bu hadisədə Rusiyanın əli olmasına dair iddialar var.

Almaniyanın Xarici İşlər Nazirliyi dekabrın 4-də bəyanatında bildirir ki, Berlindəki Rusiya səfirliyinin iki işçisi “Diplomatik Münasibətlər üzrə Vyana Konvensiyasının 9-cu Maddəsinə uyğun olaraq persona non qrata” hesab olunublar.

40 yaşlı Zelimkhan Khangoshvili avqustun 23-də Kleiner Tiergarten parkında başından güllələnib. O vaxtilə Rusiyanın Çeçenistan regionunda separatçılarla yanaşı savaşıb.

Hadisədən dərhal sonra qətldə şübhəli bilinən Rusiya vətəndaşı saxlanıb.

“Federal Hökumət bu addımla, dəfələrlə yüksək səviyyədə edilən müraciətlərə baxmayaraq, Rusiya hakimiyyətinin qətlin istintaqında yetərincə iştirak etməməsinə reaksiya verir”, – bəyanatda vurğulanır.

Kremlin sözçüsü isə insidentə Rusiyanın bağlılığı haqda deyilənləri təkzib edib.

“Bunun Rusiya hakimiyyətinə nə dəxli var?” Dmitry Peskov dekabrın 4-də jurnalistlərə deyib.

“Bunlar tamamilə əsassız fərziyyələrdir. Almaniya mediası məsələni şişirdir və bu da onun real olması anlamına gəlmir”, – Peskov vurğulayıb.

***

Almaniya Berlində törədilmiş qətlə görə Rusiyadan şübhələnir

Almaniyanın federal prokurorları Gürcüstan vətəndaşı olan çeçenin Berlində öldürülməsi ilə bağlı cinayətin araşdırılmasına başlayırlar.

Bu qətldə Rusiya kəşfiyyatının iştirak etdiyinə dair ciddi şübhələr var.

Keçmişdə Çeçenistanda Rusiya hökumət qoşunlarına qarşı döyüşmüş 40 yaşlı Zelimkhan Khangoshvili avqustun 23-də Almaniya paytaxtındakı “Kleiner Tiergarten” parkında başına atılan iki güllə ilə qətlə yetirilib.

Hadisədən az sonra qətldə şübhəli bilinən Rusiya vətəndaşı həbs olunub.

Almaniyanın Der Spiegel həftəlik jurnalı yazır ki, “Federal Prokurorluq bu qətlin Rusiyanın dövlət agentlikləri tərəfindən sifariş edildiyindən şübhəlidir”.

Almaniyanın başqa media qurumları, habelə Reuters müxtəlif mənbələrə istinadən federal prokurorların bu iş üzrə təhqiqata başlayacaqlarını yazırlar.

Reuters hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirib ki, “bu qətlin arxasında Rusiya xarici kəşfiyyat idarəsinin dayandığına dair sübutlar var”.

Almaniya mediası Khangoshvili-nin öldürülməsi ilə 2018-ci ildə İngiltərədə keçmiş casus Sergey Skripalın zəhərlənməsi arasında bağları təhlil edir.

Rusiya hər iki insidentdə rolu olduğunu inkar edir.

Khangoshvili 1999-2002-ci illərdə baş vermiş İkinci Çeçen Müharibəsində tanınmış komandir Shamil Basayevlə çiyin-çiyinə Rusiya qüvvələrinə qarşı döyüşüb. Onun qısa müddətdə Çeçenistan prezidenti olmuş Aslan Maskhadov-la yaxın olduğuna dair məlumatlar var.

Eyni dəst-xətt

Der Spiegel, The Insider in Russia, habelə Britaniyadakı Bellingcat təhqiqat qrupunun ötən avqustda dərc edilmiş birgə hesabatında deyilir ki, Vadim Adreyevich Sokolov adı altında hərəkət edən şübhəlinin pasport nömrəsi onun Rusiyanın xüsusi xidmətlərinə bağlı olduğunu göstərir.

Beləki bu pasportun nömrəsi Rusiyanın başqa agentlərinin istifadə etdikləri pasportların seriya nömrələrinə çox yaxındır.

Amma avqustun 30-da açıqlanmış jurnalist hesabatında şübhəlinin əsl kimliyi bildirilmirdi.

Bununla belə Bellingcat qrupunun 3 dekabr tarixli açıqlamasında deyilirdi ki, Berlinə Sokolov soyadı ilə gəlmiş şəxs əslində 54 yaşlı Vadim Krasikovdur.

Bellincat bildirirdi ki, “Krasikov 2013-cü ildə Moskvada bir rusiyalı biznesmenin qətli ilə bağlı işdə şübhəli qismində tanınmışdı”.

Sözü gedən biznesmenə ovaxtadək bir neçə sui-qəsd cəhdi edilmişdi.

Bellingcat yazırdı:

“Moskvadakı qətl bir çox əlamətləri ilə Berlindəki sui-qəsdi xatırladır. Orda da qatil hədəfə velosipeddə yaxınlaşmış və yaxın məsafədən atəş açmışdı. Hər iki hadisədə bir güllə qurbanın başının arxasından, bir güllə də başın ön hissəsindən atılmışdı. Orda da, burda da qatil velosipeddə aradan çıxmışdı”.

Bellingcat təhqiqatçılarının başqa bir araşdırmasında deyilridi ki, Skripal və onun qızına qarşı sui-qəsd cəhdində Rusiya hərbi kəşfiyyat idarəsi – GRU-nun üç zabiti iştirak edib.

Britaniya onlardan ikisinin Rusiyadan ekstradisiyasını tələb edir.

XS
SM
MD
LG