Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:49

Berlin qətlində Rusiya xüsusi xidmətlərinin 'izi'


Şübhəli "Vadim Sokolov"
Şübhəli "Vadim Sokolov"

Almaniyada Gürcüstan vətəndaşı Zelimkhan Khangoshvili-nin qətli ittihamı ilə həbs olunmuş rusiyalı əvvəllər Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) “Vımpel” xüsusi təyinatlı komandosunda xidmət edib və Moskvada bir sahibkarın öldürülməsindən başqa azı iki sifarişli qətldə iştirak edib.

Britaniyanın Bellingcat təhqiqat qrupu, Almaniyanın Der Spiegel jurnalı və Rusiyanın The Insider saytının apardığı təhqiqat hesabatının ikinci hissəsində belə deyilir.

Bu araşdırmada sözü gedən rusiyalı şərti olaraq Vadim Krasikov kimi verilir.

Bu təhqiqatın birinci hissəsində bildirilmişdi ki, Almaniyada Vadim Sokolovun adına pasportla həbs edilmiş Krasikov Moskvada bir biznesmenin qətli ilə bağlı axtarışa verilmişdi.

Təhqiqatın ikinci hissəsində isə iddia edilir ki, o 2007-ci ildə Kareliyanın Kostomuşka şəhərində biznesmen Yury Kozlovun qətlində iştirak edib.

Krasikov vaxtilə bu iş üzrə şübhəlilərdən biri olsa da, hazırda bu informasiya məlumat bazasından silinib. Onun axtarışı elan edib. Bu iş üzrə iki başqa müttəhim – Ivanov və Fomenko 2014-cü ildə mühakimə ediliblər. Onları birləşdirən cəhət hər ikisinin əvvəllər FTX-nin “Vımpel” komandosunda qulluq etmələri idi.

Zelim Khangoshvili
Zelim Khangoshvili

Təhqiqat materiallarında deyilir ki, Kozlovun qətli ilə bağlı məhkəmə prosesi dayandırlıb, 2015-ci ilin iyun ayında isə Krasikovun adı federal axtarışdan və Interpolun məlumat bazasından çıxarılıb.

Təhqiqatçılar iddia edirlər ki, Krasikov ehtimalən xüsusi xidmətlər tərəfindən sifarişli qatil kimi ələ alınıb.

Qeyd olunur ki, buna bənzər sxemdən bu ilin yazında Ukraynada hərbi kəşfiyyat zabitinin avtomobilini partlatmağa cəhd edən Aleksey Komarichev-in də ələ alınmasında istifadə olunub.

O Kiyevə Andrey Lomako adı ilə gəlmişdi. Bomba onun iki qolunu qoparsa da, sağ qalıb. Onun əvvəllər Rusiya narkotiklərə qarşı mübarizə xidmətinin əməkdaşı olduğu məlumdur. Təhqiqatçılar iddia edirlər ki, o Kiyevdə Rusiya Baş Kəşfiyyat İdarəsinin (hərbi kəşfiyyat) – GRU-nun tapşırığını yerinə yetirirdi.

Gürcüstan müharibəsinin "haqq-hesabı"

Təhqiqat materiallarında daha bir misal göstərilir. Məhkum keçmişi və Donbasda döyüş əməliyyatları təcrübəsi olan Rusiya vətəndaşı Oleg Smorodinov iddia edildiyinə görə 2015-ci ildə Rusiya xüsusi xidmətləri tərəfindən ələ alınaraq Ukraynanın Rovno şəhərinə göndərilib və orada bir zabiti öldürüb.

O sonradan Ukraynada həbs olunub. Bu iş barədə 2019-cu ilin yazında The New York Times yazmışdı.

İddia edilirdi ki, həbs edilərkən onun üstündən gələcək qurbanların 6 nəfərlik siyahısı tapılmışdı.

Bu siyahıdakılar 2008-ci il Rusiya-Gürcüstan müharibəsi zamanı Berlində öldürülən Khangoshvili kimi Gürcüstan ordusunda məsləhətçi olmuşdular.

Bellingcat iddia edir ki, Rusiyanın xüsusi xidmətləri keçmiş cinayətkarların əli ilə 2008-ci ildə Gürcüstanda Rusiyaya qarşı vuruşanlarla haqq-hesab çürüdür.

Tbilisdə Almaniya səfirliyinin qarşısında piket
Tbilisdə Almaniya səfirliyinin qarşısında piket

Bellingcat qrupunun apardığı təhqiqatın ilkin nəticələri dekabrın 3-də dərc edilib. Orada Khangoshvili-ni öldürən şəxsin adı Vadim Krasikov kimi müəyyən edilmişdi.

Jurnalistlərin iddiasına görə o 10 avqust 1965-ci il tarixində Qazaxıstanın Çimkənt vilayətində doğulub.

1980-ci illərdə ailəsi ilə birlikdə Buryatiyaya köçüb. 2014-cü ildə Moskvada bir sahibkarın qətlində şübhəli kimi beynəlxalq axtarışa verilib. Yarım ildən sonra axtarış dayandırılıb.

Bellingcat yazır:

“Moskvadakı qətl bir çox əlamətləri ilə Berlindəki sui-qəsdi xatırladır. Orda da qatil hədəfə velosipeddə yaxınlaşmış və yaxın məsafədən atəş açmışdı. Hər iki hadisədə bir güllə qurbanın başının arxasından, bir güllə də başın ön hissəsindən atılmışdı. Orda da, burda da qatil velosipeddə aradan çıxmışdı”.

Bellingcat habelə qeyd edir ki, Krasikovun axtarışını elan edən Rusiya hakimiyyət orqanlarında böyük bir ehtimalla onun fotoşəkilləri və barmaq izləri vardı.

Berlin Moskvanı ittiham edir

Dekabrın 3-də Almaniyanın hüquq-mühafizə orqanları Khangoshvili-nin qətlində Rusiya hökumətinin əlinin ola biləcəyini bəyan etmişdi.

Dekabrın 4-də Almaniya hökuməti bildirmişdi ki, Moskva bu qətlin araşdırılmasında Berlinlə əməkdaşlıqdan imtina edir.

Bunun ardınca Rusiyanın iki diplomatı Almaniyadan qovulmuşdu.

Almaniya kansleri Angela Merkel dekabrın 4-də NATO-nun sammitində demişdi ki, Berlin Rusiya diplomatlaırnı Moskvanın araşdırmada əməkdaşlıqdan imtina etməsi ilə bağlı persona non grata edib.

O habelə əlavə etmişdi ki, bu məsələni gələn həftə keçiriləcək görüşdə Rusiya prezidenti Vladimir Putinlə müzakirə edəcək.

Gürcüstan doğumlu, 40 yaşlı Khangoshvili İkinci Çeçen Müharibəsində Rusiyaya qarşı döyüşən hissələrdən birinə komandirlik etmişdi.

Sonralar o Gürcüstanın xüsusi xidmətləri ilə əməkdaşlıq etmişdi.

Tbilisdə ona sui-qəsd cəhdi edildikdən sonra Khangoshvili Almaniyadan siyasi sığınacaq istəmişdi.

O 2019-cu ilin avqustunda Berlində qətlə yetirilib.

XS
SM
MD
LG