Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:47

Rusiya 4 illiyə idman yarışlarından kənarlaşdırılır


İllüstrativ foto
İllüstrativ foto

WADA Rusiyanı dopinq qalmaqalına görə dörd il müddətinə Olimpiya oyunlarından və dünya çempionatlarından kənarlaşdırıb.

Bu o deməkdir ki, 4 il ərzində Olimpiya oyunlarında, idman tədbirlərində Rusiyanın bayrağı dalğalanmayacaq, himni çalınmayacaq, rəsmi komandası iştirak etməyəcək.

Qərar dekabrın 9-da yekdilliklə qəbul olunub. Bundan öncə WADA-nın gəldiyi qənaətə görə, Moskva laboratoriya məlumatlarını saxtalaşdırıb, saxta məlumat verib, müsbət nəticəli dopinq testlərilə bağlı faylları silib.

WADA rəsmi məlumatı Rusiyanın Anti-Dopinq Agentliyi olan RUSADA-ya göndərəcək.

Rusiyanın bir sıra deputatları bu qərarı pisləyib, şikayət verilməli olduğunu deyib.

RUSADA-nın İdarə Heyətinin başçısı Aleksandr Ivlev deyib ki, qurum növbəti 10 gün ərzində yığışacaq, gələcək addımlarla bağlı qərar verəcək.

***

Rusiya yeni sanksiyalarla üzləşə bilər

Dekabrın 9-da Ümumdünya Antidopinq Agentliyinin (WADA) icraedici komitəsi yığışır. Rusiyaya daha bir dopinq qalmaqalına görə sanksiyalar tətbiq oluna bilər.

Agentliyin bir komitəsi ötən ay tövsiyə edib ki, Rusiya gələn il Tokioda keçiriləcək Olimpiya oyunları daxil olmaqla qlobal yarışlardan dörd illiyə uzaqlaşdırılsın, ona qarşı digər tədbirlər görülsün. Səbəb agentliyə verilmiş laboratoriya məlumatlarında “uyğunsuzluqlar”ın aşkarlanmasıdır.

Rusiyanın 2014-cü ildə Soçidə Qış Olimpiadasında medalların sayını artırmaqdan ötrü dövlət səviyyəsində dopinq əməliyyatları aparması ifşa olununca Moskva bəzi sanksiyalarla üzləşdi.

Ancaq WADA 2018-ci ilin sentyabrında Rusiyanın RUSADA antidopinq agentliyinə üçillik qadağanı aradan qaldırdı, 2012-2015-ci illərə aid dopinq məlumatlarının təhvil verməyi şərt qoydu.

WADA-nın öhdəliklərə nəzarət komitəsi noyabrın 25-də Rusiyanı yanvarda verdiyi məlumatları saxtalaşdırmaqda ittiham edib, RUSADA-ya dördillik qadağa qoymağı, ölkəni böyük idman tədbirlərindən uzaqlaşdırmağı təklif edib.

İndi son qərarı dekabrın 9-da Parisdə yığışan icraiyyə komitəsi verməlidir.

2016-cı ildə qılıncoynatma üzrə qızıl medalçı, Rusiya Olimpiya Komitəsinin icraiyyə komitəsinin üzvü Sofya Velikaya deyib ki, qərardan öncə vəzifəsindən gedəcək.

Mümkün sanksiyalar

Komitə tövsiyələri qəbul edərsə, 2020-ci il Tokio Yay Oyunları və 2022-ci il Pekin Qış Oyunlarında Rusiyanın bayrağının dalğalanmasına və himninin çalınmasına qadağa qoyula bilər.

Rusiya 2018-ci ildə Cənubi Koreyada Qış Oyunları və yüngül atletika üzrə son iki dünya çempionatında eyni qadağayla üzləşib.

Dopinq qəbulu, yaxud datanın saxtalaşdırılması ilə əlaqəli olmayan rusiyalı atletlər isə neytral Olimpiya bayrağı altında yarışa bilər.

WADA Rusiyanın böyük idman tədbirlərinə ev sahibliyinə müraciət etməsinə də dörd illik qadağa qoya bilər. Bunlardan biri 2032-ci ilin Yay olimpiya oyunlarıdır.

Daha bir qadağa Rusiya hökumət təmsilçiləri və digər rəsmilərin böyük idman tədbirlərində iştirakının yasaqlanması ola bilər.

Rusiya 21 gün ərzində WADA-nın qərarlarından İsveçrədə mənzillənən İdman Arbitrasiya Məhkəməsinə şikayət edə biləcək.

Moskva təklif olunan sanksiyalara kəskin reaksiya verib. Xarici işlər naziri Sergei Lavrov deyib ki, bu, Qərbin Rusiyanı çıxdaş etməyi hədəfləyən daha bir cəhdidir.

RUSADA rəhbəri Yury Ganus isə təklif olunan cəzaları “əsaslandırılmış” adlandırıb.

XS
SM
MD
LG