Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 07:51

Dəm qazından ölümə görə 'Azəriqaz' 50 min manat cərimələndi


Azəriqaz
Azəriqaz

Hər il Azərbaycanda onlarla insan dəm qazının qurbanı olur. Bu hallardan birinə görə «Azəriqaz» 50 min manat cərimələnib. Amma «Azəriqaz» bununla razılaşmır.

Hərçənd, zərərçəkmiş tərəf də bu məbləğlə razı deyil. Dəm qazından zəhərlənmə nəticəsində yeganə oğlunu itirdiyini vurğulayan ata hesab edir ki, ona və ailəsinə dəymiş ziyanın qarşılığında bu məbləğ çox azdır.

Hacı Mirzəyi Şahdust İran vətəndaşı olsa da, ailəsiylə Bakıda yaşayır. Onun oğlu Şervin paytaxtın Yasamal rayonu, Abdulla Şaiq küçəsindəki 179 saylı evin 5-ci mənzilində dəm qazından zəhərlənərək vəfat edib. Hadisə ilə əlaqədar cinayət işi başlanıb, «Azəriqaz»ın Yasamal rayon Qaz İstismar İdarəsinin sahə rəisi Bəkir Əliyev cinayət məsuliyyətinə cəlb olunub. B.Əliyev CM-in 314-cü (səhlənkarlıq) maddəsiylə təqsirli bilinib, ona məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkmək şərtilə, 2 il həbs cəzası kəsilib.

Ancaq Hacı Mirzəyi Şahdust bununla kifayətlənmir. O, məhkəmədə «Azəriqaz»a qarşı 1 milyon təzminat tələbiylə iddia qaldırıb. Xətai rayon Məhkəməsi iddianı qismən təmin edib – «Azəriqaz»ın zərərçəkmişə 50 min manat kompensasiya ödəməsinə qərar verilib. Tərəflərin hər ikisi qərardan narazı qalaraq apellyasiya şikayəti verib. İran vətəndaşı məbləğin artırılmasını istəyib, «Azəriqaz» isə, ümumiyyətlə, kompensasiya ödəmək öhdəliyini ədalətsiz sayır.

Bakı Apellyasiya Məhkəməsi onların heç birinin şikayətini təmin etməyib – birinci instansiyanın qərarı olduğu kimi saxlanılıb. İş gəlib bugünlərdə Ali Məhkəməyə çatıb. Bu instansiyaya isə ancaq «Azəriqaz» şikayət edib. Bu qurumun nümayəndəsi məhkəmədə də deyib ki, işçinin qanunsuz hərəkətinə görə «Azəriqaz»ın cəzalandırılması doğru deyil.

Qarşı tərəf isə Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsaslanır. Bu maddədə göstərilib ki, «hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır, əmək vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir».

Dekabrın 9-da işə baxan Ali Məhkəmə də qərarı dəyişməyib. Beləliklə, «Azəriqaz» dəm qazından çoxsaylı ölüm hallarından birinə görə zərərçəkmiş tərəfə 50 min manat təzminat ödəməlidir.

XS
SM
MD
LG