Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 03:49

Aslan İsmayılov 230 min dollarlıq 'Ferrari' qalmaqalına görə dindirildi


Ferrari
Ferrari

Bakıdakı 230 min dollarlıq «Ferrari» qalmaqalında hüquqşünas Aslan İsmayılovun da adı hallanır. Söhbət «AST» Şirkətlər Qrupunun rəhbəri Telman İsmayılovun qohumu olduğunu deyən şəxslə «Alten Group»un icraçı direktoru Elmar Geybatov arasındakı qalmaqaldan gedir. Ona görə də A.İsmayılov dekabrın 18-də bu işlə əlaqədar Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

İddia olunur ki, E.Geybatov «Ferrari»sini 230 min dollara satırmış. Onunla eyni binada yaşayan 33-yaşlı Vüqar Babayev maşını almaq istədiyini deyib. Öncədən deyib ki, maşını banka girov qoyub kredit götürəcək və ödəyəcək. Ona maşın baş etibarnamə ilə verilib və əvvəldən 5 min manat ödəyib. V.Babayev sonradan maşının pulunu ödəməyib, E.Geybatova qarşı dələduzluq etməkdə suçlanır.

V.Babayev özünü bu məsələdə qismən təqsirli bilir. Deyir ki, əslində aldatmaq niyyəti olmayıb, ancaq sənədləşmədə problemlər yarandığına görə pul götürüb ödəyə bilməyib.

Cinayət işinin materiallarında isə iddia olunur ki, Babayev Geybatovu «Ferrari» markalı avtomobil almaq adıyla aldadıb. E.Geybatov maşından ötrü 230 min dollar pul versə də, nə «Ferrari» gəlib çıxıb, nə də pul qayıdıb.

Aslan İsmayılov şirkət rəhbəri ilə V.Babayev arasında vasitəçilik edib. Məhkəmədə də bu haqda danışıb. Deyib ki, E.Geybatovun atası onun dostudur, özü də oğlunun sinif yoldaşı olub. Bu məsələni də E.Geybatovun özündən eşidib: «Dedi ki, şikayət eləmək istəyir. Məsləhət görmədim, dedim ki, Vüqarı həbs eləsələr, pul qayıtmayacaq. Onunla özüm də danışım. Elmardan nömrəsini alıb zəng elədim, məni tanımadı. Sonra mənimlə maraqlanıb, özü zəng elədi, anasıyla yanıma gəldi. İzah elədim ki, onu həbs edə bilərlər. Bildirdilər ki, qaytaracaqlar».

A.İsmayılov
A.İsmayılov

«Dedim, heç olmasa, 150 min dolları gətir, mən Elmarı razı salım»

A.İsmayılovun sözlərinə görə, V.Babayev öncə 20 min, bir müddət sonra 15 min dollar gətirib verib. O da maşın sahibini razı salıb ki, şikayət etməsin: «Vüqara dedim ki, heç olmasa, 150 min dolları gətir, mən Elmarı razı salım. Amma pulu ödəmədi. Elmar da dedi ki, şikayət edəcəm. Şikayətdən sonra Vüqarı tutdular».

A.İsmayılov barışıq şərtlərini də açıqlayıb. Deyib ki, hətta indi də Vüqar pulun yarısını ödəsə, barışıq əldə oluna bilər: «Mən söz verirəm ki, Vüqar pulun yarısını ödəsə, qalanı üçün borc müqaviləsi bağlayacağıq. Elmar mənim oğlum kimidir. Bilirəm ki, sözümü yerə salan deyil. Onsuz da Vüqarın həbsdə qalması heç nəyi dəyişməyəcək».

V.Babayevə «Ferrari»yə görə CM-in 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. O, həm də kirayə qaldığı evdən məişət əşyalarını oğurlamaqda suçlanır. Amma bu ittihamı qəbul etmir.

Bu məhkəmədə işadamı Telman İsmayılovun adını da təqsirləndirilən V.Babayev özü hallandırıb. O, çox bahalı maşın həvəskarı olduğunu, qiyməti bir neçə yüz min manat olan avtomobillərə sahib olduğunu söyləyib. Ondan həmin maşınları hansı gəlirlə aldığını, harada işlədiyini soruşanda belə cavab verib: «Mən heç yerdə işləmirəm. Mənim anam Telman İsmayılovun qardaşı Çingizin qızıdır. Mən hansısa maşını alırdım, bir müddət sürürdüm. Yeni model çıxanda əvvəlkini satıb, yenisini alırdım».

V.Babayevin ittiham olunduğu CM-in 177 (oğurluq) və 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddələrində 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Zərərçəkmiş E.Geybatovun rəhbərlik etdiyi «Alten Group» Azərbaycanın ən böyük alternativ enerji təminatçısı sayılır.

XS
SM
MD
LG