Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:49

Məhkəmə Cahangir Hacıyevin cəzasının azaldılmasına baxmaqdan imtina etdi


Cahangir Hacıyev
Cahangir Hacıyev

Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev ona verilmiş cəzanın azaldılmasını istəsə də, onun ərizəsinə baxılmayıb.

Yanvarın 14-də Sabunçu rayon Məhkəməsində hakim Süleyman Ağayev belə qərar verib.

Cəzasının azaldılmasından ötrü məhkəməyə üz tutan keçmiş bank rəhbəri ərizəsində 2017-ci il oktyabrın 20-də Cinayət Məcəlləsinə dəyişikliklərə əsaslanıb. O zaman bir çox maddələrdə cəza həddi azaldılmışdı. Bu, Cahangir Hacıyevin ittiham olunduğu 179-cu (mənimsəmə və ya israf etmə) maddəyə də aid idi.

Keşmiş bank rəhbəri haqqında birinci cinayət işi üzrə hökm sözü gedən dəyişiklikdən əvvəl çıxarılmış və sabiq bankirə 15 il həbs cəzası kəsilmişdi. Sonradan onun haqqında ikinci cinayət işi başlanıb.

İkinci dəfə ötən ilin sentyabrında məhkum olunan Cahangir Hacıyevin əvvəlki hökmü də nəzərə alınaraq, ona yekun toplam 16 il 6 ay həbs cəzası verildi.

2-ci hökm hələ qüvvəyə minməyib

İndi Cahangir Hacıyev haqqındakı birinci hökmün qanundakı dəyişikliyə uyğunlaşdırılmasını, cəzasının azaldılmasını istəyir. Bu, ikinci hökmə də təsir göstərərək ümumi cəzanı dəyişə bilər.

Cahangir Hacıyev haqqında ikinci hökm hələ qüvvəyə minməyib, çünki özü və onunla birlikdə mühakimə olunan bacanağı İsmayıl Hidayətzadə, keçmiş deputat Dünyamin Xəlilov və başqaları hökmdən şikayət verib.

Onların işinə Bakı Apellyasiya Məhkəməsində baxılır. Bu səbəbdən Cahangir Hacıyev hələ istintaq təcridxanasında saxlanılır.

Apellyasiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minir. Ardınca məhkum cəzaçəkmə müəssisəsinə köçürülür.

Cahangir Hacıyev Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlandığından, cəzasının azaldılması üçün əraziyə uyğun olaraq Sabunçu rayonunun Məhkəməsinə üz tutmuşdu. Amma yanvarın 14-də hakim deyib ki, onun ərizəsinə Qaradağ rayon məhkəməsi baxmalıdır.

Cahangir Hacıyev daha öncəki hökm üzrə 15 illik həbsi 13 saylı cəzaçəkmə müəssisəsində çəkib. Həmin həbsxana Qaradağ rayonu ərazisində yerləşir.

Sabiq bankirin özü də məhkəməyə qatılmaq istəsə də, onun arzusu yerinə yetirilməyib.

Xatırlatma

2015-ci il dekabrın 4-dən həbsdə olan Cahangir Hacıyev Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4 milyard 700 milyon manatlıq mənimsəmədə təqsirli bilinib.

O, CM-in 179 (mənimsəmə və ya israf), 313 (vəzifə saxtakarlığı), 213 (vergidən yayınma) və başqa maddələrilə ittiham olunub.

Cahangir Hacıyev özünü təqsirli bilmir.

O Beynəlxalq Bankdan kredit kimi götürülən vəsaitlərin layihələrə xərcləndiyini, əldə olunan gəlirlərdən kreditlərin ödənildiyini bildirir.

Onun sözlərinə görə, kreditlər hesabına yaradılan işlək müəssisələr onun həbsindən sonra ələ keçirilib.

Lakin onları nə satıb tam məbləği bağlayırlar, nə də əldə olunan vəsaitlərdən kreditləri ödəyirlər.

XS
SM
MD
LG