Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:53

Sarkisian-ın işi məhkəməyə göndərilib


Serzh Sarkisian
Serzh Sarkisian

Ermənistan Baş Prokurorluğu yanvarın 29-da ölkənin üçüncü prezidenti Serzh Sarkisian-a qarşı ittihamnaməni təsdiqləyərək məhkəməyə göndərib. Sarkisian-ın adı keçmiş kənd təsərrüfatı naziri Sergo Karapetian, sahibkar Barseg Beglarian, kənd təsərrüfatı nazirinin keçmiş müavini Samvel Galstyan, bitkiçilik idarəsinin keçmiş rəisi Gevorg Arutyunian-ın ittiham olunduğu işdə keçir. Bu haqda AzadlıqRadiosunun erməni xidməti xəbər verir.

Sarkisian yarım milyard dramlıq (1 milyon dollardan artıq) dövlət vəsaitini oğurlamaqda ittiham olunur. İstintaq onun sxemin təşkilatçısı olduğunu güman edir. Sxem çərçivəsində fermerlərə dizel yanacağı üçün subsidiya ayrılıb. Keçmiş prezident və digərlərinə mənimsəmə, yaxud israfçılıq ittihamı irəli sürülüb. Bu maddədə dörd ildən səkkiz ilədək həbs nəzərdə tutulub, əmlakı da müsadirə oluna bilər.

Sarkisian ittihamları rədd edir. Vəkilləri keçmiş prezidentin siyasi təqibə məruz qaldığını bildirirlər.

Serzh Sarkisian iki müddətə, 10 ildən artıq Ermənistan prezidenti olub. O, hakimiyyəti əlində saxlamaq məqsədilə 2015-ci ildə Konstitusiyaya dəyişiklik edib və ölkədə hakimiyyət tamamilə baş nazirin səlahiyyətinə keçib.

Sarkisian əvvəlcə baş nazirliyə namizədliyi verməyəcəyini desə də, vədini pozub. 2018-ci ilin aprelində parlament onu baş nazir postuna təsdiqləyib. Ancaq bu qərar ölkədə kütləvi etirazlara səbəb olub.

Kütləvi etirazlar nəticəsində istefa verən Sarkisian “səhv etdiyini” bildirib. Rəhbərlik etdiyi Respublikaçı partiyası yeni seçkilərdə parlamentə düşə bilməyib, Nikol Pashinian-ın başçılıq etdiyi müxalifətə uduzub.

Pashinian hakimiyyətə gələndən sonra Sarkisian-ın bir çox qohumları və məsləkdaşlarına cinayət işi başladılıb.

Hazırda eks-prezidentin qardaşı Aleksandr Sarkisian-ın ikinci oğlu Ayk Sarkisian adam öldürməyə cəhddə ittiham olunur, zaminə buraxılıb.

Sarkisian-ın ikinci qardaşı Levon Sarkisian vergidən yayınmada, qanunsuz varlanmada ittiham olunur, axtarışa verilib.

Onun oğlu Narek isə bu yaxınlarda Çexiyadan Ermənistana ekstradisiya olunub. Ona qanunsuz silah saxlamaq və dövriyyəyə buraxmaq, eləcə də sursat və narkotik maddə saxlamaq ittihamları irəli sürülüb.

Levonun qızı Aniyə də atasınkı kimi ittihamlar mövcuddur, heç yerə getməməklə bağlı iltizamı alınıb.

XS
SM
MD
LG