Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 09:51

Tarixi impiçment mühakiməsi sona yaxınlaşır – Qərb mediası


Donald J. Trump
Donald J. Trump

Fevralın 3-də yerli vaxtla səhər 11-də Senatda ABŞ Prezidenti Donald Trump-ın impiçment mühakiməsində yekun arqumentlərin səsləndirilməsinə başlanacaq.

Həftəsonundan qabaq Senatda çoxluğun lideri Mitch McConnell mühakimənin qalan hissəsinin detallarını açıqlayıb, deyib ki, yekunlaşdırıcı arqumentlər dörd saatı keçməməlidir.

Bu mərhələdən sonra məhkəmədə jüri rolunda olan senatorlar fevralın 3-5-də Senatda çıxış etmək imkanı qazanacaqlar.

Prezidenti təqsirli bilmək, yaxud ona bəraət vermək üzrə səsvermə fevralın 5-nə saat 4-ə təyin olunub.

Trump “çox, çox müsbət mesaj” verəcəyini deyib

Dekabrın 18-də Nümayəndələr Palatasındakı demokratlar prezidenti səlahiyyətini aşma maddəsi üzrə impiç ediblər. Onların mövqeyincə, prezident Ukraynadan siyasi rəqibləri, xüsusilə keçmiş vitse-prezident Joe Biden barəsində təhqiqat aparmağı istəməklə səlahiyyətini aşıb. Biden builki prezident seçkisində Trump-ın əsas rəqibi sayılır. Prezidentin Kiyevin təhqiqat başlatmasına və bunu rəsmən elan etməsinə nail olmaqdan ötrü 391 milyon dollarlıq hərbi yardımı yubatdığı iddia olunur.

Trump sənədləri və səsyazılarını yaymamaqla Konqresin işini əngəlləməkdə də suçlanır. Onun Nümayəndələr Palatasında araşdırma aparılarkən administrasiyanın indiki və keçmiş rəsmilərinin ifadə verməsini önlədiyi bildirilir.

Trump-ın Respublikaçı partiyası senata nəzarət edir və fevralın 5-də ona bəraət veriləcəyi gözlənir. Bundan bir gün öncə isə Prezident İllik Müraciətini etməlidir. O, “çox, çox müsbət mesaj” verəcəyini deyib.

Trump ABŞ tarixində 45 prezident içində impiç olunan 3-cü prezidentdir.

O, ittihamları dəfələrlə rədd edib, deyib ki, Ukraynayla bağlı heç bir yanlışa yol verməyib.

Demokratlar partiya namizədi haqda nə düşünür

Bu arada “Pew” Tədqiqatlar Mərkəzi yeni sorğunun nəticələrini yayıb. İlkin səsvermə öncəsi keçirilən sorğu üzə çıxarıb ki, demokratlar partiya namizədinin seçilməsində yüksək səviyyədə iştirak edirlər, demokratik cəbhəylə bağlı müsbət fikirlər səsləndirirlər və Donald Trump-a qarşı vahid mövqe sərgiləyirlər.

Di gəl, bir çox demokrat partiya namizədinin Trump-ı seçkidə məğlub edəcəyindən əmin deyil. Respondentlərin yarıdan azı – təxminən 44 faizi bu payız keçiriləcək seçkidə partiyanın qalib gələcəyini gözləyir. 34 faiz fikrini bildirmək istəməyib. 22 faiz Trump-ın qalib gələcəyini deyib.

Bunun əksinə olaraq, respublikaçı seçicilər Trump-ın təkrar seçiləcəyinə inanır. 80 faiz onun mütləq, yaxud çox güman qalib gələcəyini deyib.

“Pew” sorğunu yanvarın 6-dan 19-dək 10 min 491 seçici arasında keçirib. Onlardan 5 min 861-i demokratlar, yaxud demokratik cəbhəyə meyllənən seçicilər olub.

Demokratların partiyadan namizədlə bağlı fikirləri də haçalanır. Onlara ilkin seçimlə bağlı açıq sual verilib. 26 faiz keçmiş vitse-prezident Joe Bideni, 21 faiz senator Sandersi, 16% Warren-i, 7% – Buttigieg, 5% isə Bloomberg-i dəstəkləyəcəyini söyləyib.

Mərkəz yazır ki, Biden mühafizəkar və mötədil demokratlar arasında rəqiblərdən daha artıq nüfuza malikdir. Amma özünü liberal sayan, yaxud çox liberal sayılanlar arasında aydın lider yoxdur.

2016-cı ilin ilkin seçkisi zamanı olduğu kimi, demokratların baxışları irq və yaşa görə də haçalanır. Biden əsasən qaradərili demokratlar arasında üstünlük təşkil edir. Sanders-i dörd il qabaq olduğu kimi daha çox gənc demokratlar dəstəkləyir, Biden isə daha yaşlı demokratlar arasında liderdir.

XS
SM
MD
LG