Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 10:26

Ekspertlər: Türkiyə və Rusiya İdlibdə birbaşa toqquşmaya çox yaxındır


Türkiyənin səyyar zenit-raket qurğuları Suriya qvvələrini atəşə tutur
Türkiyənin səyyar zenit-raket qurğuları Suriya qvvələrini atəşə tutur

Ankara bildirir ki, Suriyanın şimal-qərbində Suriya hərbi-hava qüvvələrinin zərbələri nəticəsində Türkiyənin iki əsgəri həlak olub və beş əsgər yaralanıb.

Reuters agentliyi yazır ki, beləliklə, təkcə bu ay Türkiyənin Suriyanın İdlib qəzasında verdiyi canlı itkinin sayı 15-ə çatıb.

Türkiyə Müdafiə Nazirliyi bildirib ki, İdlibdə cavab atəşi ilə Suriyanın 50 əsgəri öldürülüb.

Türkiyə qüvvələrinə bu son hücumdan əvvəl prezident Recep Tayyip Erdoğan demişdi ki, onun ölkəsinin silahlı qüvvələrinin İdlibdə hücumu hər an baş verə bilər.

Erdoğan demişdi ki...

Hazırda Rusiya aviasiyasının dəstəyinə söykənən Assad qüvvələri İdlibdə Türkiyənin himayəsi altında olan qüvvələrin üzərinə hücumu davam etdirir.

Bu ayın əvvəllərində Suriya hökumət qoşunlarının hücumları nəticəsində 13 Türkiyə əsgəri öldürülmüşdü.

O vaxt Erdoğan demişdi ki, bundan sonra bircə Türkiyə əsgəri də öldürülərsə, Ankara Suriya qüvvələrinə ölkənin “istənilən” yerində zərbə endirəcək.

Türkiyə bildirir ki, cavab zərbələri nəticəsində Suriya tərəfi 5 tank, iki zirehli yük maşını və bir top itirib.

Bunun ardınca Türkiyənin kommunikasiyalar direktoru Fahrettin Altun deyib ki, iki Türkiyə əsgəri “Suriya rejiminin hücumu” nəticəsində həlak olub.

Türkiyə qüvvələrinin üzərinə hücuma səbəblərdən biri də İdlibdə Suriya hökumət qoşunları ilə Türkiyənin dəstəklədiyi müxalifət qüvvələri arasında toqquşmaların intensivləşməsi idi.

Türkiyə artilleriyası İdlibdəki Nayrab şəhərini ələ keçirməyə çalışan qiyamçılara dəstək verir.

Bu səbəbdən Rusiya Türkiyəni bu bölgədə silahlılara kömək etməkdə ittiham edib.

Assadın köməyinə yenə də Rusiya qırıcıları yetişir

AzadlıqRadiosunun Rus xidməti Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, fevralın 20-də Türkiyə və Rusiya silahlı qüvvələri birbaşa toqquşmaya çox yaxın olublar.

Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir ki, Suriya silahlı müxalifəti Türkiyə artilleriyasının qoruması altında Nayrab şəhəri üzərinə hücuma başlayıb.

Anti-Assad qüvvələri nəhayət Suriya qoşunlarının müdafiəsini yaranda döyüşə Rusiyanın Su-24 qırıcıları daxil olub.

Təyyarələr Suriya qoşunlarının müdafiəsini yaran dəstələrə havadan zərbə endirib.

Bu, Suriya qoşunlarına bütün hücumları dəf etmək imkanı verib.

Türkiyə ABŞ-dan Patriot raketləri istəyib?

Bu arada Bloomberg vəzifəli Ankara rəsmisinə istinadən bildirib ki, Türkiyə ABŞ-dan ölkənin cənub sərhədində iki Patriot raket batareyasının yerləşdirilməsini xahiş edib.

Türkiyənin müdafiə naziri Hulusi Akar CNN-Türk telekanalına müsahibəsində deyib:

“ABŞ keşmişdə bizə hava hücumundan müdafiə batareyaları göndərib. Eləcə bu dəfə də bizə Patriot batareyaları ilə dəstək verilə bilər”.

Müdafiə naziri bildirib ki, Türkiyə Avropa müttəfiqlərinin də buna bənzər dəstəyindən imtina etməzdi.

Bloomberg diqqəti belə bir məqama çəkir ki, Suriyada iki Türkiyə əsgərinin ölümü ilə nəticələnmiş toqquşma bu müsahibədən az sonra baş verib.

Akar CNN-Türkə müsahibəsində daha sonra deyib ki, Türkiyə İdlibdə atəşkəsin bərqərar edilməsi üçün hərbi qüvvədən istifadədə qətiyyətlidir və Rusiya Türkiyənin İdlibdəki fəaliyyətinə müdaxilə etməməlidir.

Nazir bildirib ki, “Türkiyə Rusiya ilə toqquşa niyyətində deyil”.

Türkiyənin Suriyadakı siyasəti ilə yaxından tanış olan bir rəsmi bildirib ki, əgər ABŞ-ın Patriot raketləri Türkiyənin Hatay vilayətində yerləşdirilsə, Ankara İdlibdəki Assad qüvvələrinə F-16 qırıcıları ilə zərbə endirə bilər.

“Ən pis ssenari”

Məqalənin sonunda deyilir ki, Moskvadakı Yaxın Şərq ekspertlərindən Elena Suponina İdlibdə Türkiyə və Rusiya arasında “ən pis ssenarinin” baş verməsinin mümkün olduğunu bildirib:

“Rusiya göstərdi ki, o çox sərt bir şəkildə cavab verməyə hazırdır. Türkiyədə bu siqnalı düzgün başa düşməlidirlər. Yaxşı olardı ki, Türkiyə kompromis variantlarına çalışsın”.

Digər tərəfdən Türkiyənin də asanlıqla geri çəkiləcəyi gözlənilmir. İstanbuldakı Yeditepe Universitetinin professoru, prezident Erdoğana xarici işlərdə müşavirlik edən şuranın üzvü Mesut Hakkı Casin TRT-yə deyib:

“Türkiyə boğazları və özünün hava məkanını bağlamaqla Rusiyanın Suriya rejiminə hərbi təchizatını bloklaya bilər”.

Suriyada prezident Bashar al-Assada qarşı döyüşən qüvvələrə dəstək verən Türkiyədə hazırda 3.7 milyon suriyalı qaçqın var.

Ankara bildirib ki, ölkə daha bir qaçqın axınının öhdəsindən gəlməyə bilər.

Ankara və Moskva İdlibdəki eskalasiyasının azaldılması üçün danışıqlardadır, lakin hələlik heç bir razılaşma əldə olunmayıb.

İdlibdə birgə keşik çəkməyi müzakirə edirlər

Türkiyə və Rusiya Suriyanın şimal-qərbindəki İdlib regionunda birgə patrul çəkməyin mümkünlüyünü müzakirə edirlər. “Reuters” bunu Türkiyə rəsmisinə istinadla xəbər verir. Bu arada Ankara regionda hərbi hücum təhdidlərini gücləndirib.

Prezident Recep Tayyip Erdogan dünən – fevralın 19-da deyib ki, Türkiyənin İdlibdə hərbi əməliyyata başlaması “an məsələsidir”. Moskvayla danışıqların isə uğurlu keçmədiyi bildirilirdi. Xarici işlər naziri isə bu gün deyib ki, Rusiyayla danışıqlarda istiləşmə baş versə də arzuolunan səviyyədə deyil.

Anonimlik şərtilə danışan rəsminin sözlərinə görə, İran, Türkiyə və Rusiya gələn ayın əvvəlində Tehranda bir araya gələrək İdlib daxil Suriyanı müzakirə edəcəklər. Ondan qabaq isə Rusiyanın nümayəndə heyəti əlavə danışıqlardan ötrü Ankaraya gedə bilər, həmin şəxs söyləyib.

Liderlərin də görüşmək ehtimalı var

Xarici işlər naziri Mevlut Cavusoglu isə bəyan edib ki, Rusiya və Türkiyənin nümayəndə heyətləri əlavə danışıqlar apara, gərəkərsə Türkiyə və Rusiya liderləri görüşə bilərlər.

“Hazırda tərəflərin mövqelərində ziddiyyətlərin olması həqiqətdir”, – Cavusoglu TRT dövlət televiziyasına deyib. Əlavə edib ki, nümayəndə heyətləri fikir ayrılıqlarını azalda biliblər, amma “bizim istədiyimiz səviyyəyə hələ çatmayıblar”.

Suriya rejiminin silahlı qüvvələri artıq bir neçə həftədir İdlib regionunda üsyançıların əlində olan əraziləri geri almaqdan ötrü hərbi kampaniya başladıb. Ordunun çoxsaylı cəbhələrdə sürətlə irəliləməsi 1 milyonadək adamın evini tərk edərək Türkiyə sərhədinə doğru yollanmasına səbəb olub.

Bu irəliləyiş Moskvayla Ankaranın münasibətlərini gərginləşdirib. Onlar Suriya münaqişəsində qarşı tərəfləri dəstəkləsələr də əməkdaşlıq edirdilər. Suriya və Türkiyə hərbçiləri arasında birbaşa toqquşmalar da baş verib.

Türkiyə və Rusiya son illər İdlibdə hərəkətlərini sıx koordinasiya edib. İki ölkənin əldə etdiyi atəşkəs 2019-cu ilin sonunda iflas edib, Rusiyanın dəstəyilə Suriya qüvvələri hücuma keçib.

Rusiya rəsmiləri deyirlər ki, Soçidə əldə olunmuş atəşkəs razılaşmasının iflası üçün Türkiyə məsuliyyət daşıyır, çünki Suriyadakı silahlı dəstələri idarə edə bilməyib, onlar Suriya və Rusiya hədəflərinə hücumları davam etdiriblər.

XS
SM
MD
LG