Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:50

Gulnara Karimova azadlığı üçün 686 milyon dollar təklif edir


Gulnara Karimova və fransalı aktyor Gerard Depardieu
Gulnara Karimova və fransalı aktyor Gerard Depardieu

Özbəkistanın mərhum prezidenti Islam Karimov-un həbsdə olan böyük qızı Gulnara Karimova özünə qarşı cinayət işinin bağlanması əvəzində 686 milyon dolları ölkə xəzinəsinə qaytarmağı təklif edir.

Atasının xələfi Shavkat Mirziyoev-ə yazdığı məktubu onun Londonda yaşayan qızı Iman Karimova fevralın 25-də Instagram-da yayıb. Məktubda deyilir ki, Karimova-nın səhhəti pisləşir və illərdir övladlarını görmür.

“Ailəmi və sağlamlığımı qorumaq naminə, düzgün şərtlər altında, ailəmə qalan və İsveçrədə dondurulmuş maliyyə vəsaitinə bütün iddialarıma geri götürməyə hazıram”, – yazan Karimova bunu, barəsindəki cinayət işinin bağlanması, açıq məhkəmə keçirilməməsi qarşılığında edə biləcəyini yazıb. Məktub rusca yazılıb.

Ötən ilin martından Daşkənddə həbsdə olan Karimova məktubda gileylənir ki, əvvəlki məhkəmə işləri çərçivəsində ondan və övladlarından müsadirə olunan 1,2 milyard dollarlıq əmlak və nağd pul onun fəaliyyətinin Xəzinəyə vurduğu ziyana görə kompensasiya sayılmayıb.

Yeni cinayət işi niyə açılıb

Özbəkistanın Ali Məhkəməsi yanvarın 8-də Karimova və “digərləri”nə qarşı yeni məhkəmə başlandığını açıqlayıb.

Baş Prokurorluq ötən ilin avqustunda bildirmişdi ki, Karimova-ya yeni cinayət işi onun iki sement zavodunda dövlətə məxsus səhmləri qanunsuz olaraq satın alması və sonradan xarici biznesmenlərə satması iddiaları ilə əlaqədardır.

Vaxtilə atasının mümkün varisi sayılan 47 yaşlı Karimova-nın adı İsveç və İsveçrədə çirkli pulyuma təhqiqatlarında da çəkilir.

O, hələ atası sağ ikən, 2014-cü ildə Daşkənddə ev dustağı edilib. Karimov 2016-cı ildə dünyasını dəyişib və Shavkat Mirziyoev tezliklə onun yerinə keçib.

Karimova 2017-ci ilin dekabrında 10 illik həbsə məhkum edilsə də, bir neçə aydan sonra cəzası ev dustaqlığına dəyişdirilib və 5 ilə salınıb.

Ötən ilin martında onun ev dustaqlığının şərtlərini pozması iddia olunaraq yenidən həbsə göndərilib.

Martda ABŞ-ın Ədliyyə Departamenti Karimova-nın beynəlxalq rüşvətxorluq sxemində iştirak etdiyini bildirib, onu ABŞ-ın xarici korrupsiya qanunlarını pozmağa çalışmaqda ittiham edib.

XS
SM
MD
LG