Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:38

‘DTK podpolkovniki’ Erdoğanı ələ almaq istəsə də...


8 yanvar, İstanbul. İdlib bombardmanından 1 ay əvvəl
8 yanvar, İstanbul. İdlib bombardmanından 1 ay əvvəl

“Kremlin, Türkiyənin ipə-sapa yatmayan prezidenti Recep Tayyip Erdoğanı Qərbdən aralamaq, NATO-nu zəif salmaq, cənub-qərb istiqamətində strateji nizamı dəyişmək və Qara dənizi təklükəsizləşdirmək kimi arzusu vardı. SSRİ DTK-sının keçmiş podpolkovniki Vladimir Putin lap gəncliyində olduğu kimi Türkiyə liderinin ələ alınması ilə özü məşğul idi”.

Rusiyada populyar müxalifətyönlü “Novaya qazeta” qəzetinin Rusiya-Türkiyə münasibətlərinə həsr olunmuş məqaləsi belə başlanır.

Qəzet yazır ki, bu işə Soçi Olimpiadasına xərcləndiyindən daha böyük məbləğlər sərf olunub: Akkuyu atom-elektrik stansiyasının tikintisi, MaviAxın və TürkAxını qaz kəmərlərinin çəkilişi:

“Bütün bu layihələrə Türkiyə bir qəpik də pul qoymayıb, amma pay alıb. Bu layihələr çətin ki, bir vaxt xərcini ödəsin və ya layihə gücünə çatdırılsın”.

Məqalədə deyilir ki, hələ üstəlik S-400 zenit-raket kompleksləri də Erdoğana kreditlə verilib. Bu kreditin nə vaxtsa qaytarılacağı da bəlli deyil.

Kremlin batan pulları

Bu da qeyd olunur ki, Putin “şıltaq türkün” nazı ilə oynayıb, Su-24M qırıcısının vurulmasını ona bağışlayıb.

Müəllifin fikrincə, bütün bu milyardlarla xərclər bircə günün içində, fevralın 27-də Türkiyə ordusu əsgərlərinin konvoyuna hava zərbəsi endirilməsi ilə batıb. 33 əsgər həlak olub, daha 32 nəfər yaralanıb.

Türkiyə cəmiyyətində əsl hiddət dalğası qalxıb, halbuki dünənə qədər burada Rusiyanı az qala müttəfiq hesab edirdilər.

Məqalədə qeyd olunur ki, Türkiyə əsgərlərini vuran Su-24M təyyarəsinin qanadlarında hansı ölkənin nişanlarının olması indi türkləri maraqlandırmır. Həm də ona görə ki, Suriya təyyarələrinin sükanı arxasında Rusiya pilotları da ola bilərdilər.

Müəllif yazır ki, Türkiyə seçkiləri kifayət qədər rəqabətlidir və hakim partiyanın parlamentdəki mandatlarının sayı yarıdan bir qədər azdır, lakin:

“Erdoğan əlbəttə, avtoritar liderdir, amma o da ictimai rəydən asılıdır. Nəticədə Türkiyədə hələ uzun müddət istənilən siyasətçi və ya istənilən hakimiyyət oturuşmuş anti-Rusiya əhval-ruhiyyəsi ilə hesablaşmağa məcburdur. Lap bugün Polşada, Gürcüstanda, Ukrayna və Baltikyanı ölkələrdə olduğu kimi...”

Idlibdə 2 Suriya təyyarəsi vuruldu-Erdogan Moskvaya gedir
Gözlə

No media source currently available

0:00 0:02:34 0:00

Rəsmi və həyasız yalanlar

Məqalədə deyilir ki, “Rusiyanın həmişəki rəsmi-mənasız, həyasız-xırdaçı yalanları vəziyyəti daha da qəlizləşdirir”.

Rusiya Müdafiə Nazirliyi iddia edir ki, Türkiyə hərbçiləri terrorçuların mövqelərində idilər və bu barədə tərəflərin barışdırılması mərkəzinə heç bir məlumat verilməmişdi.

Türkiyənin müdafiə naziri Hulusi Akar isə, əksinə bildirib ki, Ankara koordinatları vermişdi və hərbçilər bombardman ediləndə yaxınlıqda heç bir Suriya müxalifətçi qrupu yox idi.

Müəllif Moskvanın rəsmi izahatlarına inanmır və yazır ki, sözü gedən barışıq mərkəzi Rusiyanın ixtiyarında olan Hmeymim bazasında yerləşir və bu mərkəzin xəbəri olmadan İdlibə bircə bomba da atılmır:

“Belə görünür ki, Türkiyə hərbçilərinin karvanına zərbə, çoxdandır ki, Rusiyanı Türkiyə ilə birbaşa qarşıdurmaya dartmaq istəyən Bashar al-Assad rejiminin təxribatıdır. Bəlkə burada Rusiya rəsmilərinin və komanda strukturlarının da iştirakı olub. Korrupsiya maraqlarının olması da istisna edilməməlidir”.

Qəzet yazır ki, Putin Moskvada Təhlükəsizlik Şurasının üzvləri ilə 27 fevral hadisəsini müzakirə edib.

Putin Türkiyə əsgərləri vurulanadək İdlibə dair sammitin keçirilməsinə can atmırdı, amma indi Erdoğanı martın 5-də və ya 6-da qəbul etməyə razılıq verib.

Müəllifin fikrincə, görünür Putin Erdoğana qoyduğu investisiyalardan heç olmasa nəyisə xilas etməyə çalışır.

Suriya ordusu dağılır

Məqalədə daha sonra deyilir:

“Amma problem bundadır ki, Assadın silahlı qüvvələri İdlibdə Türkiyənin atəşləri altında dağılmağa başlayıb. Türklərin orduda cəmi 1500 ağır uzaqvuran topu var. Bunların arasında Cənubi Koreya və Almaniya ilə müştərək istehsal olunan T-155 Fırtına topları da var. Bu toplar 40 kilometr məsafəni vurur, yaxşı sərrastlığı var. İdlibə bu toplardan bir xeyli gətiriblər. Bundan başqa Türkiyə qüvvələrinin Amerika istehsallı və ya Çin lisenziyalı, o cümlədən 900 kilometri vuran raketləri var”.

Müəllif yazır ki, fevralın 27-dən sonra Türkiyə Suriya ordusuna zərbələrini intensivləşdirib. Bu da qeyd olunur ki, artilleriya mərmiləri və raketlər Türkiyə ərazisindən atılır və deməli onları cavab atəşi ilə vurmaq mümkün deyil.

“Novaya qazeta” yazır ki, Türkiyə bombardmanları nəticəsində Suriya ordusunun əsgərləri çox vaxt hərbi texnika və silahlarını qoyub qaçmağa üz tuturlar.

XS
SM
MD
LG