Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 02:29

Navalny RT rəhbəri Simonyan və onun əri barədə video hazırlayıb


Tigran Keosayan (solda) və Margarita Simonyan
Tigran Keosayan (solda) və Margarita Simonyan

AzadlıqRadiosunun Rus xidməti yazır ki, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalny adətən özünün ifşaedici videolarını onlar internetə çıxanadək məxfi saxlaya bilir.

Amma necə olubsa, onun dövlət tərəfindən maliyyələşdirilən RT (Russia Today) telekanalının rəhbəri Margarita Simonyan və onun rejissor əri Tigran Keosayan haqqında hazırladığı “Parazitlər” filmindən “əsərin qəhrəmanları” daha tez xəbər tutublar.

Xanım Simonyan hələ martın 5-də Telegramda Aleksey Navalny-ya mesaj da yazıb.

O bu mesajla Navalny-nı öz ofisinə dəvət edir:

“Aleksey, nəhayət özünüz bizə gəlin! Sizin üçün ekskursiya təşkil edərik, milyardları saxladığımız otağı göstərərik, sizi ştatımızda olan ayı ilə tanış edərik. Sizi də yedizdirərik”.

Beləliklə, Navalny-nın budəfəki araşdırması Kremldən maliyyələşən RT-nin başçısı Margarita Simonyan və onun əri Tigran Keosayanın NTV telekanalında efirə çıxan “Mejdunarodnaya pilorama” verilişi barədədir.

Videoda Navalny bildirir ki, “bu bayağı, şit proqramda” Keosoyan Vladimir Putinin özünə rəqib saydığı ölkələri və dövlət başçılarını, siyasətçiləri lağa qoyur, onları təhqir etməkdən belə çəkinmir.

Müxalifətçi bunu da qeyd edir ki, Keosayanın özünün aparıcılıq etdiyi bu proqram təhqiramizliyi ilə dövlətdən maliyyələşən bütün Rusiya telekanallarının siyasi şoularını kölgədə qoyub.

Aparıcı proqram boyunca küçə söyüşlərindən istifadə edir və Putini bir qayda olaraq “Rəis” adlandırır.

Prezident Vladimir Putin (solda) və Margarita Simonyan
Prezident Vladimir Putin (solda) və Margarita Simonyan

Navalny bu barədə deyir:

“Əlbəttə, bütün bunları oxumaq və tamaşa etmək olardı. Amma qısaca izahat verək: NTV bu dəyərsiz və aşağı səviyyəli şouya çox böyük pullar ödəyir. Simonyan-Keosayan ailə cütünə nəyə görəsə bir qayda olaraq dövlətlə bağlı reklamverənlərdən, başqa böyük pullar da gəlir. Bu pullar elə bu cütlüyə məxsus olan reklam agentlikləri vasitəsilə dövriyyə olunur. Nəhayət, Simonyan bunu afişaya çevirməsə də, o sözü gedən layihənin də bədii rəhbəridir və onun oradan aldığı pul hətta ərinin də maaşından çoxdur”.

Aleksey Navalny-nın son videosu sosial mediada geniş əks-sədaya səbəb olub.

Denis adlı istifadəçi fondun çəkdiyi filmi bəyəndiyini bildirir. O yazır ki, “Parazitlər” adlı bu filmə “üç Oscar mükafatı” düşür.

“Saratov sakini” adlı istifadəçi isə bildirir ki, onun üçün bu utanmaz zarafatların Keosayan yox, Simonyanın özü tərəfindən yazılması təəccüblü olub:

“Keosayan ləyaqətli bir ailədən çıxıb. Əvvəllər liberal olub. Görünür, pul hərisliyi onun gözlərini örtüb”.

Roman Dobrokhotov yazır ki, Margarita Simonyanın başçılıq etdiyi bu proqramın vergiödəyənlərdən “pul qırxması” onun üçün təəccüblü olmayıb.

İstifadəçi Vadim Chayukov qeyd edir ki, Navalny-nın filmindən pulların şəxsi hesablara necə çıxarıldığını öyrənib. İstifadəçi yazır ki, Mishustin-in “ağıllı vergi sitemi” isə bu sxemdə şübhəli heç nə görmür.

Başqa bir istifadəçi isə yazır ki, ömründə belə abırsız və iyrənc heç nə görməyib:

Tyurban Bazarova adlı istifadəçi yazır:

“Keosayanın bu proqramı heç vaxt təmizlənməyəcək bir rüsvayçılıqdır və ən aşağı səviyyəli televiziya rəzaləti kimi həmişləlik tarixdə qalacaq”.

Margarita Simonyan ailəsi haqqında bu filmlə bağlı Rusiyanın müstəqil Snob saytına şərh verib:

“Mən bu nəhəng teleməhsulun təkcə əsas ssenari müəllifi deyiləm. Mən bu barədə həmişə fəxrlə demişəm. Yüz dəfə. Proqramın büdcəsi haqqında heç nə deyə bilmərəm. Mənə qonorarımı ödəyirlər. Mən bu puldan razıyam. Yeri gəlmişkən, bu, federal telekanallar üçün mənim iştirakımla hazırlanan yeganə məhsul deyil. Bu mənim təmiz gəlirimdir və bu puldan vergi ödənir”.

İlya Barabanov adlı Twitter istifadəçisi artıq Simonyanın Snob nəşrinə verdiyi şərh barədə yazıb:

“Əvvəllər nəyə görəsə düşünürdüm ki, bu gündəyməzlər və gey Macron barədə proqramda səslənənləri onun əri Tigran Keosayan yazır. Amma, sən demə bu, uğursuz rejissorun gizli homofobiyası yox, incə Adler (Simonyan bu şəhərin yerləşdiyi Krasnodar diyarında doğulub - red)yumorudur”.

İstifadəçi Ilya Yashin isə yazır:

“Bir şeyi başa düşmürəm: Putin niyə pulu Simonyana elə-belə vermir? Nəyə görə bu sövdələşmənin içində Keosayanın TV vasitəsilə vətəndaşların başına tökdüyü gicbəsər yumoru olmalıdır?”

Fyodor Krashennikov isə yazır ki, onun eşitdiyinə görə Pilorama “babanın” (Putinin) sevimli proqramıdır və xüsusi olaraq onun əhvalı və zövqünə görə hazırlanır:

“Bu səbəbdən də müəlliflər üçün hər şey yağ kimidir və pul ciblərinə çay kimi axır”.

XS
SM
MD
LG