Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 00:13

Koronavirusa görə 2 trilyon dollarlıq paket razılaşdırılır


San Dieqo, Kaliforniya
San Dieqo, Kaliforniya

Koronavirus pandemiyası ilə mübarizədə ABŞ iqtisadiyyatına və səhiyyə sektoruna tarixi 2 trilyon dollarlıq yardım paketi üzrə razılaşma əldə olunub.

Ötən həftəsonu bu sənəd qəbul olunmamışdı. “Reuters” xəbər verir ki, martın 25-də səhər ABŞ senatorları Ağ evlə iqtisadi stimul paketinin şərtləri ilə bağlı razılığa gəliblər.

“Razılaşma əldə etdik”, – Ağ ev rəsmisi Eric Ueland reportyorlara deyib.

“Bloomberg” razılaşmanın gecə saat 1-də əldə olunduğunu, martın 25-də tezdən Senatda səsvermə keçirilə biləcəyini yazıb.

Respublikaçılar Senatda 53-47 səs çoxluğuna malikdirlər, amma qanunvericiliyin qəbulu üçün 60 səs lazımdı. Yəni, azı 7 demokrat da ona səs verməlidir.

Senatda keçəndən sonra paket demokratların nəzarətində olan Nümayəndələr Palatasında da təsdiqlənməlidir. Spiker Nancy Pelosi bunun tez baş verəcəyini söyləyib.

500 milyard dollar necə ayrılacaq

Prezident Donald Trump konqresmenləri qanunvericiliyi tezliklə qəbul etməyə səsləyib, onu imzalayacağını deyib.

“Bu nə qədər uzun çəkərsə, iqtisadiyyatımıza start vermək daha çətin olacaq. İşçilərimizə ziyan dəyəcək!” – Prezident martın 24-də Twitter-də yazıb.

Demokratlar respublikaçıların hazırladığı sənədə qarşı çıxırdılar, deyirdilər ki, bu sənəd korporasiyaların durumunu işçi və ailələrdən üstün tutur. Onlar həm də deyirdilər ki, maliyyə yardımı istəyən şirkətlər üçün nəzərdə tutulan 500 milyard dolların necə ayrılacağında şəffaflıq yoxdur.

Yekun razılaşmanın detalları, hər hansı kompromisin əldə olunub-olunmaması açıqlanmalıdır. Konqresmenlərin müzakirə etdiyi 2 trilyon dollarlıq iqtisadi xilas paketində amerikalıların çoxuna birbaşa ödənişlər, işsizlərin müavinətlərinin artırılması, kiçik bizneslər üçün 350 milyard dollar nəzərdə tutulurdu ki, koronavirusa görə evdə qalmağa məcbur olan işçilərinə maaş verə bilsinlər.

Xəstə axını ilə üzləşən xəstəxanalar üçün 200 milyard dollar nəzərdə tutulub.

Johns Hopkins Universitetinin məlumatına görə, Birləşmiş Ştatlarda koronavirusa 55 min 222 nəfər yoluxub, 797 nəfər vəfat edib.

Martın 24-də səhər ABŞ səhm bazarlarında stimul paketinin qəbul olunacağı gözləntilərindən dolayı artım qeydə alınıb.

XS
SM
MD
LG