Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 22:33

Koronavirus kimi epidemiyalardan söz açan köhnə filmlər


"Yoluxma" filmindən kadr
"Yoluxma" filmindən kadr

CNN yazır ki, koronavirusun dünyanı lərzəyə gətirdiyi bu günlərdə 2011-ci ildə çəkilmiş "Contagion" (Yoluxma) filmi iTunes-un prokat çartlarında yuxarı qalxmaqdadır.

Filmdə təsvir olunan pandemiya bu gün yaşadıqlarımızı xatırladır. İnsanların bu filmə məhz indi baxmaq istəməsi, onların bəzən reallığı anlamaq üçün bədii əsərlərə müraciət etməsi çox maraqlıdır.

Məqalədə deyilir ki, “Contagion” bu kimi epidemiya və pandemiya hallarını təsvir edən yeganə film deyil. Bu mövzu elmi fantastika filmlərinin yaradıcıları arasında populyardır. Bildiyimiz kimi, bu insanlar daim elmi faktlar barədə məlumatlı olurlar.

"The Omega Man," "World War Z" və "Pandemic" kimi filmlərdə hadisələr fantastik istiqamətdə cərəyan edir və zombiyəbənzər məxluqlar ordusunun yaranması ilə nəticələnir.

“Epidemiya”

Reallığa bir qədər yaxın ssenarilərdə isə bəşəriyyət öldürücü mikrobların hücumuna məruz qalır.

1971-ci ildə çəkilmiş "The Andromeda Strain" (Andromeda ştammı) bu tendensiyanın ilk nümunələrindəndir. Film öz əsərlərində dönə-dönə elmi və texnoloji yeniliklərin bəşəriyyət qarşısına çıxardığı təhlükəli sınaqlara qayıdan yazıçı Michael Crichton-un ssenarisi əsasında çəkilib. "Westworld" və "Jurassic Park" (Yura parkı) kimi filmlərin ssenarilərini də o yazıb.

1995-ci ildə çəkilmiş "12 Monkeys" (“12 meymun”) filmində bəşəriyyəti yer üzündən silməyə qadir qorxunc bir xəstəliyi önləmək üçün zaman səyahətinə çıxılır. Eyni ildə çəkilmiş "Outbreak" (“Epidemiya”) filmində isə təhlükəli virus gizli şəkildə Afrikadan ABŞ-a gətirilir, Dustin Hoffmanın başçılıq etdiyi həkim komandası isə infeksiyanın sürətlə yayıldığı şəhəri xilas etməyə çalışır.

2002-ci ildə ekranlara çıxmış “Cabin Fever” (Qızdırma) filmində universiteti yenicə bitirmiş bir qrup gənc kempinqə gedir və burada insanın toxumalarını yeyən virusa yoluxur. 2016-cı ildə filmin yeni versiyası çəkilib.

Juan Carlos Fesnadillonun 2003-cü ildə çəkdiyi “28 Days Later” (“28 gün sonra”) fantastik filmi də virus pandemiyası haqdadır. İnsanları yoluxduran virus onları daimi bədheybətə çevirir. 2007-ci ildə sekvelin növbəti filmi, “28 Weeks Later” (28 həftə sonra) filmi çəkilib.

Ötən il National Geographic televiziya şəbəkəsi "The Hot Zone" (“Qaynar zona”) adlı film nümayiş etdirib. Film 1989-cu ildə Ebola virusunun ilk dəfə meydana gəlməsi, alimlərin virusun Vaşinqton şəhəri ətrafında bir qrup meymun tərəfindən yayılması ehtimalına reaksiyası haqdadır.

“Yoluxma”

"Contagion" filmi hazırda üzləşdiyimiz təhlükə ilə daha çox səsləşir. Gwyneth Paltrow-nun oynadığı qadın qəhrəman Honq Konqdan Minnesotaya qayıdan zaman artıq virusa yoluxmuş olur. O, cəmi bir neçə günün içində ölür. Şok içində olan əri (Matt Damon), onun ardınca da digər insanlarda simptomlar görünməyə başlayır. Epidemiya dünyanın müxtəlif yerlərinə yayılır.

Steven Soderbergh-in Scott Z. Burns-ün ssenarisi əsasında çəkdiyi bu film baş verə biləcək ən pis ssenarini nümayiş etdirir. Şayiə və panika yayılmağa başlayır. Karantin, qarətlər və hava boş hava limanlarının görüntüsü tamaşaçını vahiməyə salır.

Filmdə virusun qurbanları da var, vaksin tapmaq üçün əlindən gələni edənlər də. Filmin fokusu tez-tez bir qəhrəmandan o birinə keçir. Ümumilikdə isə hər şey bir yanlış siyasi addımdan başlayıb və nəticələri domino effekti kimi dünyanın bir-biri ilə sıx bağlı olan hər yerinə yayılıb.

Filmin məsləhətçisi” “Gələn taun” (The Coming Plague) kitabının müəllifi Laurie Garrett CNN-ə deyib ki, filmin ssenarisi “yarı fantastika, yarı reallıqdır və tamamilə mümkündür”.

XS
SM
MD
LG