Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 17:03

Hesabat: Moskva koronavirusdan antiqərb təbliğatı üçün istifadə edir


Rusiya və Çin koronavirus epidemiyası ətrafında ictimai sağlamlıq üçün “ziyanlı nəticələri” ola biləcək dezinformasiya kampaniyası aparmaqda davam edirlər.

Bu barədə məlumatı Avropa İttifaqının xarici siyasət qurumu verib.

Aprelin 1-də dərc edilmiş bu sənəd Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin Strateji Kommunikasiyalar və İnformasiya Təhlili departamenti tərəfindən hazırlanıb.

Sənəddə deyilir ki, “həm dövlət, həm də dövlət tərəfindən dəstəklənən elementlər çox vaxt da Avropa İttifaqına və onun partnyorlarına olan etimada birbaşa meydan oxumaqla ictimai sağlamlıq böhranından geosiyasi maraqların yürüdülməsi üçün fürsətlənməyə çalışırlar”.

Bu da qeyd olunur ki, bu kampaniya effektiv böhran kommunikasiyasına və ictimai sağlamlığa təhlükə təşkil edir.

Yenə də RT və Sputnik

Hesabatda deyilir ki, koronavirus epidemiyasının Avropa İttifaqının dağılmasına səbəb olacağı barədə iddialar sosial mediada dövr etdirilir.

Bu xüsusilə qeyd edilir ki, Rusiya hökuməti tərəfindən maliyyələşdirilən RT telekanalı və Sputnik xəbər agentliyinin COVID-19-la bağlı materiallara, habelə “virusun insan tərəfindən düzəldildiyini iddia edən qəsd nəzəriyyələrinə dair bilərəkdən yayılan məqalələrə sosial mediada maraq yaradılır.

Vladimir Putin və RT telekanalının baş redaktoru Margarita Simonyan
Vladimir Putin və RT telekanalının baş redaktoru Margarita Simonyan

Bu sənəddən əvvəl, Avropa İttifaqı Xarici Fəaliyyət Xidmətinin ötən ay yaydığı hesabatda deyilirdi ki, Kremlə bağlı media qurumları Qərb ölkələrindəki ictimai səhiyyə böhranını dərinləşdirmək məqsədilə koronavirus barədə dezinformasiyalar yayır.

Hesabatda bu da deyilir ki, Avropa İttifaqının EUvsDisinfo adlı xəbər gözətçisi yanvar ayının 22-dən bəri Kremlin yaydığı 150 dezinformasiya faktını aşkar edib.

Belə bir fikir yaratmağa çalışırlar ki...

Kremlə bağlı media qurumları belə bir təəssürat yaratmağa çalışırlar ki, Qərbin demokratik təsisatları koronavirus böhranının öhdəsindən səmərəli şəkildə gələ bilmir.

Hesabatda deyilir ki, bununla yanaşı Kremlə bağlı medialar rusiyadaxili istehlak üçün verilən materiallarda böhrana Moskvanın daha yaxşı hazır olduğuna dair fikri təlqin edirlər.

Bu da bildirilir ki, sosial mediada Dünya Səhiyyə Təşkilatının rəsmi təlimatlarına zidd olan saxta sağlamlıq məsləhətləri tüğyan edir.

Məsələn almandilli Sputnik Deutschland özünün Facebook və Twitter səhifələrində “əllərin yuyulmasının zəruri olmadığına” dair iddiaları yerləşdirir.

Çində dövlət mediası bəzi Avropa liderlərinin Pekinin yardımlarına təşəkkür bildirməsini təbliğ edir, habelə virusun mənşəyi barədə dezinformasiyalar yayır.

Qərbi Balkanlarda qəsd nəzəriyyələrinə dair uydurmalar sosial mediada geniş dövr etdirilir. Bu nəzəriyyələrə görə ABŞ-da bioloji silah kimi hazırlanmış bu virus xarici müdaxilə üçün bəhanə rolunu oynayır.

Çin və Rusiya Avropa İttifaqının bu böhran zamanı Qərbi Balkanlara guya arxa çevirməsinə dair uydurma xəbərlər yayırlar.

XS
SM
MD
LG