Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 11:36

Bu il Azərbaycan iqtisadiyyatının 2.2 faiz geriləyəcəyi gözlənilir


Beynəlxalq Valyuta Fondu
Beynəlxalq Valyuta Fondu

BVF: 2020 – ‘Böyük böhrandan’ bəri dünya iqtisadiyyatının ən pis ili olacaq

Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozuna görə dünyanın bir çox yerlərində koronavirus epidemiyasının yayılması və karantinlə əlaqədar qlobal iqtisadiyyat 1930-cu illərdə baş vermiş Böyük böhrandan bəri özünün ən pis ilini yaşayacaq.

Təşkilatın iki ildən bir açıqlanan Dünya İqtisadiyyatına Baxış hesabatında deyilir ki, qlobal iqtisadiyyat bu il 3.1 faiz geriləməyə məruz qalacaq və yalnız 2021-ci ildə 5.8 faiz artım səviyyəsinə qayıdacaq.

BVF-in baş iqtisadçısı Gita Gopinath bildirir ki, bu, Böyük böhrandan və 2009-cu ilin maliyyəböhranından daha dərin resessiya deməkdir.

Bu, BVF-in pandemiyaya qədər verdiyi proqnoz göstəricidən isə 6 faiz azdır.

Həmin proqnoza görə qlobal iqtisadiyyat bu il 3.3 faiz artım əldə etməliydi.

Daha da pis ola bilər

BVF-in hesabatında deyilir ki, əgər hazırkı karantinlər və dayanmalar bir neçə rüb də davam edərsə, bu ilin və gələn ilin göstəriciləri daha pis ola bilər.

Şəhərlərin bağlanması, iqtisadi fəaliyyətin dayanması, sosial məsafə saxlanması və səfər məhdudiyyətləri dünya iqtisadiyyatını durğunluğa salıb, ticarət prosesini pozub və milyonlarla insanı işsiz qoyub.

BVF-in hesabatına görə bu il dünyada ticarət 11 faiz tənəzzül edəcək və yalnız 2021-ci ildə 8.4 faiz artıma nail olmaq mümkün olacaq.

Gopinath dünyanın indiki iqtisadi bağlanışının “tarixdə misilsiz hadisə” olduğunu deyib.

ABŞ və Avropa

BVF-in proqnozunda deyilir ki, ABŞ iqtisadiyyatı bu il 5.9 faiz geriləyəcək. Eyni zamanda avrozonaya daxil 19 ölkədə iqtisadi geriləmənin 7.5 faiz olacağı gözlənilir.

Rusiya

Rusiyada da iqtisadiyyatın 5.5 faiz geriləməyə düçar olacağı bildirilir, halbuki bu ölkə 2020-ci ildə 1.3 faiz artıma sahiblənməliydi.

Rusiya iqtisadiyyatının gerilməsinin epidemiyadan başqa digər səbəbi isə neft və xammal qiymətlərinin düşməsidir.

Bu da təxmin edilir ki, bundan sonra vəziyyətin yaxşılaşacağı təqdirdə Rusiya yalnız 2021-ci ildə 3.5 faiz iqtisadi artıma nail ola biləcək.

Belarus, Ukrayna

Ötən il 1.2 faiz iqtisadi artıma malik Belarusda isə bu il 6 faiz geriləmə yaşanacaq.

Ukrayna 2014-2015-ci illərdən bəri 16 faiz geriləmədən sonra son illərdə cüzi artıma nail olmuşdu, lakin 2020-ci ildə ölkə iqtisadiyyatının 7.7 faiz geriləmə yaşayacağı gözlənilir.

Cənub-şərqi Avropa ölkələrində isə 3 faizdən 9 faizədək geriləmə baş verəcək. Bu regiona əsasən Balkan ölkələri daxildir.

Yaxın Şərq və Mərkəzi Asiya

BVF-in təxminlərinə görə, Yaxın Şərq və Mərkəzi Asiyada ötənilki 1.2 faizlik artıma rəğmən bu il 2.8 faiz geriləmənin baş verəcəyi gözlənilir. Lakin 2021-ci ildə bu regionda 4 faizədək iqtisadi artım yaşana bilər.

İranda koronavirus epidemiyasından əvvəl də sanksiyalar şəklində əngəllər mövcud idi. BVF-in hesablamasına görə 2020-ci ildə İran iqtisadiyyatı artıq ikinci ildir ki, geriləməyə məruz qalacaq.

İran iqtisadiyyatında 2018 və 2019-cu illərdə müvafiq olaraq 3.6 və 7.6 faiz tənəzzül qeydə alınmışdı. Builki geriləmənin 6 faiz olacağı gözlənilir.

Özbəkistan, Türkmənistan və Tacikistanda artım

Maraqlıdır ki, Mərkəzi Asiyada Özbəkistan, Türkmənistan və Tacikistanda bu il hətta 1 və 1.8 faiz arasında artım gözlənilir.

Amma elə həmin bölgədəki Qazaxıstanda iqtisadiyyat 2.5, Qırğızıstanda isə 4 faiz geriləməyə məruz qalacaq. Halbuki bu ölkələrin iqtisadiyyatları ötən il 4.5 faiz artıma malik idi.

Azərbaycan, Gürcüstan və Ermənistan

BVF-in proqnozuna görə Cənubi Qafqazda Ermənistan iqtisadiyytaı 2019-cu ilin sıçrayışlı 7.6 faizlik artımından sonra 1.5 faiz geriləməyə məruz qalcaq.

Hesabatda deyilir ki, ötən il 2.3 faiz artım yaşayan Azərbaycan iqtisadiyyatında bu il 2.2 faiz geriləmə baş verəcək.

Son beş ildə iqtisadiyyatında 5 faizlik artım qeydə alınan Gürcüstanda isə 2020-ci ildə 4 faiz geriləmənin baş verəcəyi gözlənilir.

XS
SM
MD
LG