Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 01:37

Səudiyyə: Xəzinə boşalır, vergi üçqat artır


Səudiyyə Ərəbistanı koronavirus pandemiyası ilə bağlı düşən neft qiymətlərinə görə iqtisadiyyatını ayaqda saxlamaq üçün əlavə dəyər vergisini (ƏDV) üç dəfə qaldırıb.

The Business Insider yazır ki, krallıq bundan başqa həm də büdcə təşkilatlarının işçilərinə bahalaşma ilə bağlı verilən əlavə yardımı da dayandıracaq.

İqtisadiyyatı tamamilə neftdən asılı olan Səudiyyənin xəzinəsi enerji daşıyıcılarının aşağı qiymətlərinə görə sürətlə boşalır.

İki il əvvələ qədər Səudiyyə Ərəbistanında ümumiyyətlə ƏDV yox idi. 2018-ci ildə ölkədə ilk dəfə olaraq 5 fazilik ƏDV-nin tətbiqinə başlandı.

Amma indi, iyulun 1-dən əlavə dəyər vergisi birdən-birə üç dəfə artırılaraq 15 faiz olacaq.

Bahalaşma ilə əlaqədar maaşa əlavə edilən ödənişlər iyunun 1-dən dayandırılacaq.

Ağrılı, amma zəruri

Ölkənin maliyyə naziri Mohammed al-Jadaan deyib ki, “tətbiq olunan tədbirlər ağrılı olsa da, zəruridir”, çünki uzun perspektivdə misilsiz koronavirus böhranın ziyanlarının aradan qaldırılmasında əhəmiyyətli rol oynayacaq.

Belə bir dəyişikliyə səbəb birinci rübdə büdcə daxilolmalarının xərclərdən az olması olub.

Birinci rübün nəticələrinə görə Səudiyyədə büdcə kəsiri 9 milyard dollar təşkil edib.

Bu il Səudiyyənin neft gəliri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 faiz azalaraq 34 milyard dollara düşüb.

Səudiyyənin Mərkəzi Bankı hələ mart ayında ölkənin qızıl ehtiyatlarının 2011-ci ildən bəri ən aşağı həddə endiyini bildirmişdi.

Neft qiymətləri düşür

Ekspertlər bildirirlər ki, bu tədbirlər vəliəhd şahzadə Mohammed bin Salmanın “2030-a baxış” proqramını həyata keçirməsinin templərini xeyli azaldacaq.

Ötən il Səudiyyə neft nəhəngi Aramco şirkətinin səhmlərini birjaya çıxarmaqla 25.6 milyard dollar həcmində rekord gəlir götürmüşdü.

Bu, şahzadənin başlatdığı modernizasiya proqramının ilk mərhələsi idi, amma yenə də tamamilə neft qiymətlərindən asılıydı.

Bu arada neft qiymətləri mayın 11-də 2 faiz düşüb.

CNBC xəbər verir ki, bir barrel ABŞ neftinin qiyməti 2.43 faiz azalaraq 24.24 dollar olub.

Brent markasından olan neftin bir barreli isə 1.37 dollar ucuzlaşaraq 29.60 dollar civarında qərarlaşıb.

Neft qiymətinin düşməsini Səudiyyənin iyunun 1-dən etibarən hasilatı əlavə olaraq daha 1 milyon barrel azaldacağına dair bəyanatı da saxlaya bilməyib.

XS
SM
MD
LG