Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 05:41

‘Koronavirus qəbirstanlığındakı’ qəbirlər rəsmi ölüm sayından çoxdur


Qazaxıstanın Almatı şəhərində yalnız koronavirus qurbanları üçün ayrılmış qəbirstanlıqda qəbir sayının COVID-19-dan ölənlərin sayından çox olduğu barədə xəbər verilib.

AzadlıqRadiosu Qazax xidmətinin müxbirlərinin mayın 25-də sözü gedən qəbirstanlıqda çəkdiyi videoda qoruyucu geyimdə olan şəxslərin iki koronavirus qurbanını dəfn etdiyi görünür. Bu qəbirstanlıqda 32 yeni qəbir var.

Almatı şəhərinin rəsmiləri indiyədək burada yalnız 10 nəfərin koronavirusdan öldüyünü bildirmişdilər.

Almatı şəhərinin 50 kilometrliyində yerləşən Karaoy kəndindəki bu qəbirstanlıqda 13 müsəlman və 17 xristian qəbri var.

Qəbirlər baş daşı əvəzinə sadəcə olaraq taxtadan hazırlanmış xaç və ayparalarla işarələnib. Xaç və ayparaların üstündə mərhumların adları, doğum və ölüm tarixləri göstərilib. Bu tarixlərdən ölümlərin aprel və may aylarında baş verdiyi görünür. Ölənlərin əksəriyyətinin yaşı 60-dan çoxdur.

Əvvəl pnevmoniya, sonra koronavirus diaqnozu

Dəfn mərasimlərindən birinə gələnlər AzadlıqRadiosunun müxbirlərinə deyiblər ki, 73 yaşlı mərhumə qadındır və ona COVID-19 diaqnozu qoyulub. Qohumlarının sözlərinə görə qadının rəsmən koronavirusdan öldüyü qeydiyyata alınmayıb.

Almatı sakinlərindən özünü Nadezhda kimi təqdim edən qadın deyib ki, onun anası may ayının ortalarında xəstələnib.

Onun sözlərinə görə qadının analizi koronavirusa yoluxmadığını göstərib. Bu səbəbdən də ona əvvəlcə pnevmoniya diaqnozu qoyulub. Amma qadının vəziyyəti mayın 23-də pisləşdikdən sonra təcili tibb yardımı çağırılıb.

Lakin yaxınları xəstəxanaya gələndə onlara deyiblər ki, yaşlı qadın yüksək qan təzyiqindən əziyyət çəkir. Yalnız mayın 25-də, qadının dəfn olunduğu gün onun yaxınlarına ölüm səbəbinin COVID-19 olduğunu bildirən sənəd verilib.

Nadezhda-nın qardaşı Nikolay müxbirlərə ölüm şəhadətnaməsini göstərib.

Nazirliyin cavabı

Rəsmilər bu qəbirstanlığın sırf koronavirusdan ölənlər üçün ayrıldığını bildiriblər.

Məhz buna görə də AzadlıqRadiosu müxbirləri Qazaxıstan Səhiyyə Nazirliyinə müraciət ediblər.

Onlar nazirlik nümayəndəsindən COVID-19-dan ölənlərin rəsmi sayının 10 olduğu halda sözü gedən qəbirstanlıqda niyə 32 qəbirin olmasının səbəbini soruşublar.

Səhiyyə Nazirliyinin sözçüsü Timur Sultangaziev bildirib ki, ayrıca “koronavirus qəbirstanlığının” yaradılması barədə heç bir rəsmi sərəncam olmayıb. Onun sözlərinə görə regional rəsmilər “kimin harada dəfn edilməli olduğuna dair qərarı” özləri çıxarırlar.

Bu müəmmaya Almatının baş sanitar həkimi Zhandarbek Bekshin də özünün internet brifinqi zamanı aydınlıq gətirməyib.

Qazaxıstan Səhiyyə Nazirliyinin rəsmi məlumatına görə indiyədək ölkədə koronavirusa 8531 yoluxma qeydə alınıb. Bunlardan 25-nin vəfat etdiyi xəbər verilib.

XS
SM
MD
LG