Snapchat sosial şəbəkəsi dünən – iyunun 3-də bildirib ki, ABŞ Prezidenti Donald Trump-ın postları “irqi zorakılıq” qızışdırdığından onların yayılmasını dayandırır.
“Hazırda Snapchat-ın Discover platformasında prezidentin yazdıqlarının yayımını dayandırmışıq”, – Snapchat “Frans Pres” agentliyinin sorğusuna cavabında bildirib.
“Discover” gənclərə fokuslanan bu sosial şəbəkənin tövsiyə olunan kontent bölümüdür.
“İrqi zorakılıq və ədalətsizliyi qızışdıran səsləri Discover-də təbliğ etməklə onları ucaltmayacağıq”, – şəbəkə vurğulayıb.
Bundan öncə Twitter Trump-ın zorakılığı təbliğ etdiyi iddia olunan postunu görünməz edib. Rəqib Facebook isə ABŞ prezidentinin saxta, yaxud qızışdırıcı postlarını sanksiya etməkdən imtinasına görə problemlə üzləşib.
Həftəsonu Snapchat-ın təsisçi şirkəti Snap-ın rəhbəri Evan Spiegel işçilərinə göndərdiyi uzun məktubda ABŞ-da irqi ədalətsizlik və zorakılıq “irsi”ni pisləyib.
“Şər və yanlışın qarşısında susduğumuz hər dəqiqə şərə yol verənləri dəstəkləmiş oluruq”, – Spiegel yazıb.
Hesablar qalır, amma...
Minnesota ştatında qaradərili vətəndaşın polisin əlində ölməsi ölkədə etirazlara səbəb olub. Bir sıra şirkətlər buna qəzəbli reaksiya veriblər.
Spiegel deyir ki, Snapchat ABŞ-da irqi zorakılığı qızışdıran şəxslərə bağlı hesabları təbliğ etməyəcək.
Kaliforniyada yerləşən Snapchat “Discover” xidmətində istifadəçilərə kontent tövsiyə edir.
Trump-ın hesabları platformada qalır, sadəcə, daha tövsiyə olunanlar siyahısında olmayacaq.
“Əgər dərc olunan kontent bizim qaydalarımıza uyğundursa, bölücü şəxslərin Snapchat-də hesab saxlamasına icazə verə bilərik, amma bu hesabı, yaxud kontenti heç cür təbliğ etməyəcəyik”, – Spiegel məktubunda qeyd edir.
Snapchat daha çox gənc internet istifadəçiləri arasında populyardır. Bu sosial şəbəkə iddia edir ki, ABŞ-dakı “Z nəslinin” yarıya qədəri xəbərləri onun “Discover” xidmətindən oxuyur.
Twitter şirkəti mayın 29-da Trump-ın “qarət törədilərsə, atəş də açılar” ifadəsi yazılmış postuna xəbərdarlıq nişanı qoymuşdu.
Bununla da Twitter bildirmişdi ki, bu post zorakılığı tərənnüm etməklə platformanın prinsiplərini pozub.