Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 04:55

Çin ABŞ və Rusiyayla danışıqlardan imtina edir


Arxiv fotosu
Arxiv fotosu

Çin Birləşmiş Ştatlar və Rusiyayla silahlara nəzarətlə bağlı danışıqların yeni raunduna qatılmaqdan imtina edir. Vaşinqton və Moskvanın danışıqların iyunun 22-nə Vyanada keçirilməsi planlaşdırılır.

ABŞ ümidvar olduğunu bildirmişdi ki, Rusiya Çini danışıqlara qoşulmağa inandıra biləcək. Danışıqlarda üç ölkənin nüvə silahı ehtiyatlarını məhdudlaşdırması müzakirə olunmalıdır.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chunying iyunun 10-da deyib ki, Pekin danışıqlara getməməklə bağlı öncəki mövqeyini dəyişməyib.

Birləşmiş Ştatların məsuliyyətdən yayınmaqdan ötrü “Çini bu məsələ qaldırılan kimi... ona çəkdiyini hiss etmişik”, – Hua deyib.

“Həddən artıq gülünc, hətta qeyri-real səslənir”

Son illər Prezident Donald Trump bir neçə beynəlxalq razılaşmadan çıxıb, Ortamənzilli Raket Qüvvələri Sazişi, İran nüvə sazişi də bu sıradadır.

Ancaq Trump administrasiyası Yeni START (Strateji Silahların İxtisarı Sazişi) razılaşmasında ümumən maraqlı olduğunu bildirib. Bu sənəd ABŞ və Rusiya üzərində strateji nüvə raket buraxıcıları inventarlarını yarıbayarı azaltmaq öhdəliyi qoyur. Sazişin müddəti 2021-ci ilin fevralında bitir.

Vaşinqton sazişi genişləndirərək üçtərəfli etmək, Çini də daxil etmək istəyir. Çinin nüvə arsenalı Moskva və Vaşinqtonunkundan əhəmiyyətli dərəcədə azdır.

Pekində danışan Hua deyib ki, ABŞ-ın xoş niyyətlə danışıq aparmaq istədiyini iddia etməsi “həddən artıq gülünc, hətta qeyri-real səslənir”.

Rusiya da daha öncə xəbərdarlıq edib ki, ABŞ-ın Çini danışıqlara qoşmaqda təkid etməsi cəhdlərə zərbə vura bilər.

İyunun 9-da Moskva Birləşmiş Ştatları Vyana görüşündən öncə “müsbət” təkliflə çıxış etməyə çağırıb. Vyana görüşü Rusiya Xarici işlər nazirinin müavini Sergei Ryabkov və ABŞ-ın elçisi Marshall Billingslea arasında keçiriləcək.

Ryabkov Xarici Əlaqələr Şurasına videomüraciətdə deyib ki, Çini danışıqlar masasına cəlb etmək mümkün olmayacaq və onlar bu administrasiyanın nə istədiyini, müsbət nəsə etməyin necə mümkün olacağını ucadan, aydın şəkildə eşitmək istəyirlər, “sadəcə, bir silah sazişini ləğv edib digərini razılaşdırmağı deyil”.

O əlavə edib ki, ABŞ-ın müttəfiqləri olan Britaniya və Fransa, eləcə də daha kiçik arsenalları olan nüvə dövlətləri danışıqlara qoşulmalıdırlar.

Vaşinqtondakı Silahlara Nəzarət Assosiasiyasının məlumatına görə, ötən il Birləşmiş Ştatlar və Rusiyanın hərəsinin 6 mindən çox nüvə başlığı olubsa, Çində cəmi 290 başlıq olub.

Fransa 300, Britaniya 200, Hindistan, Pakistan, İsrail və Şimali Koreya isə daha kiçik nüvə arsenalına malikdir.

XS
SM
MD
LG