Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 08:39

Putini söyən jurnalisti öldürmək istəyiblər?


Giorgi Gabunia
Giorgi Gabunia

Ötən həftə Gürcüstanda həbs edilmiş Rusiya vətəndaşının bu ölkədə Rusiya prezidenti Vladimir Putini canı televiziya efirində təhqir etmiş gürcü jurnalistin qətlini planlaşdırdığı xəbər verilir.

Mtavari Arxi telekanalının direktoru Nika Gvamaria iyunun 15-də deyib ki, əslən Rusiyanın Şimali Qafqaz bölgəsindən olan 38 yaşlı Vasambek Bokov üç gün bundan əvvəl Tbilisidə həbs edilib.

Gvamarianın bəyanatından sonra Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti də adı şərti olaraq V.B. kimi göstərilən Rusiya vətəndaşının həqiqətən də həbs olunduğunu təsdiqləyib.

Onun ölkəyə saxta sənədlərlə və sifarişli qətli icra etmək üçün gəldiyi bildirilir.

Şübhələr Kadyrov-a yönəlib

Gvamaria iddia edib ki, Bokov Gürcüstana Çeçenistan lideri Ramzan Kadyrov tərəfindən Mtavari Arxi kanalının jurnalisti Giorgi Gabunianı öldürmək üçün göndərilib.

Ötən ilin iyulunda Gabunia canlı televiziya efirində Putini “iyverən işğalçı” adlandırmış, onun ünvanına “ana-ata söyüşü” səsləndirmiş və Rusiya prezidentinin qəbrini “murdarlayacağı” ilə hədələmişdi.

Gvamaria bu təhqirləri başqa telekanalda dilə gətirmişdi və elə o vaxt onun bu hərəkətini həm Gürcüstan, həm də Rusiya hökuməti pisləmişdi.

O vaxt Kadyrov Gabunianı “cəzalandıracağını” elan etmiş və demişdi ki, “indi Gabunia yeddi divar arxasında gizlənməlidir, çünki Vladimir Putinə dərin hörməti olan milyonlarla gənc ona layiq olduğunu edə bilər”.

Cəzasızlıq mühiti

Son illərdə Kadyrov-un bir neçə tənqidçisi Rusiya xaricində öldürülüb və çoxları bunun arxasında ya çeçen liderin, ya da Rusiya Federal Təhlükəsizlik Xidmətinin durduğuna inanırlar.

İnsan haqları qrupları deyirlər ki, bölgəyə 2007-ci ildən başçılıq edən Kadyrov burada repressiv tədbirlərə əl atır və təhlükəsizlik qüvvələri üçün tam bir cəzasızlıq mühiti yaradıb.

Onlar iddia edirlər ki, siyasi opponentlərə qarşı zorakılıq və təhdidlərin, adam oğurluqlarının, işgəncə və qətllərin arxasında Kadyrov və Çeçenistan hakimiyyəti dayanır.

XS
SM
MD
LG